Milli Məclisin plenar iclasında çıxış edən deputat Fazil Mustafa dedi ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı vəziyyətdən bəhs etdi. Bildirdi ki, bütün ölkə ərazisində icbari tibbi sığortaya keçid elan olunsa da, yüz minlərlə vətəndaşı narahat edən məsələlər var.
F.Mustafa qeyd etdi ki, bu günlərdə deputat həmkarı Qüdrət Həsənquliyevlə birgə koronavirusla əlaqədar antitellərlə bağlı müayinə üçün müraciət edərkən onlardan ödəniş istənilib. “Adama 45 manat ödəyərək bu müayinəni gerçəkləşdirdik. Orda dedik ki, axı, biz yanvar ayından əmək haqqımızdan 2 faiz icbari tibbi sığortaya köçürürük. Həmçinin Milli Məclis də 2 faiz vəsait köçürür. Söhbət bizdən getmir, 100 minlərlə vətəndaşın məsələsi açıq qalır”, - deyə, deputat narazılığını çatdırdı. Daha sonra isə F.Mustafa qeyd etdi ki, “əgər bizdə hazırlıq yetərli deyilsə, onda vaxtı uzadaq, icbari tibbi sığortaya keçid 2022-ci ilə qalsın”.
F.Mustafa əlavə etdi ki, vətəndaşın həkimi seçmək hüququ da olmalıdır. “Vətəndaşları bu formada çaşqın vəziyyətə salmaq gərginliyə səbəb ola bilər. Əgər qərar qəbul olunubsa, artıq heç bir bəhanə gətirmək olmaz”,- deputat bildirdi.
