Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputatlar şəhid adlarının əbədiləşdirilməsi məsələsilə bağlı problemlərə diqqət çəkdilər.
Deputat Əli Məsimli çıxışında bildirdi ki, qanunvericilikdə şəhid adının əbədiləşdirilməsi ilə bağlı tələblərə yenidən baxılmalıdır. “Şəhid ailələrini ən çox narahat edən məsələ övladının adının əbədiləşdirilməsi ilə bağlıdır. Elə kənd var ki, onun sadəcə bir şəhidi var. Ancaq həmin şəhidin adı nə məktəbə, nə də küçələrə verilə bilir. Çünki qanunvericilikdə qoyulan tələblərlə bunu etmək olmur”, - Ə.Məsimli bildirdi.
Deputat Bəhruz Məhərrəmov da çıxışında şəhidlərin adlarının əbədiləşdirilməsi məsələsində mövcud olan çətinliklərdən bəhs etdi. Bildirdi ki, şəhidlərin adları onların yaşadığı ünvanlara verilərsə, bu, şəhid ailələri üçün təskinlik olar.
