|
Putinin çoxdan gözlənilən çıxışına ilginc reaksiyalar

Bəzi ekspertlər sentyabrdakı parlament seçkilərini nəzərdə tutaraq çıxışı “prezidentin xalqın kasıb hissəsinə rüşvət paylaması” kimi qiymətləndirirlər....

Rusiya prezidenti Vladimir Putin Federal Məclisə növbəti müraciət gözləntiləri doğrultmadı. Gözləntilərin əksinə olaraq, Putinin Federal Məclisə illik müraciətində nə Ukraynanın şərqini Rusiyanın tərkib hissəsi kimi tanıdı, nə hakimiyyətin dinc yolla tranformasiyasını açıqladı, nə Belarusla ittifaq dövlətinin yaradılacağı tarixi dəqiqləşdirdi. Çıxışın əsas hissəsi ölkədəki sosial vəziyyətə həsr olundu, sosial ödənişlər, uşaq pulları və regionların dotasiyası ilə bağlı qərarlar elan olundu. Bu baxımdan bəzi müstəqil ekspertlər sentyabrdakı parlament seçkilərini nəzərdə tutaraq çıxışı “prezidentin xalqın kasıb hissəsinə rüşvət paylaması” kimi qiymətləndirirlər....

YAP-çı deputat, politoloq Elman Nəsirov çıxışı bu cür dəyərləndirdi: “Putinin Federal Məclisə müraciəti təkcə Rusiya mətbuatında deyil, dünya mətbuatında da çox ciddi müzakirələrə çevrilib. Nəzərə alaq ki, bunun üçün çox ciddi əsaslar var. Hazırkı Rusiya-ABŞ münasibətlərini ”soyuq müharibə" illərinin münasibətlərinə bənzədirlər. Belə yanaşmalar var ki, “soyuq müharibə” illərindən sonra heç bir zaman münasibətlər bu qədər qəlizləşməmiş, kəskinləşməmişdi. Tərəflər bir-birinə qarşı bu şəkildə qarşılıqlı ittihamlar irəli sürməmişdi. Faktiki olaraq, indi diplomatiya müharibəsi başlayıb. Nə qədər qəribə səslənsə də, diplomatiya və müharibə bir-birini inkar edən məsələlərdir. Amma indi diplomatik müharibə  başlayıb. Rusiyanın ABŞ-dakı 10 diplomatı ölkədən çıxarılıb. Birləşmiş Ştatların müttəfiqi Polşa üç rus diplomatını ölkədən çıxarıb. Bu istiqamətdə daha böyük addımı Çexiya atıb. 18 rus diplomatını ölkəsindən qovub. Ukrayna isə faktiki 72 saat vaxtı verdi ki, ölkədəki bütün rus diplomatlar çıxmalıdır. Belə bir vəziyyətdə diqqətdən o da yayınmır ki, Rusiya 110 minlik qoşununu Ukrayna ilə sərhədə yığıb. Hətta iş o yerə çatıb ki, Xəzər dənizindəki donanmasını Qara dənizə yönəltdiyi barədə məlumatlar  dolaşmaqdadır. Amerika və Böyük Britaniyanın hərbi gəmilərinin Qara dənizə yan aldığı və hələ ki gözləmə mövqeyində dayandığı barədə fikirlər səslənməkdədir. Aprelin 24-dən ilin sonuna, daha dəqiqi oktyabrın 31-nə qədər Rusiya Kerç boğazını bağlayır. Bununla da Ukrayna gəmilərinin Azov dənizinə daxil olmasının, Qara dənizdəki bir sıra obyektlərə girişinin qarşısını almış olur.

Deputat Elman Nəsirov: "Demədiyim sözləri adıma çıxarırlar" | Report.az

Elman Nəsirov

O məlumatlar da yayılır ki, Rusiya Şimali Krım kanalını ələ keçirmək istəyir. Burada da məqsəd odur ki, Krımda 3 milyon əhali var və onlar çox ciddi su problemi yaşayırlar. Bu problemin həlli üçün həmin kanalın birdəfəlik Rusiya tərəfindən ilhaqı da mümkündür. Belə məlumatlar bu gün kütləvi informasiya vasitələrində yayılmaqdadır. Amerika Konqresində Rusiyanın bu hərəkətləri ilə bağlı dinləmələr keçirilib. NATO rəhbərliyinin bu məsələlərlə bağlı mövqeyi bəllidir. Rusiyanı çox ciddi ittiham edən mövqe ortadadır. Sadaladığımız bu reallıqlar fonunda Rusiya prezidentinin çıxışının Amerika, Qərb, NATO ölkələri ilə bağlı çox sərt olacağı, Kremlin hansı sərt addımlar atacağının mesajlarını verəcəyi gözlənilirdi, proqnozlaşdırılırdı. Vaxtilə Putinin Münhendə çox sərt çıxışı olmuşdu. Qərbi, Birləşmiş Ştatları çox kəskin ittiham etmişdi. Hətta gözlənilirdi ki, Federal Məclisə müraciətində Münhen çıxışını xatırladacaq çıxış olacaq. Amma proqnozlar özünü təsdiqləmədi.

Putinin çıxışı daha çox əhalinin sosial problemlərinin həlli istiqamətinə yönəldi. Pensiyaçıların sosial vəziyyətinin yaxşılaşdırılması, xüsusilə gənclərin işsizlik probleminin aradan qaldırılması üçün iş yerlərinin açılması, həssas kateqoriyadan olan insanlara diqqətin daha da gücləndirilməsi kimi istiqamətlərdə onun mövqeyi səsləndi. Xüsusi hərbi ritorika, xaricdəki rəqiblərinə qarşı ittihamlar baş vermədi. Çox haqlı olaraq, Putinin yumşaq çıxış etməsi çoxlu sayda suallar yaradıb. Bu ilin sentyabrında Rusiyada seçkilər olacaq. Parlamentdə Vahid Rusiya Partiyası daha çox yer tutmaq istəyir. İmkanlarını parlamentdə daha da genişləndirmək niyyətindədir. Belə olan vəziyyətdə seçicinin sosial problemlərini qabartmaq daha böyük dividentlər gətirə bilər. Bu baxımdan hesab edirəm ki, seçicinin problemini daha çox qabartması, həll istiqamətində dövlətin atacağı addımlar qeyd etməsi həmin seçkilərə yönəlib. Hakim partiyanın qələbəsinə yönəlik belə bir çıxışın edilməsini qiymətləndirmək daha doğru olardı". 

Əhəd Məmmədli sərbəst buraxıldı – Yenilənib

 Əhəd Məmmədli

Politoloq Əhəd Məmmədli isə bunları dedi: “Putinin çıxışı xaricə yönəlik, təhdidlərlə dolu gözlənilirdi. Amma biz daha çox müdafiəyə meylli çıxış gördük. Əsasən daxili auditoriyaya hesablanmışdı. Sadəcə, mesaj verdi ki, qırmızı cizgilərimiz var, bir növ xəbərdarlıq etdi. Amma bunu da müdafiə meylli xəbərdarlıq saymaq olar. Bu o demək idi ki, bizimlə işiniz olmasın, üstümüzə gəlməyin. Qərb-Rusiya münasibətləri gərginliyə doğru gedir. Getdikcə bu proses Kremli daha çox narahat edir. Putin çıxışını daxili auditoriyaya daha çox yönəltməklə həm də seçkilərə hədəfləndiyini göstərdi. Çıxışa həm də Putinin Qərblə barışmaq niyyətinin olduğu kimi də baxa bilərik. Ola bilsin ki, ”arxa bağçada" artıq bu danışıqlar gedir".