|
MSK sədri bu iki şəxsdən biri ola bilər

Mərkəzi Seçki Komissiyasının yenilənəcək tərkibi ilə bağlı son gəlişmələr...

Mərkəzi Seçki Komissiyasının tərkibi yaxın günlərdə yenilənəcək. APA-nın məlumatına görə, parlamentdə təmsil olunan çoxluq (Yeni Azərbaycan Partiyası), azlıqda olan partiyalar və bitərəflərdən namizədlərini müəyyənləşdirərək aprelin 21-dən başlayaraq təqdim etmələri istənilib.

Üzvlər müəyyənləşdirildikdən sonra MSK tərəfindən yeni siyahı təsdiq edilmək üçün Milli Məclisin müzakirəsinə göndəriləcək.

Qeyd edək ki, ötən il parlamentə növbədənkənar seçkilər keçirilib. Son seçkilərdən sonra Mərkəzi Seçki Komissiyasının tərkibi yenilənməyib.

MSK 18 üzvdən ibarətdir və Milli Məclis tərəfindən seçilir. MSK-nın altı üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı, altı üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını (bitərəfləri), altı üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.

Hazırda əsas diqqətlər MSK sədri Məzahir Pənahovu kimi, əvəzləyəcəyinə yönəlib. Artıq bu sırada bəzi adlar ortaya çıxıb. Məsələn, YAP sədrinin müavini, partiyanın Mərkəzi Aparatının rəhbəri Tahir Budaqovun hakim partiya tərəfindən sədrliyə namizədliyinin irəli sürülə biləcəyi iddia olunur. Daha bir sürpriz ismin də adı keçir. Bu, parlamentdə bitərəflərin namizədi kimi adı irəli sürülən Rövzət Qasımovdur. Uzun illər onun MSK-da çalışdığı, bitərəflərin onun namizədliyini irəli sürməsi ehtimalları durmadan gücləndirir. Hətta T.Budaqovla müqayisədə R.Qasımov daha şanslı göstərilir. Buna səbəb kimi də birincinin ay yarım olar ki, YAP-dakı vəzifələrinə təyin olunduğu göstərilir.

Onu da qeyd edək ki, MSK rəhbərliyində parlamentdəki partiyaların irəli sürdüyü namizədlərdən də olacağı bildirilir. Bir növ parlamentdə VHP-dən olan deputat Fəzail İbrahimlinin vitse-spiker olması ilə yaranan ənənənin MSK-ya daşınacağı qeyd edilir. 

Artıq bəzi partiyaların MSK üzvlüyünə namizədləri məlumdur.

Mikayıl Rəhimov: "Treninqlər 32 mindən artıq komissiya üzvünü əhatə edəcək"

Mikayıl Rəhimov

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası hazırda MSK katibi Mikayıl Rəhimovun namizədliyini yenidən irəli sürüb. Bu barədə “Yeni Müsavat”a danışan M.Rəhimov bunları dedi: “Digər məsələlərlə bağlı informasiyaya malik deyiləm. Amma özümlə bağlı deyə bilərəm ki, mənə məlumat verdilər ki, Qüdrət Həsənquliyev namizədliyimi Milli Məclisə göndərib”.

M.Rəhimov MSK sədrinin heç bir partiya mənsubiyyəti daşımadığını da qeyd etdi: “Tahir müəllim YAP-dakı vəzifəsinə yeni təyin olunub. Amma biləsiniz ki, Mərkəzi Seçki Komissiyasının bütün üzvləri hansı tərəfin təqdim etməsinə baxmayaraq, heç bir partiyanın üzvü ola bilməzlər. Mən də vaxtilə partiya üzvü olmuşam, 2011-ci ilə qədər. MSK-ya göndəriləndən sonra partiyadan istefa vermişəm. Ona görə də YAP kimi MSK-ya təqdim etsə, o, bitərəf olacaq. Bitərəf kimi də quruma rəhbərlik edəcək. Bir daha deyirəm ki, nəinki MSK, dairə seçki komissiyasının üzvünün belə partiya mənsubiyyəti olmamalıdır. MSK və DSK üzvü olmaqda birinci ziddiyyət təşkil edən məsələ partiya üzvlüyüdür. Şəxsin partiyalılığı varsa, bu orqanlarda təmsil oluna bilməz”.

Mətbuat Xidməti – AVP.AZ

Tünzalə İsmayılova

Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova isə bu məlumatı verdi: “Aprelin 22-də Ana Vətən Partiyası MSK üzvlüyünə namizədini müəyyənləşdirdi. Mərkəzi Şuranın toplantısında Etibar Quliyevin namizədliyi  təsdiq olunub. Partiyamızın sədri Fəzail Ağamalının imzası ilə Etibar Quliyevin namizədliyinin təsdiq olunması məktubu Milli Məclisə artıq təqdim olunub. Bu günə qədər  MSK-da   partiyanı indiki namizədimiz təmsil edib. Onu da bildirim ki, sədr və  müavinlər MSK-nin iclasında seçilir. Ona görə də bu barədə indidən danışmaq tez olardı”.

Samir Əsədli: “Bizim ideyamız vətəndaş həmrəyliyidir” - VHP

 Samir Əsədli

VHP-nin İcra Aparatının rəhbəri Samir Əsədli isə daha vacib məqamlara diqqət çəkdi: “MSK üzvlüyünə namizədimiz məlumdur. Bu, Almas Qəhrəmanlıdır. Bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, parlamentdə elə partiya var ki, bir namizədlə seçkilərə gedib və parlament üzvünə çevrilib. Bu şeyləri MSK nəzərə almalıdır. VHP partiya şəklində seçkilərə gedib. Düşünürəm ki, partiyamıza MSK-da ən azı iki yer verilməlidir. Bir yerlə kifayətlənmək doğru deyil. Biz hesab edirik ki, MSK katibliyi də VHP-yə verilməlidir. İrəli sürdüyümüz namizədin təcrübəsi var. Parlamentdə VHP ikinci partiyadır. Üç deputatı var. Bu baxımdan katibin VHP-dən olmasını doğru sayardım. MSK sədrinin müavini var. Təbii ki, sədr YAP-dan olmalıdır. Müavin bitərəf olmalıdır. İki katib müxalifətdən olsa yaxşı olardı. Mikayıl Rəhimov da, Almaz Qəhrəmanlı da katib olmalıdır. Bu məsələ Mikayıl müəllimə qarşı deyil. Onun xalq hərəkatında, eləcə də bir çox məsələlərdə xidmətləri olub. Bunu unutmaq olmaz”.

Bu mövzuda əsas fikir bildirməsi vacib olan hakim Yeni Azərbaycan Partiyasının “qəbuluna düşə bilmədik”. Qurumun mətbuat xidməti gün ərzində zənglərimizə cavab vermədi. Partiya rəhbərliyində və Milli Məclisdə təmsil olunanlar isə bu məsələ ilə bağlı mətbuat xidmətinin açıqlama verməsini vacib saydılar.