|
Ruslan Əliyev: “Son 10 ildə 1 554 kənd və qəsəbə qazlaşdırılıb”

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Caspian Energy Club”un təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirak edib.

Musavat.com-un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, forum çərçivəsində aktual sual və təkliflər müzakirə olunub. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

R. Əliyev daha sonra “Azəriqaz”ın həm pandemiya, həm də Vətən Müharibəsi dövründə üzərinə düşən böyük məsuliyyəti dərk edərək fasiləsiz fəaliyyətini davam etdirdiyini vurğulayıb. O, həmçinin qurumun bir çox əməkdaşının könüllü olaraq ordu sıralarına yazılıb torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə qatıldığını bildirib. “Bizə Qələbə qürurunu yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə Allahdan can sağlığı arzulayırıq. Bizim həssaslıqla yanaşdığımız məqamlardan biri şəhid və qazi ailələrinin qaz təchizatına dair müraciətlərini təmin etməkdir. Bu gündəlik işimizin əsasıdır və bu layihələrə biz sosial aksiyadan çox öz müqəddəs vəzifə borcumuz kimi baxırıq”.