Deputat: “Biz öz keçmişimizdəki səhvləri xatırlayıb, onları müzakirə etməli və bütün olanlardan dərs alaraq, gələcəyə baxmalıyıq”
Şuşanın işğalı günü yaxınlaşır. 1992-ci il mayın 8-də döyüş və strateji cəhətdən əhəmiyyətli olan dağ şəhəri Şuşa erməni qüvvələri tərəfindən işğal edilmişdi. Şuşanın işğalı müharibənin gedişində həlledici rol oynamışdı. Şəhər Qarabağda ən mühüm hərbi məntəqə idi. Onun itirilməsi ilə Xankəndinin də işğalı prosesi başa çatdırılmışdı.
28 ildən sonra - 2020-ci il 8 noyabr tarixində Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi.
İndiki vəziyyətdə Şuşanın işğalı günü ilə bağlı hansısa anım tədbirləri keçiriləcəkmi?
Həmin gün Şuşada Türkiyə hərbi birləşmələri ilə birlikdə erməni faşizmi üzərində qələbə paradı keçirilməsi ilə bağlı təkliflər səslənir. Bu barədə millət vəkili Fazil Mustafa sosial şəbəkədə qeyd edib...

Vüsalə Fətəliyeva
Şuşa İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva “Yeni Müsavat”a açıqlamasında hələlik 8 may günü ilə bağlı hər hansı tədbir keçirilməsi ilə bağlı qərar olmadığını bildirdi:
“Əgər göstəriş olarsa ki, hansısa formada tədbir keçirilsin, qeyd edilsin, biz ona hazırlaşacağıq. Həmin günü şəhidlərimizi yada salacağıq. İşğal gününü artıq tədbir kimi keçirə bilmərik. Bildiyiniz kimi, 2020-ci ilin 8 noyabrında Ali Baş Komandanımızın şücaəti və ordumuzun igid oğullarının canı, qanı bahasına biz zəfər çalıb, torpaqlarımızı işğaldan azad etmişik. Bundan sonra yalnız zəfər günümüzü qeyd etməliyik.
İkincisi də karantin dövrü olduğu üçün bu cür tədbirlər keçirilmir. Lakin bir daha qeyd edirəm, həmin günü hansısa formada keçirmək lazım olduğunu, ayın sonunda biləcəyik.
28 ildə biz şuşalılar böyük acılar yaşamışıq. Lakin qeyd etdiyim kimi, işğal gününü artıq həyatımızın bir qaranlıq səhifəsi kimi kilidləmişik. Bu gün yalnız zəfərimizin sevincini yaşayırıq".

Razi Nurullayev
Millət vəkili Razi Nurullayev həmin gün hansısa anım tədbiri və yaxud parad keçirilməsi təkliflərinə qarşı olduğunu bildirdi: “Hesab edirəm ki, Şuşanın işğalı günü artıq bizim üçün əhəmiyyətini itirib. Həmin gün güc nümayiş etdirmək, parad keçirmək və sairə mənə qəribə gəlir. Artıq bizim üçün 8 noyabr - Şuşanın doğuşu, onun qaytarılması və Zəfər bayramımız var. Ona görə də əgər parad keçirib, güc göstərəcəyiksə bunu 8 noyabrda etməliyik.
Şuşanın işğalı günü parad keçirmək az qala həmin günü bayrama çevirmək deməkdir. Buna görə də, fikrimcə, bu cür təkliflər doğru deyil.
8 mayda biz öz keçmişimizdəki səhvləri xatırlayıb, onları müzakirə etməli və bütün olanlardan dərs alaraq, gələcəyə baxmalıyıq.
Həmçinin həmin gün hansısa anım tədbirinin də keçirilməsinə ehtiyac yoxdur".
