|
Azərbaycan Rusiya-Ukrayna gərginliyində tərəf olacaqmı - fərqli rəylər

Ukrayna-Rusiya arasındakı gərginlik davam edir. Son günlərdə baş verən yeni gəlişmələr də diqqət çəkir.

Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə Donbasda görüşməyi təklif edib.

Bundan öncə Zelenski bildirib ki, Kiyevi beynəlxalq tərəfdaşları dəstəkləyirlər və onlar Ukraynanın cənub-şərqindəki vəziyyətə görə Moskvaya qarşı daha sərt sanksiyalar hazırlayırlar.

“Donbasda vəziyyət gərgindir”.

APA-nın xəbərinə görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba mətbuat konfransında deyib.

O bildirib ki, ön cəbhədə Ukrayna əsgərlərinə təxribatlara cavab verməmək tapşırılıb: “2021-ci ilin yanvarından bəri 30 hərbçimiz həlak olub, onlar snayperlə vurulub. Cəmiyyət bundan qəzəblənir, sərt cavab verməyimizi gözləyir. Rusiya bunu məqsədli şəkildə edir. Rusiyanın istəyi bizi təxribata çəkməkdir”.

Ukrayna XİN başçısı qeyd edib ki, son həftələr ərzində Rusiya Ukrayna ilə sərhədə və Krıma 120 minədək hərbçi yerləşdirib: “Bura yalnız əsgərlər deyil, desantçılar, ballistik raketlər, kommunikasiya və izləmə üçün texniki ləvazimatlar və s. daxildir. Bununla yanaşı, Ukrayna əleyhinə dezinformasiya müharibəsi aparılır”.

Ukraynalı nazir vurğulayıb ki, ölkəsi münaqişənin diplomatik və siyasi həllini dəstəkləyir: “Biz Rusiyanın sərhədi nə vaxt keçəcəyini bilmirik, bununla bağlı dəqiq gün və tarix deyə bilmərik, lakin Rusiya strateji hərbi hazırlıq vəziyyətindədir. Bu, dəqiqdir. Rusiyanın vəziyyəti daha da gərginləşdirməməsi üçün addımlar atılmalıdır”.

Kuleba Kremlin vəziyyətin gərginləşməsində maraqlı olduğunu da qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin Rusiya ilə müharibə vəziyyətində necə hərəkət etməyi planlaşdırdığı barədə məlumat yayılıb.

Axar.az xəbər verir ki, “Strana.ua” nəşri məlumat yayıb.

Qorlovka yaxınlığında yerləşən bölmənin mayoru nəşrə Donbasdakı vəziyyətin son zamanlar dəyişdiyini söyləyib: “Hərbçilər mövqelərini gücləndirmək və düşmənin ehtimal olunan hücum xətti boyunca tank əleyhinə mina sahələri yaratmaq əmri alıblar. Bir neçə həftə əvvəl hücuma hazırlıq cəbhə xəttində davam edib. Top və zirehli texnikalar yaxınlaşıb. İndi Ukrayna hərbçiləri neytral bölgəni, yolları və hətta irəli mövqeləri minalayır, belə ki, düşmən hücumu halında qoşunlar ikinci, daha möhkəmləndirilmiş müdafiə xəttinə geri çəkilə bilər”.

Digər ukraynalı hərbçi isə Krımla təmas xəttinin gücləndirildiyini, Luqansk istiqamətində hərəkət etməli olan bölmələrin Krım istiqamətində yerləşdirildiyini vurğulayıb.

“Vol Strit Jurnal” qəzeti Rusiya qoşunlarının Krımda və Ukrayna sərhədlərində yerləşməsi ilə bağlı peyk görüntülərini yayıb.

Qeyd edək ki, Rusiya-Ukrayna gərginliyi fonunda Azərbaycan üçün çətin diplomatik dövr başlayıb. Belə ki, şimal qonşumuz hər an Azərbaycandan ABŞ-ın yaratdığı koalisiyaya qarşı davranmağı istəyə bilər. Əks cinahda ABŞ-NATO-nun dayandığını düşünsək, rəsmi Bakı belə bir vəziyyətdə neytral qala bilərmi?

Əhəd Məmmədli sərbəst buraxıldı – Yenilənib

Əhəd Məmmədli: “Ölkəmiz bu prosesdən maksimum dərəcədə istifadə etməyi bacarmalıdır”

Politoloq Əhəd Məmmədli Azərbaycanın neytral qalmasını mümkünsüz hesab edir: “Rusiya Azərbaycana xahiş də edə, hədə-qorxu da gələ, təzyiq də göstərə bilər. Bu, Rusiyanın düşdüyü duruma baxır. Azərbaycan da Qarabağı tam nəzarətə götürmək üçün Rusiya ilə də, ABŞ-la da əməkdaşlıq edə, bu dövlətlərlə qarşıdurmada da ola bilər. Bunların hamısı Rusiyanın düşdüyü durumdan və ABŞ-ın Azərbaycana verə biləcəyi gerçək dəstəkdən asılıdır. Eyni zamanda ABŞ-Rusiya qarşıdurmasında Azərbaycanın təbii müttəfiqi Türkiyənin oynadığı rol, seçdiyi mövqenin də Azərbaycan üçün çox vacib məqam olacağını unutmamalıyıq. İndiki siyasi dispozisiyasında Azərbaycanın regionda cərəyan edən proseslərlə bağlı neytral qalmasını inandırıcı görmürəm. Çünki Azərbaycan Türkiyə ilə birlikdədir. Türkiyə isə regionun superderjavasıdır. Türkiyənin regionumuzda maraqları var. Bu maraqlar da Azərbaycanın dövlət təhlükəsizliyi, ərazi bütövlüyünü təmin edir. Ona görə də ola biləcək ABŞ-Rusiya qarşıdurmasında Azərbaycanın neytral qalması mümkünsüzdür. Əksinə, Azərbaycan bundan maksimum dərəcədə istifadə etməyi bacarmalı, keçmiş Dağlıq Qarabağ ərazisinin qalan 20% ərazisində də tezliklə yurisdiksiyasını təmin etməlidir”.

Akif Nağı: "Gənclərimizin vətənpərvərlik, döyüş ruhu və müharibəyə  hazırlığı yüksək səviyyədədir"

Akif Nağı: “Azərbaycan heç bir seçim qarşısında qalası deyil”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə tam fərqli düşünür: “Azərbaycan bu günə qədər öz maraqlarına uyğun olaraq balanslaşdırılmış siyasət yeridib və bu siyasət öz nəticələrini verdi. Zaman bu yanaşmanın doğru olduğunu göstərdi. Vaxt var idi ki, daxildə və xaricdə bir çoxları hakimiyyətin bu siyasətini tənqid edir, birmənalı qərbyönlü siyasətin həyata keçirilməsini tələb edirdilər. Zaman hər şeyi yerinə qoydu. Bu gün də Azərbaycan həmin siyasətini davam etdirir. Bu siyasəti tərəflərin maraqlarına uyğunlaşmaq kimi deyil, öz maraqlarını müdafiə etmək baxımından həyata keçirir. Bu məqama fikir verilməlidir. Azərbaycan mürəkkəb beynəlxalq münasibətlər sistemində öz maraqlarını müdafiə etməyi bacardı. Bəzi dövlətlər, məsələn, Gürcüstan, Ukrayna birmənalı mövqe tutdular, açıq şəkildə qütblərdən birinin tərəfində oldular. Nəticədə ərazi bütövlüyü məsələsində zərər çəkdilər, itki ilə üzləşdilər. Qazanan isə tərəfində olduqları qütb, yəni ABŞ oldu, Ukraynanın və Gürcüstanın yerdə qalan ərazilərini nəzarətə götürdü. Bu gün çoxları, xüsusilə də ərazi bütövlüyü problemi ilə üzləşən ölkələr Azərbaycanın Qarabağda əldə etdiyi qələbə ilə bağlı başlarını sındırır, Azərbaycanın əldə etdiyinə onların niyə nail ola bilmədiklərinin səbəbləri barədə düşünür, bu təcrübədən yararlanmağa çalışırlar. Qeyd etməliyik ki, Azərbaycanın uğurunun bir səbəbi də odur ki, biz Qarabağ məsələsinin kimlərinsə əlində kiməsə qarşı təzyiq vasitəsinə çevrilməsinə imkan vermədik. Bu gün Abxaziya, Krım, Donbas məsələləri ABŞ və digər dövlətlərin əlində Rusiyaya qarşı təzyiq vasitəsidir. Onlar bu təzyiq vasitəsindən imtina etmək istəməyəcəklər . Ona görə də dediyiniz gəlişmələr görüntü xarakterlidir, heç bir ciddi hadisə baş verməyəcək. Ukraynaya da müharibəyə başlamağa imkan verməyəcəklər. Çünki həmin təsir vasitəsini itirmək istəmirlər. Azərbaycan da heç bir seçim qarşısında qalası deyil. Hər iki tərəf-ABŞ da, Rusiya da Azərbaycanın mövqeyinə hörmətlə yanaşır, daha doğrusu, yanaşmaq zorundadır. Azərbaycan indiyəqədərki siyasətini davam etdirməlidir. Bu siyasətini davam etdirərsə, istənilən situasiyadan müsbət nəticə ilə çıxacaqdır”.