|
İslam bankçılığı modeli-həm bankın, həm də sahibkarın qazancı...

Azərbaycanda biznesin inkişafına əngəl törədən səbəblərdən biri də aşağı faizli, uzunmüddətli biznes kreditlərinə çıxış imkanlarının məhdud olmasıdır. Bankların girov müqabilində yüksək faizlə verdiyi kreditlər çox hallarda biznesmenə iqtisadi qazanc təmin etmək əvəzinə müflis olması ilə nəticələnir. Çünki banklar sahibkarın gəlirinin əsas hissəsinə ortaq olsa da, risklərinə, uğursuzluğuna ortaq olmur və riskləri daha artıq faiz təyin etməklə kompensasiya edir. Digər tərəfdən, girovun qoyulması isə bankları biznes layihələrini yetərincə dəyərləndirməkdən yayındırır.

Bəzi hallarda, sahibkar bankdan kredit götürür və onu istehsala yönəldir. Amma qurduğu biznes müəyyən səbəblərdən alınmır, ya fövqəladə hadisə, ya devalvasiya, ya böyük inflyasiya baş verir. Məhz bunlar problemli kreditlərin yaranmasının əsl səbəbidir ki, Azərbaycan iqtisadiyyatında dəfələrlə bunun şahidi olmuşuq.  Ekspertlər bu cür problemlərdən çıxış yolu kimi, “faizsiz bankçılıq” sisteminin nəzərdən keçirilməsini təklif edir. Ən azından bir çox dövlətlərdə olduğu kimi Azərbaycanda da biznesmenlər üçün belə bir alternativ olmalıdır. Əsasən “İslam bankçılığı” adlanan faizsiz bankçılıq 1970-ci illərdə Körfəz ölkələrində tətbiq edilməyə başlayıb,  daha sonra bəzi Qərb ölkələrində də tətbiq edilib. Qeyd edək ki, İslam bankçılığı bütün alqı-satqı və kirayə əməliyyatlarında yalnız real, yəni göz önündə olan aktivlərə əsaslanan və şəriət qaydalarını özündə ehtiva edən bir iqtisadi mexanizmdir. Bu növ bankçılıqda faiz qadağandır və əməliyyatlar xeyir və zərərdə ortaqlıq prinsipi əsasında həyata keçirilir.

İslam bankçılığı nədir? | Banco.az

Faizsiz bankçılıq  ənənəvi banklardan ciddi şəkildə fərqlənir. Beynəlxalq arenada ənənəvi bank xidmətləri təqdim edən bir çox nüfuzlu beynəlxalq maliyyə qurumları da bir sıra faizsiz bankçılıq xidmətləri təqdim etməkdədirlər.

Türkiyədə “katılım bankçılığı” olaraq adlandırılan faizsiz bankçılıq türk bank sistemində üç bank növündən biri sayılır. Hazırda dünyanın 80-ə yaxın ölkəsində 300-dən çox bank “faizsiz bankçılıq” xidmətləri təqdim etməkdədir. Bu model bir növ investisiya bankı xüsusiyyətini daşısa da, fəaliyyət sistemi və fəlsəfəsi tam fərqlidir. Modelin ən önəmli xüsusiyyətlərindən biri də xarici investisiyaları ölkəyə cəlb etməsidir. Faizsiz maliyyə sisteminin bir sıra spekulyativ fəaliyyətlərə girişməməsi iqtisadi böhrandan daha az zərərlə çıxmasına zəmin yaradır.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert, bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov İslam bankçılığının həm sahibkarlar, həm də iqtisadiyyat üçün faydalarını vurğuladı: “Bütövlükdə faizsiz kredit biznes şərikliyinə əsaslanır. Orada onun bir neçə forması var. Ənənəvi bankçılıqda bank krediti verir və sahibkarın işinin nəticəsindən asılı olmayaraq kreditin qaytarılmasını və faizlərin ödənilməsini tələb edir. Bu baş vermədikdə isə kreditin təminatı olan girova yönəlir. Biznesin uğurlu olub-olmaması bankı maraqlandırmır və o borcunu tələb edir. Faizli kreditlərin də əsas problemi budur”.

Əkrəm Həsənov: “Təəssüf ki, Azərbaycanda hərraclar faktiki olaraq örtülü  bazardır...”

Ekspert vurğuladı ki, İslam bankçılığı isə ortaqlığa, partnyorluğa əsaslanır: “Bank faktiki olaraq sahibkarın fəaliyyətinə şərik olur, işin nəticəsindən asılı olaraq həm borcunu geri götürür, həm də qazancından mənfəət əldə edir. Burada artıq bank sahibkarın biznesinin uğurlu olmasında maraqlıdır. Bu həm bankın, həm də sahibkarın xeyrinədir. Bu prinsip  həm də bank əmanətlərinə aiddir. Mən banka əmanət qoyuram  ona görə yox ki, oradan faiz əldə edəcəm. Mən həm də bankın şərikinə çevrilirəm, bank nə qədər gəlir əldə etsə, mənim də gəlirlərim o qədər artacaq. Bu, artıq faiz yox, ticarət sayılır. Qurani-Kərimdə də Allah buyurur ki, mən ticarəti halal, sələmi (faizi) isə haram buyurdum”. 

Sahibkarların məsuliyyətinə gəlincə, Ə.Həsənov vurğuladı ki, istər faizsiz bankçılıqda, istərsə də ənənəvi bankçılıqda kredit götürənin şəffaflığı önəmli məsələdir: “Sahibkar nə qədər özü haqqında doğun məlumat versə, biznesi nə qədər şəffaf olsa, bu, işin xeyrinədir. Kreditin yaxşı girovu varsa, Azərbaycan şəraitində ənənəvi bankları bu elə də maraqlandırmır. Girovu varsa, kredit alanın fəaliyyəti, biznesi bankı o qədər də narahat etmir. İslam bankçılığında isə bu belə deyil. Çünki bank şəffaflıq tələb etməsə, sahibkar fəaliyyətini uğursuz kimi təqdim edər və gəlirindən banka heç nə verməz. Bu baxımdan İslam bankçılığı şəffaflığa çox bağlıdır. Ənənəvi bankçılıqdan daha çox sahibkardan şəffaflıq tələb edir, onun biznesinin uğurlu, yoxsa uğursuz olmasını önəmsəyir. Azərbaycanda məhz ona görə İslam bankçılığı yoxdur. Səbəb heç də bu banklara ölkəmizdə icazə verilib-verilməməsi deyil, çünki bu xüsusiyyət üçün əlavə icazə lazım deyil. Bizdə faizsiz bankçılığın formalaşması üçün əsas problem kifayət qədər şəffaflığın olmamasıdır. Əgər kimsə İslam bankından kredit götürsə, sabah onu qaytara bilməyəcək və bəyan edəcək ki, fəaliyyəti uğursuz olub. Bu, çox ciddi məsələdir. Təkcə İslam bankçılığı yox, İslam sığortaçılığı da iqtisadi baxımdan çox faydalı modeldir. Bunların ölkəmizə gəlməsi şəffaflığın da artmasına səbəb olacaq. Bu model özünü bir çox ölkələrdə, xüsusən də Səudiyyə Ərəbistanında, BƏƏ-də, Malayziyada doğruldub. Lakin təkcə İslam  ölkələrində deyil, Qazaxıstan, Qırğızıstan, hətta Böyük Britaniya kimi ölkələrdə İslam bankçılığı bir maliyyə aləti kimi kifayət qədər yayılıb”.

Qeyd edək ki, faizsiz bankçılığın Malayziya modeli daha çox yayılıb. Dünya üzrə “faizsiz bankçılıqda” iki əsas model mövcuddur. Bunlardan birincisi Körfəz ölkələrində tətbiq edilən və daha mühafizəkar sayılan “Körfəz” modeli, digəri isə uzaq Şərq ölkələrində tətbiq edilən “Malayziya” modelidir. Ekspertlər ölkəmizin iqtisadi strukturunu təhlil edərək, Malayziya modelinin tətbiqinin daha müsbət nəticələr verəcəyini qeyd edirlər.

Faizsiz bank modeli bir sıra xidmətlər təqdim edir ki, onlardan bir neçəsini qeyd edirik.

İlk olaraq “istisna” modelini qeyd edək ki, bu daha çox inşaat layihələrinin maliyyələşdirilməsində istifadə edilən xidmət növüdür. Yəni bank hazırda mövcud olmayıb gələcəkdə inşa ediləcək daşınmaz əmlakın satın alınmasını təmin edir. Müştəri müəyyən bir miqdar ilkin ödəniş edərək daşınmaz əmlakı satın alır, qalan miqdarı isə bank ödəyir. Müştəri daha sonra bankın ödədiyi məbləği banka hissə-hissə geri qaytarır. Bundan başqa, “mudarabe” - bu xidmət növündə bank, müştərisi olan sahibkara investisiya üçün ehtiyacı olan maliyyə dəstəyini tam olaraq təmin edir. Daha sonra icra edilən biznes fəaliyyətindən əldə olunan mənfəətin, əvvəlcədən müəyyən olunan nisbətdə bank və müştəri arasında pay bölgüsü həyata keçirilir. Zərər yaranarsa və bunda müştərinin heç bir səhvi olmazsa, bank zərəri öz üzərinə götürür. Sistem əsasən ticari əməliyyatların maliyyələşdirilməsində istifadə olunur. “Murabaha” modeli isə kiçik və orta sahibkarlara qısa və orta müddətli kreditlərin çevik mexanizmlə təqdim edilməsidir. Bu xidmət növündə bank müştərisinin istədiyi malı satın alaraq ona təqdim edir. Müştəri isə malı satdıqdan sonra malın ilkin dəyərini və satışdan əldə olunan mənfəətin əvvəlcədən müəyyən olunan bir qismini banka ödəyir.

“Müşareka” modelində isə bank və müştərisi ortaq investisiya qoyuluşu həyata keçirirlər. Ortaq investisiya qoyuluşu nəticəsində icra edilən işdən əldə olunan mənfəətin əvvəlcədən müəyyən olunduğu nisbətdə pay bölgüsü həyata keçirilir. Müştəri icra edilən işə, investisiyaya əlavə olaraq həm də əmək sərf etdiyi üçün təbii olaraq daha çox pay götürür. Hər hansı zərər yarandıqda isə ortaqlar (bank və müştəri) qoyduqları sərmayə nisbətində risk daşıyırlar. Bu metodla əsasən sənaye sahələrinin maliyyələşdirilməsi təmin edilir.

Bank kreditlərinin “yüksək faiz” bəlası: ekspert çıxış yolunu göstərdi

“Muzaraa” kredit modeli kənd təsərrüfatı sahəsində ortaq işlərin icra edilməsini təmin edən bir xidmət növüdür. Bu zaman ərazi və avadanlıqların alınması və s. üçün investisiya qoyuluşu həyata keçirilir. Əldə olunan məhsulun isə əvvəlcədən müəyyən edilmiş nisbətlərdə ortaqlar arasında pay bölgüsü aparılır.

Qeyd edək ki, İslam bankçılığı sahibkarın hüquqlarını daha çox qoruyur və risklərini daha böyük ölçüdə bölüşür. Bunun dövlət üçün əhəmiyyəti şəffaflığın yüksək səviyyədə təmin olunması, maliyyə böhranları və fors-major hallar zamanı problemli kreditlərin yaranmaması və ölkədə real sektorun inkişafı, ÜDM-in artmasıdır. Bank ilk növbədə sahibkarın zərərinə ortaq olurmuş kimi görünsə də, əslində daha uğurlu və şəffaf biznes layihələrinə ortaq olan bankların daha çox gəlir əldə etmək və uzunmüddətli dövrdə bu ortaqlığı davam etdirərək, uğurlu biznes portnyorları tapmaq şansı əldə edir, likvit vəsaitlərini uğurla dəyərləndirir. Bu banklar Azərbaycanda olduğu kimi, yüksək faizli istehlak kreditləri verməklə riskli gəlirlər əldə etmək məcburiyyətində qalmırlar. İslam bankçılığının ən böyük faydası isə sahibkarlar üçündür. Şəffaf fəaliyyət göstərmək şərtilə iş aparan hər bir biznesmen risklərini də paylaşa biləcəyi bir maliyyə qaynağı əldə edir və qısamüddətli dövrdə krediti qaytarmaq məcburiyyəti olmadığı üçün biznesini daha da genişləndirmək imkanı qazanır. Bütün bunları nəzərə alaraq, yaxın gələcəkdə bank sektorunda ciddi islahatlar aparılması zəruriliyini də diqqətdə saxlayaraq, ölkəmizə İslam bankçılığı modelinin gətirilməsinə ehtiyac olduğunu deyə bilərik.