Azərbaycanda Rusiya və ABŞ Baş Qərargah rəhbərlərinin bir neçə dəfə görüşü baş tutub, liderlərin də görüş yeri ola bilər; Aydın Mirzəzadə: “Görüşün təşkili üçün bütün şərtlər var, həm də Bakıda görüş Şərqlə Qərbin bir məxrəcə gəlməsi üçün nümunə olardı”
ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışığında ona üçüncü bir ölkədə görüş təklif etməsi dünyanın bir çox mərkəzlərinin marağına səbəb olub. Siyasi təhlilçilər də iki supergüc dövlətin liderinin hansı ölkədə görüşə biləcəyi haqda baş sındırırlar. “Yeni Müsavat” bildirir ki, görüşün Avropa ölkələrindən birində təşkil edilməsi təklif olunub və Qərbdə bir neçə belə mərkəz var. Onlar Brüsseldə, Vyanada, Parisdə, ya da tamamilə qeyri-siyasi paytaxtlardan birində, məsələn, Lüksemburqun eyniadlı paytaxtında görüşə bilərlər.
Bundan əvvəlki Ağ Ev rəhbərlərinin Putinlə görüşləri müxtəlif yerlərdə olub. Misal üçün, 2015-ci ildə Kreml başçısı elə Nyu-Yorkda ABŞ rəhbəri Barak Obama ilə görüşüb. Habelə Obama-Putin görüşü Pekində keçirilib. Başqa bir görüş isə “G 20" sammitində olub və ABŞ-ın sabiq prezidenti Donald Trampla Rusiya lideri əl sıxıblar. Bayden-Putin görüşünə gəlincə, hələlik harada təşkil ediləcəyi haqda müfəssəl məlumat olmasa da, bir sıra mühüm məsələlərin müzakirə predmeti olacağı aydındır. Xüsusən Ukrayna böhranı masada baş mövzu olacaq. Bəzi müşahidəçilərin fikrincə, Azərbaycan da iki liderin görüş ünvanı ola bilər. Bundan əvvəl Bakıda bir sıra mötəbər forumlar, konfranslar keçirilib, ən əsası ABŞ və Rusiyanın Baş Qərargah rəisləri paytaxtımıza görüşə gəliblər. O nöqteyi-nəzərdən Putinlə Baydenin də öz aralarındakı gərginliyi azaltmaq üçün görüş yeri olaraq Bakını seçmələri nəzəri baxımdan mümkündür. Bu üçüncü ölkə nədən Azərbaycan olmasın? Avropanın əksər ölkələri Amerikanın arxa bağçasıdır, MDB ölkələrinin əksəri də Putinin pultu ilə idarə olunur. Azərbaycan isə Qərblə Rusiya arasında balanslı davranmağa üstünlük verir və bu, mümkün olur. İndiyədək ABŞ və Rusiya generallarının Bakıda 4-5 görüşü keçirilib.
Məhz bu ənənə, təcrübə Azərbaycana imkan verir ki, iki supergücün prezidentlərinin görüşünə ev sahibliyi etsin.
Aydın Mirzəzadə
Deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bu mövzuda danışıb. A.Mirzəzadə tamamilə mümkün sayır ki, Bayden-Putin görüşü Bakıda keçirilsin: “Bakıda Rusiya və ABŞ Baş Qərargah rəhbərlərinin bir neçə dəfə görüşü baş tutub. Azərbaycan heç bir hərbi blokun üzvü deyil və dünyanın güc mərkəzlərinin nüfuzunu qazanıb. Eyni zamanda görüşün təşkili üçün Azərbaycanda bütün şərtlər var - təhlükəsizlik, görüş üçün şərait, tərəflərin özünü evində olduğu kimi rahat hiss etməsi və s.
Bundan əlavə, ABŞ və Rusiya liderlərinin Bakıda görüşü Şərqlə Qərbin bir məxrəcə gəlməsi, böyük güclərin öz potensiallarını birinə-birinə qarşı deyil, dünyada stabilliyin yaradılmasına yönəldilməsi baxımdan nümunə olardı. Azərbaycana belə görüş üçün təklif olarsa, Bakı bunu təşkil edə bilər".
Deputatın fikrincə, tərəflər üçün görüş keçirəcək üçüncü ölkə müzakirəsində tamamilə mümkündür ki, Azərbaycan variantı da nəzərdən keçirilsin.

Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədovanın gözləntilərinə görə, tərəflər yayda görüşəcək. Onun fikrincə, hazırda artan gərginlik fonunda görüşün tarixi ertələnə və uzadıla da bilər: “Əslində Bayden yaxın həftələrdə görüşməyi təklif etmişdi. Ancaq ABŞ və onun müttəfiqləri bütün istiqamətlər üzrə Rusiyanı sıxışdırmağa başlayıblar. Bu təzyiqlərin davamı olaraq tezliklə liderlərin görüşəcəyi inandırıcı gəlmir. Ən azı görüşqabağı münasibətlərdə gərginliyin tempi aşağı düşməlidir, tərəflər qarşılıqlı müəyyən jestlər etməlidir ki, təkbətək oturub müzakirə etmək üşün əlverişli imkan yaransın. Bizsə Baydenin Putinə ”qatil" deyib, sonra zəng edib görüş təklif etməsi, ardınca Rusiyaya sanksiyaları gücləndirməsini müşahidə edirik. Bu ziddiyyət içərisində tez zamanda görüş ağlabatan görünmür". Siyasi şərhçi istisna etmir ki, Bayden və Putin nəzəri olaraq Bakıda görüşə bilərlər, amma ABŞ prezidenti Avropa ölkələrindən birini təklif edib: “Qərbi Avropa ölkələri isə ABŞ-la həmahəngdirlər, Moskvaya təzyiqlər edilməsində Almaniya, Fransa, Britaniya da Vaşinqtonu dolayısı ilə dəstəkləyirsə, Putin çətin ki, bu qitənin mərkəzi şəhərlərindən birinə getsin”.
Xatırladaq ki, Avstriya Xarici İşlər Nazirliyi ABŞ və Rusiya prezidentlərinin görüşünü təşkil etməyə hazır olduğunu bəyan edib. Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirib.
