|
Aİ təmsilçisindən Bakı ilə əməkdaşlığa zərbə və üzrü günahından betər fikirlər

“İrəvana son səfərim zamanı bu görüşü keçirmək niyyətim barədə Azərbaycan rəhbərliyinə əvvəlcədən məlumat verdim” deyən Brüssel təmsilçisinə kəskin reaksiyalar; “Bu separatizmi və terrorizmi dəstəkləyən ünsürlər özlərini elə aparırlar ki, guya ölkələrin ərazi bütövlüyü onlar üçün elə də ciddi əhəmiyyət daşımır”

Avropa Birliyinin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toyvo Klaar İrəvanda özünü “Qarabağ xarici işlər naziri” adlandıran David Babayanla görüşdən sonra ona ünvanlanan tənqidi fikirlərə reaksiya verib. “Turan” agentliyinə açıqlamasında T.Klaar deyib: “Anladığınız kimi, həm səfir K.Jankauskas, həm də mən son bir neçə gündə bu mövzuda Azərbaycanın müxtəlif yüksək vəzifəli şəxsləri ilə əlaqə saxladıq. Rəsmilərin dilə gətirdiyi narahatlıqları nəzərə aldıq və anlaşılmazlıqların qarşısını almaq üçün fikirlərimizi dəqiqləşdirdik. Bu təmaslar zamanı bir daha təsdiqlədik ki, 14 apreldə İrəvanda baş tutan bu görüş heç bir şəkildə AB-nin mövqeyindəki dəyişiklik kimi yozula bilməz. Bildiyiniz kimi, həm mən, həm də sələflərim, AB üzv dövlətlərinin verdiyi tapşırığı yerinə yetirərək, rəsmi hökumət strukturları ilə sıx və tez-tez təmaslarımızı davam etdirdik. Bu mandata uyğun olaraq bölgədə müvafiq əlaqə qurduq. Belə ki, Bakıya əvvəlki səfərlərimdə, Dağlıq Qarabağın azərbaycanlı icması, üzvləri, digər məcburi köçkünlər və onların nümayəndələri ilə mütəmadi görüşlər aparmışam. Yenə deyirəm: bu və ya əvvəlki görüşlərin İrəvanda baş verməsi həmsöhbət ilə tanınma və ya razılaşmaq demək deyildi. Heç bir halda bu, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizliyin təzahürü deyildi. Buna şübhə etmək olmaz”.

Brüssel təmsilçisi bir daha bəyan edib ki, AB Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir: “Həmişə azərbaycanlı həmkarlarımızla bu cür görüşlərdən açıq şəkildə danışmışıq. Həm də bu halda, İrəvana son səfərim zamanı bu görüşü keçirmək niyyətim barədə Azərbaycan rəhbərliyinə əvvəlcədən məlumat verdim. Məqsədim, AB-yə üzv dövlətlərin mənə verdiyi mandata uyğun olaraq mövcud vəziyyəti mümkün qədər yaxşı anlamaq idi. Bildiyiniz kimi, AB-nin vasitəçi kimi daha çox rol oynadığı Gürcüstan kontekstində AB Xüsusi Nümayəndəsi hər zaman Cenevrə beynəlxalq müzakirələri və məsləhətləşmələri çərçivəsində Abxaziya və Cənubi Osetiya nümayəndələri ilə görüşlər keçirmişdir, Suxumi və Tsxinvalidə. Bu görüşlər Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik təzahürü deyildi və AB siyasətinə təsir göstərmədi. Əksinə, vəziyyəti yerində dəqiq bir şəkildə qavramağa kömək etdilər. AB sülh layihəsi olaraq uzun bir uzlaşma tarixinə malikdir. Bunun üçün insanlar bir-birini dinləməyi, eşitməyi, diplomatlarla danışmağı bacarmalıdırlar. AB Cənubi Qafqazı bir sülh, inkişaf və firavanlıq bölgəsi olaraq görmək istərdi. Bu proses davam edir. Bu kontekstdə, Bakının bu yaxınlarda dilə gətirdiyi narahatlığı eşidirik, hörmət edirik və ciddi şəkildə nəzərə alırıq”.

Kestutis Yankauskas: Sentyabrda Naxçıvanda Avropa günləri keçiriləcək

Kestutis Yankauskas 

Xatırladaq ki, 16 apreldə AB-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas Xarici İşlər Nazirliyinə dəvət edilib və Klaarın Babayanla görüşü ilə əlaqədar ona etiraz çatdırılıb. Rəsmi açıqlamada da qeyd olunub ki, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu ilin 14 aprel tarixində Ermənistana səfəri çərçivəsində özünü “xarici işlər naziri” kimi qələmə verən, qanunsuz rejimin nümayəndəsi David Babayanla görüşməsi ilə bağlı səfir Yankauskasa etiraz bildirilib. Aİ nümyəndəsi Toivo Klaarın münaqişə sonrası bölgədə yaranmış yeni reallıqları nəzərə almayan, kövrək sülhə təhdid doğuran və qarşı tərəfə əsassız gözləntilər verən addımlar atmasının yolverilməz olduğu vurğulanıb. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu kimi fəaliyyətinin Azərbaycan tərəfinin ona olan etimadını heçə endirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb. “AB nümayəndəsi Toivo Klaarın bu cür addımlarının qəbuledilməz olduğu, münaqişədən sonra bölgədəki reallıqlar nəzərə alınmadığı, kövrək bir sülhü təhdid etdiyi və qarşı tərəfə əsassız gözləntilər göstərdiyi vurğulandı. Səfirə Aİ-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsinin bu cür hərəkətlərinin Azərbaycan tərəfinin ona olan inamını sarsıtdığı barədə məlumat verildi”, - rəsmi açıqlamada deyilir.

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlı olduğu dəfələrlə, yüksək səviyyədə bəyan olunub. Hətta bir müddət öncə dövlət başçısı AB ilə strateji sazişin çox böyük hissəsinin razılaşdırıldığını, ancaq pandemiya səbəbindən prosesin yarımçıq qaldığını bildirdi. Ancaq bununla belə, Aİ üzvü olan bir çox ölkələrlə ikitərəfli strateji əməkdaşlıq sazişlərinin imzalandığı nəzərə çatdırıldı. Brüssel təmsilçisinin Qarabağdakı terrorçu rejimin təmsilçisi ilə görüşməsi təbii ki, qəbulolunmazdır. Azərbaycan Prezidenti hələ illər öncə Aİ rəsmilərilə görüşlərdə bu qurumla əməkdaşlığa önəm verdiyini qeyd etməklə yanaşı, ərazi bütövlüyümüzə birmənalı dəstəyin ifadə olunması zərurətini çatdırmışdı. Təsəvvür edin, əgər ölkə Prezidenti hələ torpaqlar işğal altında olarkən Aİ ilə əməkdaşlıq üçün ilkin şərt olaraq ərazi bütövlüyümüz məsələsini qoyurdusa, indiki durumda, zəfər qazandıqdan sonra Azərbaycanın maraqlarına zidd hansısa addımı heç zaman qəbul edə bilməz, bu, şübhəsizdir.

Fazil Mustafa: "Bu təxribat Vilayət Eyvazova qarşı yönəlib"

Fazil Mustafa

Deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında Aİ təmsilçisinin davranışına adekvat cavab verilməsini zəruri saydı: “Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar bölgədə separatizmi və terrorizmi dəstəkləyən şəxs olaraq rəsmi Azərbaycan tərəfindən sərt etirazla cavablandırılmalıdır. Bu separatizmi və terrorizmi dəstəkləyən ünsürlər özlərini elə aparırlar ki, guya ölkələrin ərazi bütövlüyü onlar  üçün elə də ciddi əhəmiyyət daşımır. Üstəlik də bildirilir ki, Azərbaycanı bu barədə məlumatlandırıblar. Halbuki onlar bu cür məsələlərlə bağlı Azərbaycanı məlumatlandırmalı deyil, onun icazəsini almalıdırlar. Çünki görüşdüyü şəxs terrorçu və separatçıdır, onunla beynəlxalq konvensiyalara zidd olaraq görüşən şəxs də avtomatik olaraq Babayanla eyni statusu bölüşmüş olur. Klaar eyni addımı Cənubi Osetiya və Abxaziyada da Gürcüstanın icazəsi olmadan ata bilərmi? Halbuki artıq Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və Dağlıq Qarabağ adlanan siyasi termini tarixin arxivinə göndərib”. Fazil Mustafa hesab edir ki, məsələyə səthi yanaşmaq olmaz: “Bu ad altında hər hansı bir fəaliyyət Azərbaycan tərəfindən terrorçuluq fəaliyyəti kimi qiymətləndirilir və Avropa Birliyi təmsilçisi ilk növbədə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul olunan öz qurumunun qətnaməsinin müddəalarına hörmətlə yanaşmalıdır”.

Ceyhun Məmmədov medalla təltif edilib

Ceyhun Məmmədov 

Deputat Ceyhun Məmmədov isə qeyd etdi ki, bu məsələdə bir neçə məqam xüsusi diqqəti çəkir: “Öncə ermənilər bu kimi təxribatlara son qoymalıdılar. Artıq qondarma respublikanın taleyi həll olunub, ordusu darmadağın edilib. Əgər onlar baş verənlərdən nəticə çıxarmaslar, daha ağır duruma düşəcəklər. Ona görə yaxşı olar ki, erməni tərəfi bu kimi təxribatlardan əl çəksin”. Deputat hesab edir ki, bu kimi görüşlərdə onlar daha maraqlıdılar və bununla özlərinə təskinlik verməyə çalışırlar: “Əslində Ermənistan tərəfi daha çox əməkdaşlıq, bölgədə sülhün və əmin-amanlığın bərpasında maraqlı olmalıdır. Ancaq əksini görürük”. Beynəlxalq qurumlara gəldikdə, C.Məmmədov vurğuladı ki, onlar diqqətli olmalı, bilməlidilər ki, ermənilər belə təxribatlarda mahirdirlər: “Ona görə bu kim görüşlər keçirilərkən həmin məqam mütləq nəzər alınmalıdır. Görüşdən sonra yayılan məlumatlar diqqətdə saxlanılmalıdır. Bu görüş təşəbbüsünün haradan gəlməsi və hansı məqsədi daşıması məlum məsələdir”. Deputat Aİ təmsilçisinin iddialarını təkzib etdi: “Azərbaycan üçün münaqişə bitib və Azərbaycanın AB-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsinin qondarma rejimin XİN rəhbəri ilə görüşünə razılıq verməsi mümkün deyil. Çünki Azərbaycan tərəfi belə bir qurumu və onun qondarma rəhbərini tanımır. Ona görə beynəlxalq qurumlar bölgədə baş verən hadisələrdən nəticə çıxarmalı, yeni reallığı nəzərə almalı, bölgədə vəziyyəti gərginləşdirə biləcək görüş və bəyanatlardan uzaq olmalıdılar”. C.Məmmədov bildirdi ki, Azərbaycan Aİ  ilə əməkdaşlıqda maraqlıdır: “Cənab Prezidentin də qeyd etdiyi kimi, pandemiyadan sonra danışıqlarların bərpa olunması nəzərdə tutulur. Bu hazırkı dönəmdə həm də Aİ-dən asılı olan bir məsələdir. Əgər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmət olunarsa, Azərbaycanın bölgədə yaratdığı yeni reallıq nəzərə alınarsa, bu əlaqələr bərpa oluna və inkişaf edə bilər. Yox, Aİ hansısa ölkənin diktəsi ilə başqa mövqe sərgiləyərsə, bu, ikitrəfli münasibətlərə təsir edə bilər".

Elxan Şahinoğlu: “Ermənistan hakimiyyətinə bir başqası gələrsə bu Dağlıq  Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər”

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqının xüsusi nümayəndəsinin İrəvan səfəri zamanı separatçıların təmsilçisi ilə görüşməsi Azərbaycan - Aİ münasibətlərinə mənfi təsir edəcək bir addımdır: “Aydındır ki, bu görüş keçiriləndə əvvəlcədən separatçılara məlumat verilib və separatçıların təmsilçisi Xankəndindən İrəvana gedib. Bakıya isə bu barədə məlumat verilməyib. Bu faktın özü mənfi addımdır. Halbuki bu məsələ rəsmi Bakı ilə razılaşdırılmalı, icazə alınmalı idi. Aİ-nin verdiyi cavab da qaneedici deyil. Aİ Azərbaycanın ərazi bütövlüyünə dəstək verirsə, bunu əməldə də təsdiq etməlidir, bu, məsələnin bir tərəfidir. Üstəgəl, Azərbaycan-Avropa İttifaqı arasında strateji sazişin imzalanması ilə bağlı illərdir danışıqlar gedir. Müharibə mane olmasaydı, bəlkə də saziş imzalanmışdı. Müharibə mane oldu. Amma bəzi detallar var ki, onlar da razılaşdırılmalıdır. Amma bu cür səfərlər, separatçılarla belə təmaslar sazişin imzalanmasını da müəyyən qədər ləngidə bilər, bu da tərəflərin maraqlarına uyğun deyil”.

E.Şahinoğlu hesab edir ki, Aİ-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Bakıya gəlib, məsələyə aydınlıq gətirməlidir: “Əks halda, bu addım münasibətlərə mənfi təsir edə bilər. Halbuki Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa üstünlük verir. Əsas iqtisadi-ticarət tərəfdaşlarımız Avropadadır. Qazımızın əsas ünvanı da Avropadır. Bu qədər əməkdaşlıq var ikən, Avropanın ən azı 9-10 dövləti ilə ayrılıqda strateji saziş imzalanmışkən, bu cür addımlar əlbəttə ki, əməkdaşlığa zərbə vura bilər. Yəqin bunu özləri də anlamamış deyillər. Amma verdikləri cavab tutarlı deyil və növbəti bir açıqlamadır. Məsələyə aydınlıq gətirmək məqsədilə Aİ nümayəndəsinin Bakıya səfər etməsinə və məsələnin aydınlaşdırılmasına ehtiyac var”. E.Şahinoğlu qeyd etdi ki, söhbət təkcə səfərdən getmir: “Nəyin müzakirə edildiyini də dəqiq bilmirik. Azərbaycan münaqişəni böyük ölçüdə həll edibsə, separatçılarla hansı məsələlər müzakirə olunur? Bu da sirr olaraq qalır və məsələnin aydınlaşdırılmasına və Bakıya izahat verilməsinə ehtiyac var”. Politoloq hesab edir ki, gələcəkdə bu cür səfər və görüşlər presedent rolunu oynaya bilər: “Belə çıxır gələcəkdə İrəvana gələn digər beynəlxalq təşkilatın, yaxud hansısa ölkənin rəsmisi də İrəvanda separatçılarla görüşə bilər. O zaman biz də bu görüşlərdə nələrin müzakirə olunmasından xəbərsiz qala bilərik. Ona görə də rəsmi Bakının bu məsələni Brüssellə ciddi şəkildə müzakirə etməsinə ehtiyac var”.

Aİ təmsilçisinin, guya Qarabağ separatçısı ilə görüşlə bağlı rəsmi Bakını məlumatlandırdığı barədə iddiasına XİN-dən münasibət öyrənmək istəsək də, mümkan olmadı. Yəqin ki, rəsmi Bakı bu iddianın da cavabını kifayət qədər sərt dildə verəcək. Çünki dövlət başçımızın bəyan etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb, Qarabağın dağlıq hissəsində yaşamaq istəyən ermənilər də Azərbaycan vətəndaşı olaraq normal şəkildə yaşaya bilərlər, başqa iddiaların cavabı “Dəmir yumruq” olacaq.

Aİ təmsilçisinin davranışları onu göstərir ki, ikili standartlar davam edir. Təsəvvür edin, Brüssel Rusiyadan öz qoşunlarını Ukrayna ilə sərhəddən geri çəkməyi tələb etdiyi halda, qurumun təmsilçisi Azərbaycan ərazisinə qəsd edən cinayətkar ünsürlərlə danışıqlar aparır. Terrorçularla danışıqlar aparıcı beynəlxalq təşkilatın adına, yumşaq desək, xələl gətirir.