|
Baydenin “qatil” dediyi Putinə zəngi: b

Ekspertlərin fikrincə, Kreml sahibinə də bu görüş lazımdır ki, iki ölkə arasında və Ukraynaya görə artan gərginlik azalsın, amma əsla barış görüşü olmayacaq

ABŞ prezidenti Cozef Baydenin Kreml başçısı Vladimir Putinə zəngi ikinci “soyuq müharibə”nin qismən səngiyəcəyi ehtimallarını yaradıb. “Yeni Müsavat”ın verdiyi məlumata görə, bu telefon zəngi ABŞ-ın Rusiya qarşısında bir qədər çəkilmə siyasətinə üstünlük verməsi kimi qiymətləndirilir. Amerika mənbələrinin açıqladığı məlumatlarda nə qədər malalansa da, görünür ki, ABŞ Rusiya ilə burun-buruna dayanmağın tərəfdarı deyil. Ukrayna məsələsi ilə bağlı amerikalı rəsmilərin son açıqlamaları da göstərir ki, Vaşinqton gərginliyin aradan qalxmasında maraqlıdır.

Bu mövqenin kulminasiyası isə Baydenin Putinə zəngi, ona üçüncü ölkədə görüş təklif etməsidir. Sitat: “Bayden ABŞ-ın maraqlarına uyğun olaraq Rusiya ilə sabit və proqnozlaşdırılan münasibətlər qurmağa çalışdığını bir daha təsdiqləyib və Putinə ABŞ və Rusiyanın qarşılaşdığı problemlərin bütün spektrini müzakirə etmək məqsədilə yaxın aylarda üçüncü bir ölkədə zirvə görüşü keçirməyi təklif edib”.

Bu açıqlamadan görünür ki, ABŞ Rusiya ilə gərginliyin dozasının daha da artmasını istəmir. Üstəgəl, “qatil” adlandırdığın liderə sonradan zəng etmək, görüş təklifi irəli sürmək rəqib qarşısında ilk mərhələdə məğlub görünmək, dediyinin arxasında durmamaq təəssüratı oyadır. Hər halda, supergüc dövlətin yeni prezidentinin belə tezliklə geri çəkiləcəyi proqnozlaşdırılmırdı. Bəs bunun səbəbi nədir? Putin Baydenin təklifini qəbul edəcəkmi? Onlar hansı ölkədə görüşə bilərlər? 

Putinlə Bayden arasında telefon danışığı olub

NATO-nun Avropadakı qoşunlarının keçmiş komandanı Ceyms Stavridis isə əksinə, çağırış edib ki, Rusiyanın hərbi qüvvələrini artırması fonunda ABŞ Ukraynanı silahlandırmağa davam etməli, eləcə də Moskvaya qarşı sanksiyalar tətbiq etməlidir.

Ancaq rusiyalı analitik Andrey Piontkovski o qənaətdədir ki, Baydenin zəngi böyük psixoloji səhv idi: “Bayden Ukrayna sərhədindəki vəziyyətlə bağlı Putinə zəng vurmaqla düşünülməmiş addım atdı. Kreml bilərəkdən vəziyyəti ən yüksək gərginlik nöqtəsinə çatdırdı ki, ABŞ və Rusiya liderləri danışıqlar aparsınlar”.

Elxan Şahinoğlu: “Avropa ölkələri sanksiyaların əleyhinədir”

 Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, siyasət budur, qatil dediyin şəxsə bir müddət sonra görüşməyi təklif edirsən: “Kreml sahibinə də bu görüş lazımdır ki, iki ölkə arasında və Ukraynaya görə artan gərginliyi nisbətən azaltmaq mümkün olsun.

Ancaq bu əsla barış görüşü olmayacaq. ABŞ-ın və Rusiyanın diametral fərqli maraqları liderlərin bir görüşü ilə həll ediləsi deyil. Sadəcə, hər tərəfin bir addım geriləməsinə ehtiyac var. Çünki kiçik qığılcım bölgəni dəhşətli müharibəyə sürükləyə bilər. Vaşinqtonla Moskva arasında dialoq təşəbbüsü yeni model deyil".

Politoloq hesab edir ki, “soyuq müharibə”nin ən ağır illərində belə ABŞ və SSRİ liderləri görüşərək mürəkkəb vəziyyətdən çıxış yolları axtarırdılar: “Məhz bu dialoq iki nüvə dövləti arasında hər dəfə müharibənin başlaması ehtimalını azaldırdı. Görünür, indi də buna ehtiyac var. Ancaq o da bəllidir ki, vaxtilə SSRİ-ni çökdürən Vaşinqton bu dəfə beyin mərkəzlərinə oxşar tapşırıq verib: ”Necə edək ki, Rusiyanın aqressivliyini ortadan qaldıraq". Bu tapşırığın yerinə yetirilməsi yalnız Amerikanın maraqlarına cavab vermir".ə

Türkmənistanda saraydaxili müəmma: Prezident iqtidarı oğluna ötürür?

Züriyə Qarayeva

Siyasi ekspert Züriyə Qarayevanın bildirdiyinə görə, Trampın hakimiyyəti dövründə ABŞ-ın Rusiyaya qarşı sərt mövqe nümayiş etdirməməsi, Obamanın dönəmində isə sərt bəyanatların çox zaman sadəcə sözdə qalması Putin administrasiyasının Baydenin siyasi ritorikası ilə bağlı eyni ehtimalı gözləməsinə səbəb oldu: “Lakin Bayden unutqan yaddaşa və dəyişik manevrlərə malik olmasına baxmayaraq, dövlətinin strateji maraqlarından güzəştə getmədən Yaxın Şərq və Ukrayna məsələlərində iddialı olduğunu göstərdi. Putinə qarşı sərt ultimatumlar səsləndirərək Qara dənizə gətirilən uzaqmənzilli hərbi texnikaların sadəcə təlim xarakteri daşımadığını opponentinə xatırlatdı.

Digər tərəfdən isə İdlibdə və Krımda rəsmi Moskvanın Ankara ilə maraqlarının toqquşması, Ərdoğanın  Zelenski ilə görüşdə beynəlxalq hüquqa qətiyyən zidd olmayan “Ukraynanın ərazi bütövlüyünü tanıyırıq” ifadəsi və Rusiyanın boğazlarda hərəkətini məhdudlaşdırmağa yönəlmiş strateji hədəfləri şimal qonşumuzu regionda təklənmə xofu ilə qarşı-qarşıya qoyub".

Z.Qarayevanın fikrincə, elə bu səbəbdəndir ki, Rusiya tərəfi ardıcıl mesajlar verirdi: “Dumanın ”ATƏT-in Minsk Qrupunun egidası altında Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin müntəzəm görüşlərinin keçirilməsi təcrübəsini bərpa etmək olar və bu, əhəmiyyətli beynəlxalq rezonans əldə edə bilər", Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasinin “Rəsmi Vaşinqton və Paris bu işdə faydalı rol oynaya bilər. Bu üçlük təcrübə və ciddi xarici dəstəyə malikdir” bəyanatları həmsədrləri yenidən aktiv olmağa səsləməkdir. Yəni Rusiya regional siyasətdə yalnız hərbi gücün deyil, siyasi dəstəyin də vacib olduğunu anlayaraq, ABŞ kimi supergüclə hesablaşmağa qərar verib. Bu “geri addım” Ukraynadakı münaqişənin hələ bir müddət lokal səviyyədə qalacağından xəbər verir".