Qanuna təklif edilən düzəliş etiraz doğurdu; deputat: “Biz dövlət orqanlarını cərimələrin təyin olunmasına şirnikləndiririk”
Aprelin 13-də Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Cari məsələlər ətrafında çıxış edən komitə sədri Musa Quliyev ölkə Prezidentinin Hərbi Qənimətlər Parkının açılışını etməsindən danışdı, ölkə başçısının hərbçilərlə görüşündə səsləndirdiyi fikirlərdən bəhs etdi.
Deputat Azay Quliyev də Hərbi Qənimətlər Parkında sərgilənən hərbi qənimətlərdən bəhs etdi: “Bu park Azərbaycanın zəfərinin simvoluna çevrilib”. Deputat əlavə etdi ki, ermənilər bu parka baxanda özlərinin məğlubiyyətini görürlər: “Bu, həm də dünya erməniliyinə bir mesajdır ki, bundan sonra eyni davranışların cavabı məhz belə olacaq”. Deputat bildirdi ki, Ali Baş Komandanın döyüşçülərin böyük bir heyəti ilə görüşü də möhtəşəm hadisə idi.
Deputat Sahib Alıyev isə bildirdi ki, parkdakı silahlar Ermənistanın boyunu kifayət qədər aşır: “Sual yaranır, dilənçi Ermənistan 5 milyardlıq silah-sursatı necə alıb?”
Komitə sədri Zahid Oruc bildirdi ki, Hərbi Qənimətlər Parkı təkcə dağıdıcı silahların, bir vaxtlar keçilməz sayılan istehkamların deyil, ilk növbədə torpağın üstü əvəzinə altında rahat yaşayan erməniçiliyin şəklidir: “Ora ziyarətə gələn milyonlarla azərbaycanlı üçün düşmən ordusunun həqiqi simasının yeni adı ”8 noyabr" prospektidir. Bəli, düz 30 il Qarabag və ətraf ərazilər özü boyda qənimətlər parkı idi, lakin düşmən o əraziləri özü üçün məzarlığa çevirdi". Deputat qeyd etdi ki, müstəqil Azərbaycan dövlətinin son 100 illik tarixində ilk dəfə, o cümlədən keçmiş sovet ölkələri içərisində qalibiyyət və qənimət meydanı olan bir neçə ölkədən biriyik: “Hərbi Qənimətlər Parkı olan London, Vyana, Paris isə 200-300 il əvvəlki tarixin irsini daşıyır. Faşizm üzərində qələbədə olduğu kimi 21-ci əsrdə erməni əsgəri texnikasi ilə birgə təslim olmuşdu. O park milyonlarla insanımız üçün qəlb rahatlığı yeridir, çünki 23 min şəhidimizin qisasının alındığı erməni məzarlığıdır, qalib ordumuzun birgə silahları ilə yaratdıqları əsərdir, ən yaxşı hərbi məktəbdir, institutdur, nəhayət, and yeridir. Çünki o texnologiyaları hərbi müdavimlər, gələcəyin generalları gəlib gerçək dərslər kimi öyrənəcəklər. 44 gündə hər an döyüş meydanlarından gözlədiyimiz xəbərlərin özü gəlib paytaxtımıza. O meydana gətirilməyən düşmən silahının öz başına endirildiyi digər qənimətlər də var. Bu, təkcə iqtisadi qazanc deyil, həm də həyatını itirə biləcək minlərlə insanımızın qorunması deməkdir".
Deputat Fazil Mustafa Bakıdakı gecəqondularla bağlı problemdən bəhs etdi. O, Bakının bir çox yerlərində olan gecenqondularda yaşayan insanların taleyinə toxundu. “Bakıdakı gecenqondularda müxtəlif yerlərindən gəlib yaşayırlar. Onlar məcburi köçkün deyillər. Biz necə edək ki, bu insanlar öz dədə-baba torpaqlarında gedib mal-qaralarını saxlasınlar? Bakıya baxanda bir gecəqondu şəhəri olduğunu görmək olar”, - F.Mustafa bildirdi. Deputatın sözlərinə görə, hansı icra hakimiyyətinə bələdiyyə sənədi aparılırsa, deyirlər keçərli deyil: “Bir ölkədə ki, bələdiyyənin qərarı keçərli deyilsə, o halda, ümumiyyətlə, bələdiyyənin fəaliyyəti dayandırılmalıdır. Yerinə baxmadan sərəncam veriblər. Bütövlükdə qanunsuz evlərin sənədləşdirilməsi məsələsi həllini tapmalıdır”.
Qüdrət Həsənquliyev həmkarlarına, o cümlədən iclasda iştirak edən Hesablama Palatasının üzvlərinə müraciətlə hər kəsi YAŞAT Fonduna miqdarından asılı olmayaraq, növbəti dəfə vəsait köçürməyə çağırdı: “YAŞAT Fondu qazilər və şəhid ailələrinin ehtiyacları üçün işlər görür. Ona görə də bu fonda vəsait köçürülməsinə ehtiyac var. Həm də müqəddəs Ramazan günlərində din xadimləri də xeyriyyəçilik işlərini təşviq etməlidirlər”.
Deputat həmçinin çıxışında son günlər koronavirusdan ölüm saylarının artmasından dolayı narahatlığını da ifadə etdi: “Pandemiya bütün dünyada gündən-günə genişlənir. Ancaq ölkəmizdə peyvənd olunma işi çox da sürətlə getmir. Əgər vaksin ehtiyatlarımız varsa, televiziyalarda sosial çarxlar yayınlanmalıdır. Bununla bağlı maariflənməyə ehtiyac var. Təbliğat işləri yetərli deyil”.
Daha sonra Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarıldı. Hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edərək bildirdi ki, ötənilki nəzarət tədbirləri daha çox aqrar sahəni, dövlət satınalmaları, maliyyə hesabatlarının təhlili, həmçinin büdcənin planlaşdırılması və icrası sahələrini, DSMF-nin hesabatlılığını əhatə edib. V. Gülməmmədov qeyd etdi ki, subsidiyalara müraciət edən istehsalçıların sadəcə dörddə biri torpaqlara mülkiyyət hüququna dair çıxarışla təmin edilib, becərilən torpaqların 33,7 faizi dövlət dəstəyindən kənarda qalıb: “Mühasibat uçotunun aparılmasında ixtisaslaşmış kadrların çatışmazlığı, səriştəli kadrların isə özəl sektora axını müşahidə olunub”. Hesablama Palatasının sədri dedi ki, il ərzində aparılan auditlərlə müəyyən olunub ki, hesabatlarda düzgün əks etdirilməyən məbləğ 412,4 milyon manat təşkil edir: “Mühasibatlıq prinsiplərinə əməl edilməməsi və mühasibat yazılışlarının doğru verilməməsi hallarına aid edilən məbləğ isə ümumilikdə 335,4 milyon manat həcmindədir. 2020-ci ildə başa çatdırılmış 34 audit üzrə nəticələrə əsasən, 452 halda nöqsan müəyyən edilib. Hesabat ilində ümumilikdə 130,3 milyon manat qeyd edilmiş nöqsan təsnifatı üzrə hüquqi aktların pozulması ilə icra olunub. V.Gülməmmədov əlavə etdi ki, Hesablama Palatası ictimai təşkilatlarla əməkdaşlıq edir, habelə Türkiyənin müvafiq Hesablama Palatası ilə təcrübə mübadiləsi aparılır.
Komitə sədri Tahir Mirkişili sənədlə bağlı fikirlərini bölüşərək bildirdi ki, Palatanın verdiyi təkliflərin hökumətin qərarlarında öz əksini tapması Milli Məclis və hökumət arasında əməkdaşlığın bariz nümunəsidir: “Bəzi sahələrdə, məsələn, dövlət satınalmalarında, müəyyən edilən nöqsanlar bu sahələrdə daha ciddi tədbirlərin görülməsini zəruri edir. Maliyyə intizamı həmin sahələrdə gücləndirilməlidir”. Komitə rəhbəri hesabatda aşkar edilmiş pozuntularla bağlı geniş təhlil aparıldığını söylədi: “Hesabatda rast gəlmədiyimiz bələdiyyələrin də fəaliyyətinin audit olunması tərəfimizdən palataya tövsiyə olunub. Palatanın fəaliyyətində istinad edəcəyi yeganə ən güclü mənbə qanunlar və qərarlardır. Dövlət satınalmaları ilə bağlı yeni qanunun hazırlanması artıq bitmək üzrədir”.
Əli Məsimli Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyində aşkarladığı nöqsanlardan bəhs etdi. Onun sözlərinə görə, bu sahədə ümumilikdə 79 nöqsan aşkar edilib: “Həmin nöqsanlardan 7-si mineral gübrələr, 18-si isə subsidiyalarla bağlıdır. Bu 79 nöqsanın xeyli səbəbi var”. Ə.Məsimli digər vacib məsələyə diqqət çəkdi: “Kənd təsərrüfatında çalışanların xeyli hissəsinin torpaq mülkiyyəti ilə bağlı problemi olduğundan subsidiya ala bilmir. Bu halda da qanunsuz yola baş vururlar. Torpaq mülkiyyət münasibətlərini səhmanlamaq lazımdır. Bu sahədə şəffaflığın artırılmasını, mineral gübrələrin satışında inhisarların aradan qaldırılmasını, süni qiymət artımı məsələsini kəndlilər problem kimi görür. Ona görə də bu məsələnin həll edilməsinə ehtiyac var”.
Azay Quliyev bildirdi ki, Palata monitorinq və auditini qanunculuq, müstəqillik, obyektivlik və peşəkarlıq əsasında aparıb. Bu səbəbdən də 452 nöqsan ortaya çıxarılıb, eləcədə 16 məsələnin hüquq-mühafizə orqanlarında araşdırılması haqda qərar verib. A.Quliyev təklif edib ki, Hesablama Palatasının elektron imkanları genişləndirilsin: “Həmçinin büdcə təşkilatlarının maliyyə əməliyyatlarının vahid elektron mexanizminin yaradılması və Hesablama Palatasının bu sistemə çıxış imkanının olması büdcə maliyyəsinin səmərəli xərclənməsinə gətirib çıxara bilər. Yəni vahid elektron sistemə Hesablama Palatası nəzarət edə, eyni nöqsanların olmasının qarşısını ala, qüsuru olan qurumda daha geniş yoxlamalar apara bilər”.
Razi Nurullayev dedi ki, audit fəaliyyət sayı çox azdır: “Auditin əhatə etdiyi büdcə vəsaitləri də çox azdır. Dövlətin büdcəsi 24 milyard manat, amma audit olunan vəsait milyonlar. Səmərəlilik auditinin də zəif olması məsələsini bir neçə dəfə demişəm, yenə də demək istəyirəm ki, hazırkı monitorinq alətlərinə qarşı idarə və müəssisələr immunitet və ya cavab tədbirləri yaradıb. Eyni monitorinq alətlərini dalbadal tətbiq etmək on milyonlarla oğurlanan büdcə vəsaitinin 4-5 rəqəmli olmasına gətirib çıxarır. Mütləq yeni monitorinq və audit alətləri işləyib hazırlamaq lazımdır”.

Müzakirələrdən sonra Palata sədri Vüqar Gülməmmədov deputatların fikir və təkliflərinə münasibət bildirdi. Daha sonra Hesablama Palatasının illik hesabatı səsverməyə qoyularaq qəbul edildi.
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun layihəsi ikinci oxunuşda müzakirə olundu.
Aqil Abbas şəhid anası medalının təsis edilməsi barədə təşəbbüs səsləndirdi. Bildirdi ki, əslində belə bir təkliflə xalq yazıçısı Çingiz Abdullayev çıxış edib. “Çingiz Abdullayev belə bir məsələ qaldırıb ki, niyə ölkəmizdə şəhid anası medalı təsis edilməsin? Çox maraqlı təklifdir. Bəlkə biz bu məsələyə baxaq, bizdə də Şəhid anası medalı təsis olunsun və onlara təqdim olunsun”.
Novruzəli Aslanov isə bildirdi ki, Ç.Abdullayev şəhid analarına medal verilməsini təkid etmirdi, sadəcə, döş nişanının qəbul edilməsini təklif etmişdi. N.Aslanov bununla bağlı addımın atılmasının tərəfdarı kimi çıxış etdi.
Sabir Rüstəmxanlı dedi ki, Ermənistan bizim əleyhimizə iş aparmaqdadır: “Bizə atılan böhtanlara yetərincə cavab verilmir. Ona görə də Azərbaycanda ciddi informasiya mərkəzinin yaradılmasına ehtiyac var. Bəlkə də elə adı Qarabağ İnformasiya Mərkəzi olmalıdır”.
S.Rüstəmxanlı rayonlardakı işsizlik problemindən, o cümlədən Neftçalanın kəndlərinin su problemindən danışdı. Dedi ki, Kür keçənilkindən acınacaqlı vəziyyətdədir, artıq arxa çevrilir, Xəzər Kürə axır, insanlar bilmir neyləsin: “Kür boyu çoxlu balıq nohurları var. Məcbur edirlər insanlar şor su içsin, balıqlar şirin su içsinlər. O nohurların fəaliyyəti dayandırılmalıdır”.
Milli Məclisin plenar iclasında “Prokurorluq haqqında” Qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Layihəyə əsasən, cinayət işi və bəzi inzibati cərimələrdən büdcəyə daxil olan vəsaitlərin bir hissəsi prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi texniki bazasının möhkəmləndirmək məqsədi prokurorluğun xəzinə hesabına köçürüləcək.
Qüdrət Həsənquliyev müzakirələr zamanı çıxış edərkən Azərbaycanda 8 istintaq orqanının olduğunu xatırladaraq bildirdi ki, bu orqanlarla bağlı da qanunlara dəyişiklik etmək zəruridir: “Dəyişiklik olmalıdır ki, bu güzəştləri onlara da şamil edək. Sabah məhkəmələr də bu təşəbbüslə çıxış edəcək ki, hansısa cərimələrdən gəlirlərin bəzi hissəsi bizə gəlsin. Ümumiyyətlə, bundan imtina etmək lazımdır. Biz dövlət orqanlarını cərimələrin təyin olunmasına şirnikləndiririk. Bundan imtina edilməlidir”. Q.Həsənquliyev onu da bildirdi ki, Azərbaycanda prokurorluq orqanlarında qəbul qaydaları çox çətindir: “Avropa ölkələrində gənc hüquqşünasları prokurorluq orqanları ilə işləməyə dəvət edirlər. Amma bizdə o qədər mərhələlər var ki... Növbəti oxunuşlara qədər biz bu məsələni müzakirə etməliyik. Ümumiyyətlə, dövlət qulluğuna qəbul qaydaları da sadələşdirilməlidir. Test imtahanı verən şəxslər işə qəbul olunmalıdır. Bundan sonra olanlar süni əngəllərdir. Biz gənclərimizin işlə təmin olunmasını asanlaşdırmalıyıq”.
Müzakirələrdən sonra layihə qəbul olundu.
