Bu sahənin inkişafında yeni mərhələ nə zaman başlayacaq?
Azərbaycanda qeyri-neft sektorunun inkişafı dedikdə, istər-istəməz diqqət kənd təsərrüfatına yönəlir. Bu, son illərdə ölkədə aqrar sektorun inkişafının əsas prioritetlərdən biri elan olunmasından irəli gəlir. Lakin aydın məsələdir ki, qeyri-neft sektoru yalnız aqrar sahədən ibarət deyil və dünyanın inkişaf etmiş ölkələrində bu sahənin payı qeyri-neft sənayesindən qat-qat aşağıdır.
Azərbaycanda sənayenin qeyri-neft bölməsinin inkişafı da hökumətin diqqətində olan məsələlərdən biri hesab olunur. Son illərdə qeyri-neft sənayesinin inkişafına yönəlik bir sıra mühüm addımlar atılıb: sənaye parkları, məhəllələri yaradılır, onlarda istehsal müəssisələri yaradan şirkətlərə böyük güzəştlər təqdim olunur. Əvvəllər 7 illik dövr üçün nəzərdə tutulan bu güzəştlər keçən ildən 10 ilə qaldırılıb. Mütəxəssislər hesab edirlər ki, yeni istehsal müəssisələrinin yaradılması ilə yanaşı sovet dövründən qalan, inkişaf potensialı yüksək olan sahələrin dirçəldilməsi də vacibdir. Belə sahələrdən biri alüminium və ondan hazırlanan məmulatlar istehsalıdır.
Sovet dövründə 12-13 min nəfərin çalışdığı bu sahə böyük əməktutumlu olmaqla yanaşı, hazır məhsulların satış bazarı baxımından da əlverişli idi. Azərbaycanda istehsal olunan alüminium məmulatların böyük hissəsi başqa respublikalara ixrac edilirdi. Sahənin inkişafına gətirəcək müsbət hal budur ki, indi də Azərbaycan bu məhsulların ixracında problemlə üzləşmir. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən bu ilin yanvar-fevral aylarında Azərbaycan 27,7 milyon dollar dəyərində 11,8 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,2 milyon dollar (78,7 faiz) və 3,6 min ton (43,9 faiz ) çoxdur. Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatların ixracı Azərbaycanın ümumi qeyri-neft ixracının 8,37 faizini təşkil edib. 2021-ci ildə isə Azərbaycandan xaricə 113 milyon 446,9 min dollarlıq alüminium və ondan hazırlanan məmulatlar satılıb.
![]()
Alüminium istehsalını həyata keçirən “Azəralüminium” MMC ölkənin ən başıbəlalı şirkətlərindən biridir desək, yanılmarıq. Belə ki, 2002-ci ildə Sumqayıt aliminium zavodu, Gəncə gil-torpaq kombinatı və Daşkəsən alunit mədən idarəsindən ibarət olan “Azəral” Səhmdar Cəmiyyəti Hollandiyanın "Fondel Metal Participations B.V" şirkətinə idarəetməyə verilib. Daha sonra müqavilə ləğv edilib, “Azəralüminium” ASC yaradılıb. Hökumət sahənin dirçəldilməsi üçün ASC-yə Mərkəzi Bank və Beynəlxalq Bank vasitəsilə 500 milyon manatdan yuxarı sərmayə yönəldib, qurumun müxtəlif dövlət şirkətlərinı olan borcları silinib. Lakin 2015-ci ildə Beynəlxalq Bankda problemlər aşkarlanarkən aparılan araşdırmalar göstərib ki, ayrılan çoxmilyonluq ucuz kreditlərin böyük hissəsi təyinatından yayındırılıb. Verilən kreditlərin qaytarılmasını təmin etmək üçün ASC “Aqrarkredit” ASC-nin balansına verilib. 2017-ci ildə isə ASC Prezidentin fərmanı ilə yaradılan “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tabeliyinə verilib. Ondan ötən dövr ərzində MMC-yə çevrilən “Azəralüminimun”un müəssisələrində istehsalın modernləşdirilməsi istiqamətində müəyyən addımlar atılıb.
MMC-nin internet saytında verilən məlumata görə, şirkətin əsas müəssisəsi olan Alüminium Kompleksi Gəncə şəhərində yerləşir. Kompleksin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu , Təzyiqlə Emal və Boyama Zavodu, ) və 2 köməkçi sahə (110 kvt-luq Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası), digər obyektlər daxildir. Azəralüminium ilkin alüminium, fasiləsiz tökmə rulonlar və soyuqyayma məhsulları təklif edir. Şirkət istehsalının 90 faizini 15-dən çox xarici ölkəyə ixrac edir.

MMC Kimyəvi Kompleks və Gil-Torpaq Zavodunun xammal təchizi məqsədilə Daşkəsən Alunit Mədəninin işlənməsi, illik 480 000 ton istehsal gücünə malik olan Gəncə Gil-Torpaq zavodunun təkmilləşdirilməsi, Alunit əsaslı mineral gübrə istehsalı üzrə ixtisaslaşacaq Kimyəvi Kompleksin inşası, Elektroliz Zavodunun illik istehsal gücünün 250 000 tona çatdırılması, 250 000 tonluq Kalsinasiya zavodu və illik istehsal gücü 125 000 ton olacaq Anod zavodunun inşası, son texnologiyalar əsasında Sumqayıt Alüminium Zavodunun yenidən qurulması kimi planlara malikdir.
Bu planları yerinə yetirmək üçün “Azərbaycan Sənaye Korporasiyası” Almaniyanın “Achenbach Buschhütten” şirkəti ilə əlaqələr qurulub, MMC ilə alman şirkəti arasında Azərbaycanda alüminium istehsalının genişlənməsi, istehsal olunan məhsulların satış imkanlarının şaxələndirilməsi və ən son qabaqcıl istehsal texnologiyalarının tətbiq olunmasını nəzərdə tutan müqavilə imzalanıb.
2019-cu ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC-dən verilən məlumatda “Azəralüminium” MMC-nin ABŞ-a məhsul ixracına dair müqavilə imzalandığı bildirilirdi. Məlumatda ötən il ərzində MMC-nin ABŞ-a 33 milyon dəyərində alüminium məhsulları ixrac edəcəyi vurğulanırdı. Maraqlıdır ki, məlumatda məhsulları alan ABŞ şirkətinin adı açıqlanmırdı. Dövlət Statistika Komitəsinin 2020-ci ilin xarici ticarət statistikasından aydın olur ki, il ərzində Azərbaycandan ABŞ-a ümumilikdə 12,5 milyon dollar dəyərində alüminium məhsulları ixrac edilib. Bu isə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi deməkdir.
Bir neçə gün əvvəl Prezident İlham Əliyev “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və ”Azərbaycan alüminiumu" (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncamın imzalanmasında məqsəd ölkədə müasir texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalını genişləndirmək, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin məşğulluq səviyyəsini artırmaqdır.
![]()
Sərəncamla Nazirlər Kabinetinə “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin Sumqayıt istehsalat sahəsinin istifadəsində olan ümumilikdə 75.4 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin daimi istifadəsinə verilməsini təmin etmək tapşırılır.
Bundan əlavə, Nazirlər Kabineti cəmiyyətin kreditor borclarının tənzimlənməsi ilə, həmçinin özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş işçilərinə və ya ölmüş işçilərinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə verilən aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən aylıq müavinətin ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı nəzərə alınmaqla, məbləğin və həmin ödəncin ödənilməsi qaydasına dair mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir.
İqtisadiyyat Nazirliyi isə cəmiyyətin Sumqayıt istehsalat sahəsinin müasir sənaye istehsalı üçün yararsız olan, fiziki və mənəvi cəhətdən köhnəlmiş əmlakının satışını təşkil edərək əldə olunan vəsaitin cəmiyyətin Sumqayıt istehsalat sahəsinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş işçilərinə və ya ölmüş işçilərinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənclər, işçilərin əmək haqqı, vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə yaranmış borcların, habelə cəmiyyətin Sumqayıt istehsalat sahəsinin bu sərəncam qüvvəyə mindiyi günədək olan digər borclarının (ödənişinə möhlət verilmiş borclar istisna olmaqla) ödənilməsinə yönəldilməsini təmin etməlidir.
Bu borclar ödənildikdən sonra cəmiyyətin Sumqayıt istehsalat sahəsinin istifadəsindəki əmlakın satışından əldə olunmuş vəsaitin qalan hissəsi özəlləşdirmədən daxilolmalara aid edilməklə dövlət büdcəsinə köçürüləcək.
“Azərbaycan Sənaye Korporasiyası” ASC İqtisadiyyat Nazirliyi ilə birlikdə 3 ay ərzində cəmiyyətin restrukturizasiyasını və sağlamlaşdırılmasını (borcların silinməsi daxil olmaqla), habelə yerli xammal və materiallarla təchizatını təmin etmək və idxaldan asılılığını aradan qaldırmaqla alüminium sənayesini inkişaf etdirmək, alüminium istehsalını artırmaq, bu sahənin rəqabət qabiliyyətini və ixrac imkanlarını genişləndirmək üçün dövlət-özəl tərəfdaşlığı əsasında investisiyaların cəlb edilməsi üçün təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu sərəncamdan aydın olur ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin son illərdə açıqladığı nikbin məlumatlardan fərqli olaraq, “Azəralüminium”da problemlərin həlli istiqamətində ciddi uğurlar əldə olunmayıb. Alüminium məhsulları çox az məhsullardandır ki, Azərbaycan onu ABŞ və Avropanın inkişaf etmiş ölkələrinə sata bilir. Düzdür, söhbət son məhsuldan deyil, ilkin emaldan keçmiş məmulatlardan gedir. Lakin neft-qaz sənayesinə bağlı olan enerji, neft-kimya məhsullarından fərqli olaraq, alüminium məmulatlarının istehsalı tamamən neftdənkənar sənaye sahəsidir. Kifayət qədər perspektivli olan bu sahənin inkişafı həm ölkəyə xarici valyutanın gətirilməsi, həm də çoxsaylı iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. “Azəralüminium” MMC-nin Gəncədəki müəssisələrində 1100 nəfərə yaxın insan çalışır. Sumqayıt, Daşkəsəndəki işçiləri də əlavə etdikdə, MMC-nin məşğulluğun təmin olunmasındakı rolunun kifayət qədər olduğunu görmək olur. Buna görə də MMC-də idarəetmənin təkmilləşdirilməsi, biznes təfəkkürlü mütəxəssislərin ora cəlb olunması, alüminium istehsalı sahəsinin sürətli inkişafına nail olunması son dərəcə zəruridir...
