Təəssüf ki, son vaxtlar azyaşlılar, xüsusən də yeniyetmə qızlar arasında da narkotik vasitələrdən istifadə edənlərin sayı artmağa başlayıb
Ölkədə narkomanların rəsmi qeydiyyatda olanların sayı açıqlanıb. Rəsmi məlumata görə, hazırda Respublika Narkoloji Mərkəzində qeydiyyatda olan narkotik maddə istifadəçilərinin sayı 33 788 nəfərdir.
Onlardan 618-i qadın, doqquzu 15-17 yaşlarda, 12 969-i isə 18-34 yaşlar arası pasiyentlərdir.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədovun sözlərinə görə, ötən il qeydiyyatda 32 921 nəfər olub.
“Amma bu artımı ölkədə narkotik maddə istifadəçilərinin sayının artması kimi qəbul etmək də düzgün olmaz. Düşünürəm ki, bu, Narkoloji Mərkəzə müraciətlərin sayında olan dəyişiklikdir. Yəni biz bunu mərkəzdə aparılan müalicəyə olan inamın artması kimi dəyərləndiririk”.
Şöbə müdiri bildirib ki, son dövrlər edilən müraciətlərə əsasən polinarkomaniya, yəni iki və daha artıq sintetik, yarımsintetik və təbii narkotik vasitələrin birlikdə qəbulu halları çoxalıb.
Məlum məsələdir ki, ölkədə narkotik maddə istufadəçilərinin real statistikası rəsmi rəqəmlərdən bir neçə dəfə çoxdur. Bəzi imkanlı şəxslər övladlarını gizli şəkildə müalicə etdirməyə çalışır. Kifayət qədər adam isə ümumiyyətlə, müalicə olunmur. Onları yalnız həbs edəndə məsələ ortaya çıxır. Bu zaman həmin şəxsləri ya məcburi müalicəyə cəlb edir, ya da həbsxanaya göndərirlər.
Beləliklə, son vaxtlar narkotik istifadəsi və satışı ilə məşğul olanların sayında artım müşahidə olunur. Ən azından bunu görmək üçün polisin KİV-lərə verdiyi məlumatlara diqqət etmək kifayətdir.
Bəs nə etmək lazımdır ki, bu bəladan əziyyət çəkənlər çəkinmədən qeydiyyata düşüb, müalicə olunsunlar? Daha bir məsələ, təəssüf ki, son vaxtlar azyaşlılar, xüsusən də yeniyetmə qızlar arasında da narkotik vasitələrindən istifadə edənlərin sayı artmağa başlayıb. Səbəb nədir - ailənin məsuliyyətsizliyi, yoxsa təhsil müəssisəsində nəzarətsizlik?
![]()
Mahmud Hacıyev
Bu və digər suallarla bağlı sabiq polis rəisi, ekspert-kriminalist Mahmud Hacıyev “Yeni Müsavat”a danışıb: “Bəli, dünyanın hər yerində narkotik istifadəçilərinin sayı ilə bağlı verilən statistika reallığı əks etdirmir. Yəni reallıqda onların sayı daha çox olur. Çünki bəzi valideynlər fərqi yoxdur imkanlı və yaxud imkansız, onlar istəmir ki, cəmiyyətdə onların övladlarının narkotik istifadəçi olduğu bilinsin və məsələni ört-basdır etməyə çalışır. Bu nöqteyi-nəzərdən narkotik istifadəçilərin sayı reallıqda daha çoxdur. O ki qaldı narkotik istifadəçilərinin sayının getdikcə daha da artmasına, budünyada gedən prosesdir və əlbəttə ki, onun qarşısını qəti surətdə almaq, azaltmaq mümkün deyil. Əlbəttə, DİN-in, əməliyyat orqanlarının əməkdaşları və digər qurumlar bu məsələ ilə bağlı daim işləyir və hər gün bununla bağlı KİV-lərə məlumat verilir. Amma qeyd etdiyim kimi, bu, dünyada gedən tendensiyadır, onun qarşısını almaq mümkünsüzdür. Bəs azaltmaq olurmu? Olur. Lakin bir ay azalır, digər ay yenə artır və yaxud ikinci rübdə azalırsa, üçüncü rübdə artır. Yəni bu ”oynayan" cinayətdir. Çünki dünyada kifayət qədər məşhur narkobaronlar var və onlar bunun üzərində işləyirlər. Onlar hətta dünyanın ən aparıcı dövlətlərinin güc strukturlarının rəhbərliyində də kifayət qədər güclü işləyir və bununla da dünyanı zəhərləyirlər".
Mahmud Hacıyev yeniyetmələr arasında da narkotik vasitələrə marağın artmasından da danışıb: “Bu gün təkcə yeniyetmə qızlar deyil, oğlanlar arasında da narkotik istifadəçilərinin sayı artmağa başlayıb. Bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Əvvəldə qeyd etdiyim kimi, hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı kifayət qədər çalışır. İkincisi, əgər 14-15 yaşda yeniyetmə buna meyillənibsə, deməli, valideyn nəzarəti yoxdur. Ümumiyyətlə, 14-15 yaş istər qızlar, istərsə də oğlanlar üçün çox ”sürüşkən" yaşdır. Bunu keçmiş əməliyyat-istintaq işçisi kimi deyirəm. Bu yaşda valideynlər uşaqlara qarşı çox diqqətli olmalıdır. Həmçinin ictimai nəzarət də bu məsələdə mühüm rol oynayır, hər şeyi güc strukturlarının boynuna qoymaq olmaz. Əgər bir problemə, xüsusən də nakomaniyaya qarşı yüksək səviyyədə mübarizə aparmaq istəyiriksə, elliklə, o cümlədən valideyn də, qohum-əqrəba, qonşu, tanış da, güc strukturları ilə birlikdə bu mübarizəyə qoşulmalıdır. Lakin görürük ki, bəzən qonşu, tanış görür ki, yeniyetmə narkotik vasitələrə meyllidir, bunu valideynə deməyə çalışmır. Bu, yanlış yanaşmadır. Bir daha qeyd edirəm ki, elliklə bu problemə qarşı mübarizə aparsaq, yaxşı nəticə əldə edə bilərik. Bu gün bəziləri hüquq-mühafizə orqanlarının bu məsələ ilə bağlı fəaliyyətlərini o qədər də qənaətbəxş hesab etmir. Əlbəttə ki, beş barmağın beşi də eyni deyil. Hər bir sahədə olduğu kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları arasında da məsuliyyətli olanı da, məsuliyyətsiz olanı da var. Amma ümumilikdə bu məsələ ilə bağlı yüksək səviyyədə işlər aparılır".
Psixoloq Elnur Rüstəmov da dedi ki, narkotik və psixotrop maddələrdən asılı olan insanların sayı artıb: “Əvvəllər insanlar daha çox klassik narkotik maddələrdən asılı olurdu. Lakin bu gün müşahidə edirik ki, əksəriyyət müxtəlif formalarda hazırlanan, müxtəlif növ narkotik maddələrə meyl göstərir. Çox təəssüflər olsun ki, bu cür maddələrdən asılı olanlar arasında çox gənc insanlar, hətta yeniyetmələr də var. Bəzən valideynlər bunu gizlətməyə, mümkün qədər az insanın bu məsələdən xəbər tutmasına çalışır və bəzən müalicəyə göndərməkdən çəkinir. Lakin bu yanlış addımdır”.
Psixoloq bildirib ki, vaxtında aşkarlanma bir çox hallarda bu problemin qarşısının almış olur: “Bu problemin qarşısını almaq üçün ilk şərt məsələnin aşkarlanmasıdır. Bəzən valideyn sonradan bilir ki, sən demə, övladı iki ildir narkotik maddə aludəçisidir. Təbii ki, burada valideyn məsuliyyətsizliyi var. Valideyn yeniyetmə dövründə övladına daha çox diqqət ayırmalı, onun kimlərlə dostluq etdiyini, üzərində nə qədər pul olduğunu, hara pul xərclədiyini daim nəzarətdə saxlamalı, övladının adekvat olmayan hərəkətləri olduqda mütləq bu məsələni araşdırmalıdır. Vaxtında aşkarlanma bir çox hallarda bu problemin qarşısını almış olur. Əlbəttə ki, təhsil müəssisələrində də yeniyetmə şagirdlərə nəzarət olmalıdır. Lakin məktəbdə ümumi nəzarət olur, yəni məktəb bir şagirdin arxasınca düşüb, onun hərəkətlərini izləmir. Bu işdə valideyn daha çox məsuliyyətli olmalıdır. Bəzən cəmiyyətdə ”narkomaniya müalicə olunmur" kimi yanlış fikirlər səslənir. Vaxtında müalicə bu problemin qarşısını ala bilir. Bununla bağlı maarifləndirmə işləri də aparılmalıdır. Müşahidə edirik ki, aparılan maarifləndirmə işləri sayəsində bu gün qeydiyyata alınanların sayı artıb. Halbuki bir neçə il öncə qeydiyyata düşmək istəyənlər xeyli az idi. Ümumiyyətlə, “ağ ölüm” bəşəriyyətin faciəsidir. İnsanlar bacardıqları qədər özlərini bu bəladan qorumalıdır".
