Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. Komitə sədri Musa Quliyev ötən gün ölkə prezidentinin Hərbi Qənimətlər Parkının açılışını etdməsindən danışdı, ölkə başçısının hərbçilərlə görüşündə səsləndirdiyi fikirlərdən bəhs etdi. Bildirdi ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, İlham Əliyev kimi güclü, qətiyyətli lideri var: “İlham Əliyev də xoşbəxt dövlət başçısıdır ki, müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edə bilib”.
Deputat Azay Quliyev Hərbi Qənimətlər Parkında sərgilənən hərbi qənimətlərdən bəhs etdi: “Bu park Azərbaycanın zəfərinin simvoluna çevrilib”.
Deputat əlavə etdi ki, ermənilər bu parka baxanda özlərinin məğlubiyyətini görürlər: “Bu, həm də dünya erməniliyinə bir mesajdır ki, bundan sonra eyni davranışların cavabı məhz belə olacaq”. Deputat bildirdi ki, Ali Baş Komandanın döyüşçülərin böyük bir heyətilə görüşü də möhtəşəm hadisə idi.
Deputat Musa Qasımlı bildirdi ki, Hərbi Qənimətlər Parkının açılışı min illik tariximizdə bir ilkdir: “Bu park düşmənlərimizə göz dağı olacaq. Bu parka gələnlər millətimizin və dövlətimizin böyüklüyünə bir daha şahid olacaq”. M.Qasımlı bəzi məmurların qaziləri narazı saldığını da söylədi: “Millətə eyni gözlə baxmaq lazımdır!”
Deputat Sahib Alıyev isə bildirdi ki, Parkdakı silahlar Ermənistanın boyunu kifayət qədər aşır: “Sual yaranır, dilənçi Ermənistan 5 milyardlıq silah-sursatını necə alıb?”
