2018-ci il 11 aprel prezident seçkisindən 3 il ötür. Növbəti dəfə böyük səs çoxluğu ilə Azərbaycan prezidenti seçilən İlham Əliyev seçki zamanı vəd etdiyi islahatları sürətlə icra etməyə başladı.
2018-ci ildən aparılan sosial-iqtisadi islahatlar hökumətin tərkibinin kəskin dəyişməsi ilə yadda qaldı. Prezident seçkisindən sonra Nazirlər Kabinetinin tərkibi sürətlə yenilənməyə başladı. Baş nazir Artur Rəsizadə, müavini Abid Şərifov, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı, Diasporla iş üzrə Dövlət Komitəsinə rəhbərlik edən Nazim İbrahimov 2018-ci ilin “qurbanları”dır. Onlardan başqa, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, “Azərenerji” sədri Etibar Pirverdiyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Binəqədi rayon icra başçısı Xaləddin İskəndərov da vəzifəsini itirdi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov baş nazirin müavinləri təyin olunsalar da, öz mövqelərini əhəmiyyətli dərəcədə itirdilər.
Növbəti ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov postunu itirdi. DTX-nın apardığı əməliyyatlarla bir neçə rayonun icra başçısı işdən çıxarıldı, bəziləri həbs edildi.
2020-ci il isə daha çox pandemiya ilə mübarizə və 44 günlük Vətən müharibəsində qazanılan qələbə ilə yadda qaldı. Ali Baş Komandan Prezident İlham Əliyev son 2 əsrdə ilk dəfə torpaqları geri qaytaran sərkərdə kimi tarixə düşdü. Həmçinin müharibədən sonra orduda da “təmizləmələr” aparıldı.

Asim Mollazadə: “Qələbədən sonra Azərbaycanı dünya daha yaxşı tanımağa başladı, xalqımıza hörmət artdı”
Prezident seçkisindən ötən 3 ili dəyərləndirən deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, seçkidən sonra ciddi islahatlar prosesi başladı: “Onun nəticəsində idarəetmə sistemində nəsil dəyişikliyi başladı, müasir təfəkkürlü insanlar bu işə cəlb edildi. Parlament dəyişikliyindən sonra Prezident parlamentin ilk iclasında yeni siyasi islahatlarla bağlı anons verdi. Bu proses Azərbaycanın müharibədə qazandığı qələbəyə qədər gəlib çıxdı, milli birlik yaratdı. Silahlı Qüvvələrimiz xalqın dəstəyini hiss etdi, yeni nəsil Azərbaycan əsgəri yetişdi, xalqımız qalib xalqa çevrildi. Torpaqlarımızın azad edilməsi son 3 ilin zirvəsi idi, ən böyük qələbəmiz idi. Hazırda dövlətin və xalqın qarşısında ”böyük qayıdış" vəzifəsi durur, Qarabağı cənnətə çevirmək dayanır. Əminəm ki, prezidentin bu istiqamətdə strategiyası uğurla nəticələnəcək. Strategiya ondan ibarətdir ki, Azərbaycanı vahid, demokratik, sabit dövlətə çevirək. Qələbədən sonra Azərbaycanı dünya daha yaxşı tanımağa başladı, xalqımıza hörmət artdı. Bunu daha da inkişaf etdirməliyik".

Pərviz Heydərov: “Bundan sonrakı dövrdə iqtisadiyyatın tam bərpa olunmasına ehtiyac var”
İqtisadçı ekspert Pərviz Heydərov da vurğuladı ki, son 3 ildə çox böyük iqtisadi islahatlar, həmçinin kadr islahatları həyata keçirildi: “İlham Əliyev 17 ildir ki, Azərbaycana rəhbərlik edir. O, sonuncu seçkidə daha geniş bir proqramla çıxış edib, ölkədə çox böyük dəyişikliklərə imza atacağını vəd etmişdi. O zaman nələr olacağını təxmin etmək çətin idi. Həqiqətən də 2018-ci ilin ikinci yarısından sonra bu dəyişikliklər özünü göstərdi. Kadr islahatları başladı, gənc kadrlar irəli çəkildi. 2019-cu ildə isə müstəqillik illərindən bəri ilk dəfə yaşanan dəyişikliklər baş verdi. İdarəetmədə yeniliklərlə yanaşı sosial istiqamətdə addımlar atıldı. 1 il ərzində iki dəfə minimum əməkhaqqı artırıldı, ilk dəfə minimum əmək haqqı səviyyəsi yaşayış minimumunu keçdi. 2019-cu ildə 4 milyondan çox vətəndaşın sosial müdafiəsinin təmin olunması istiqamətində ödənilən vəsaitlərin həcmi artırıldı. Büdcə təşkilatlarında əmək haqları 2 mərhələdə artırıldı. Minimum pensiya məbləği 2 dəfə artırıldı. İqtisadiyyatda çox ciddi struktur dəyişiklikləri həyata keçirildi. Xüsusən vergi siyasətində çox ciddi dəyişikliklər oldu, ilk dəfə olaraq fiziki şəxslərdən gəlir vergisi ləğv olundu, əməkhaqlarının qaldırılmasına, sosial ayırmaların faizinin yüksəlməsinə şərait yaradıldı. Bununla da vergi siyasətində təyinatlılıq prinsipi önə çıxarıldı. Artıq vətəndaş ödədiyi sosial ayırmaların harada yığıldığını, nə qədər yığıldığını gözəl bilir. 2019-cu il sosial islahatlar, kadr və iqtisadi islahatlar istiqamətində çox mühüm il oldu. Savadlı gənclərin mühüm vəzifələrə gətirilməsi effekt verdi. Bu böyük risk idi. 2019-cu ilin yekununa görə gömrük və vergi xətti ilə 1 milyard manatdan artıq vəsait dövlət büdcəsinə cəlb olundu. Bu vəsait əslində dövriyyədə var idi, sadəcə, islahatlardan sonra büdcəyə cəlb edildi”.
İqtisadçının sözlərinə görə, islahatlar dalğasının qarşısında ən böyük əngəl pandemiya oldu: “Bütün bu islahatlar davam edirdi, ötən ilin yanvar və fevral aylarının iqtisadi göstəriciləri çox yüksək idi, 2020-ci ilin çox uğurlu il olacağına inanırdıq. Lakin təəssüf ki, pandemiya başladı, qlobal iqtisadiyyatı ağuşuna alan böhran bizə də sirayət etdi. İslahatlar müəyyən dövrdə dayandı. Lakin dünya ölkələrinin ötənilki iqtisadi itkilərinə baxsaq, bizdə ilin yekun rəqəmləri onu göstərir ki, uğurla çıxmışıq. İlin ikinci yarısında başlanan müharibə isə iqtisadiyyat üçün böyük risk idi, lakin bundan da çox itki vermədən çıxdıq. İqtisadiyyatın pandemiyadan zəifləməsinə baxmayaraq, hökumət müharibəyə başlamağa qərar verdi və qalib gəldi. Bundan sonrakı dövrdə isə iqtisadiyyatın tam bərpa olunmasına ehtiyac var. Bu isə pandemiyanın tam aradan qalxması ilə mümkün olacaq. Təəssüf ki, bu qlobal məsələdir və bizdən asılı deyil. Əgər pandemiya məngənəsindən çıxsaq, 2019-cu ildə uğurla keçirilən islahatların davam etməsinin şahidi olacağıq”.
