|
Cəmil Həsənli özünü necə ifşa etdi

ABŞ-da yaşayan Milli Şura sədri, tarixçi professor Cəmil Həsənli silahdaşlarını bir-birinin ardınca “xain” çıxarmağa davam edir. Demək olar ki, hər gün qurumun funksionerlərindən biri professorun qurbanına çevrilir.

Son olaraq, C.Həsənli belə qurbanlardan biri kimi Hollandiyada yaşayan Seyran Rəfiyevi seçib. Əslində bu hədəflə MŞ sədri özünü tam biabır edib. Belə ki, o, S.Rəfiyevin rəhbəri olduğu qurumun üzvü olmadığı barədə palaz boyda status yazıb.

Həmin statusu təqdim edirik: “Məhəmməd bəy Mirzəlinin bıçaqlanması hadisəsi fonunda Avropada yaşayan mühacirlər arasında başlanan bəzi xoşagəlməz söz-söhbətlərdə Milli Şuranın adı hallandığı üçün Koordinasiya Mərkəzi bu gün açıqlama yaymışdır. İlk öncə biz azərbaycanlı mühacirlər arasında belə xoşagəlməz söz-söhbətin yaranmasından təəssüf hissi keçiririk. Açıqlama bu müzakirələrdə adı çəkilən Seyran bəy Rəfiyevin Milli Şura üzvü olub-olmamasına aydınlıq gətirilməsi ilə bağlı verilmişdir. Bu məsələ ilə bağlı Milli Şura sədri kimi mənə də müraciətlər olunduğu üçün əlavə olaraq bildirirəm ki, MŞ-nın KM-nin keçmiş üzvü Eldəniz bəy Quliyevin təklifi ilə artıq xaricə mühacirət etmiş Seyran Rəfiyevin bu quruma üzv olması məsələsi bir müddət əvvəl KM-nın toplantısında müzakirə edilib, müzakirə zamanı lehinə və əleyhinə çıxışlar olub və son nəticə etibari ilə onun quruma üzv olması haqqında Milli Şuranın sessiyasına müsbət rəy verilib. Nizamnamə tələblərinə görə quruma üzvlüyə qəbul olunan hər bir şəxs KM-nin müsbət tövsiyəsindən sonra MŞ-nın sessiyasında müzakirəyə çıxarılıb təsdiq (və ya imtina) edilməlidir. Lakin hakimiyyət MŞ-nın sessiya keçirməsinə imkan vermədiyi üçün Seyran bəy Rəfiyev haqqında KM-nin tövsiyəsi (və eyni ilə sessiyanın səlahiyyətinə aid olan digər məsələlər) Milli Şuranın sessiyasında müzakirəyə çıxarılmamış və Seyran bəy Rəfiyevin də üzvlük proseduru sona çatdırılmamışdır”.

İndi isə, C.Həsənlinin 3 il öncə yazdığı talışlar barədə geniş statusda S.Rəfiyevlə bağlı olan hissəni xatırladırıq: “Talış dostlarımızdan Milli Şurada Seyran Rəfiyev təmsil olunur və o, son vaxtlar mühacirətdə də səmərəli fəaliyyətini davam etdirir”.

Bu cümlə bir daha MŞ sədrinin hansı xislətdə olduğunu açıq göstərir. Daim intriqalarla gündəmə gələn C.Həsənli bu dəfə doğrudan da özünü “batırıb”.

S.Rəfiyev MŞ sədrinin ona qarşı başlatdığı kampaniyaya səssiz qalmayıb. Onun ilk reaksiyası belə olub: “Milli Şuranın yaranmasında müstəsna xidmətlərim var. Bunu bilənlər şükür ki, indi də sağdır. 7 ildir Avropada siyasi aktivlik edirəm. AND hərəkatının həmtəsisçilərindən biriyəm. Avropada bir nəfər deyə bilməz ki, Seyran Rəfiyevin adı hansısa pul məsələlərində hallanıb. Yoxdur, ola da bilməz, belə şey. Son 3 həftə içində şər, böhtan xarakterli kampaniyaya məruz qaldım. İttiham olunduğum heç bir məsələ təsdiqini tapmadı. Bəzi dostlarımız bu şər kampaniyası təsdiqini tapmamış tələm-tələsik elan elədilər ki, sən demə, Seyran Rəfiyev heç Milli Şuranın üzvü deyilmiş. Amma hamı gözəl bilir ki, Seyran Avropada həmin o Milli Şuraya, AXCP-yə görə az qala Avropada hamı ilə düşmən olub. Bir nəfər nə Əli Kərimliyə, nə də Milli Şura əleyhinə artıq söz deyə bilmədi. Ona görə yox ki, Seyrandan qorxdular. Ona görə ki, Seyran dostlarını yarı yolda qoymadı, nahaq danışanların qabağına arqumentli faktlar qoydu. Bir sözlə bütün Azərbaycan ictimaiyyəti Seyran Rəfiyevi AXCP-nin, Milli Şuranın təəssübkeşi kimi tanıyırdı”.

S.Rəfiyev ikinci statusla MŞ-nı “dəfn edib”. Həmin yazıda C.Həsənliyə çətin suallar ünvanlanıb. Eyni zamanda, 2013-cü ildə bu qurumu yaradan 129 nəfərin siyahısı verilib və məlum olur ki, həmin şəxslərdən demək olar ki, MŞ-da kimsə qalmayıb.
S.Rəfiyevin statusu: “Hörmətli Cəmil Həsənli bəyin mənim barəmdə məlum yazısından sonra mənə adi insanlar, vətəndaşlar tərəfindən çoxlu sayda məktublar gəlməkdədir. Milli Şura üzvü olmadığımdan (daha doğrusu, guya Milli Şura üzvü olmamışam) Milli Şura ilə bağlı mənə ünvanlanan bəzi sualları buradan Milli Şura sədri, hörmətli Cəmil Həsənli bəyə ünvanlayıram. Və xahiş edirəm, kənardan heç kəs cəhd eləməsin bu suallara cavab verməyə. Şəxsən hörmətli Milli Şura sədri özü bu məsələlərə aydınlıq gətirsə yaxşı olar.
İnsanları maraqlandıran suallar bunlardır.

1. Milli Şura həqiqətən ölkədəki Demokratik Qüvvələri təmsil edirmi? Edirsə o hansı qüvvələrdir?

2. Milli Şuranın Koordinasiya Mərkəzində və Milli Şurada neçə nəfər rəsmi üzvü var və onlar kimlərdir?

Hörmətli Cəmil Həsənli bəy bu sualları istəsə heç cavablandırmaya da bilər.

Milli Şura yarananda 129 üzvü var idi. Həmin bu üzvlər müxtəlif partiya və təşkilatların təmsilçiləri, ictimai siyasi xadimlər, tanınmış şəxslərdən ibarət idi. İndi onlardan demək olar ki, heç kəs qalmayıb. Qalanlar isə bizim hörmətli AXCP-çi dostlarımızdır ki, həmin adamlar Koordinasiya Mərkəzində təmsil olunur. Belədirsə, məntiqlə, məsələnin iki həlli yolu var. Ya Milli Şura buraxılmalıdır, ya da çox hörmət etdiyim AXCP bu qurumu tərk etməlidir”.

Eldəniz Quliyev Milli Şuradan istefa verib

Eldəniz Quliyev

Bu statusda ən çox diqqətləri MŞ-nın Koordinasiya Mərkəzinin keçmiş üzvlərindən olan Eldəniz Quliyevin rəydə yazdığı fikirlər cəlb edir: “Bu rəyi çox böyük təəssüf hissi ilə yazıram...

Nə vaxtsa çoxlu sayda insanların ümid bəslədiyi, inandığı siyasi-ictimai qurum olan Milli Şura bu gün artıq yoxdur. Daha doğrusu, aqoniyasını yaşayır.

O, yəni Milli Şura demokratik qüvvələrin flaqmanı olmaq əvəzinə, bəzi hikkəli siyasətbazların əlində "flaq"-a çevrildi... Sədd heyf ki, hazırda, yəni indiki durumunda MŞ əsil müxalifətin mübarizəsinə əngəllər törədir. Bu, mənim üçün birmənalıdır. Zatən MŞ LGBT-lərin, yəni üzdəniraqların (üzr istəyirəm), müdafiəsinə qalxanda, şəhərin mərkəzində mitinq keçirməyə cəhd edən və başları üzərinə şüar-plakat əvəzinə öz gündəyməzlərini qaldıran qızlara dəstək verəndə, etnik azlıqların (əsasən də talışların) fundamental hüquqlarına sayğısız yanaşanda, dindarları lağa qoyub həqarət edəndə, milli-mənəvi dəyərləri tapdayanda və s. artıq öz kəlmeyi-şəhadətini oxutmuşdu.
ABŞ-da oturub MŞ-nı MKİ-nin "pultu" ilə idarə edən sədrinin zaman-zaman ictimai rəyə ağ, boz və qırmızı yalanlar deməyi, öz çiyindaşlarını (Rüstəm İbrahimbəyovu, Hacı Rövşən Əhmədlini, Rafiq Manaflını, Mehriban Vəziri, Namizəd Səfərovu... və bəndənizi, lap sonda isə Seyran Rəfiyevin şərləndiyini görüb də tez-tələsik ondan imtina...), müdafiə etmək yerinə, onları "günah keçisinə" çevirməsi "suyu daşıran" son damla oldu...

Bu da məntiqi sonluq!

Bu gün nə xalq, nə də demokratik düşərgənin ağlı başında olan təmsilçiləri Milli Şuraya inanmır.

Öz mübarizə dostlarına qara yaxan, böhtan atan və MŞ-nın yaradıcılarını müxtəlif bəhanələrlə bir-bir oradan uzaqlaşdıranda axırı elə belə də olmalıydı. "Fələyin saydığını" hesaba almamaq hər zaman səfehlik sayılıb.

Bəli, nə vaxtsa Milli Şura adlı bir qurum var idi və bu gün həmin o qurum yoxdur!

...Göydən üç alma düşdü...”.

Xatırladaq ki, bu fikirləri vaxtı ilə MŞ uğrunda mübarizə aparan məşhur bir dramaturq, rejissor yazır. Statusa gələn əksər rəylərdə bu qurumun buraxılması tələb olunur.