“Rusiya qoşunlarının Ukraynanın şərqində müdaxiləsi halında AB və ABŞ rəsmi Moskvaya qarşı ən sərt sanksiyaları tətbiq etməkdən çəkinməməlidir. Bundan başqa, RF-nin SWIFT beynəlxalq ödəniş sistemindən xaric olunması və rusiya oliqarxlarının bank hesablarının dondurulması gündəmə gələcək”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentində ən böyük partiya (Avropa Xalq Partiyası-red.) fraksiyasının rəhbəri Manfred Veber bəyan edib. Onun sözlərinə görə, Rusiyanın hərəkətlərinə dəqiq və yerində reaksiya vermək lazımdır.
“ABŞ və AB Rusiya rəhbərliyinə Ukraynanın şərqində situasiyanı mürəkəbləşdirməyə görə nələrlə üzləşəcəyini açıq şəkildə çatdırmalıdır. RF-nin beynəlxalq ödəmə sistemlərindən təcrid olunması məsələsi artıq real görünür”,-deyə o söyləyib.
Manfred Veberin sözlərinə görə, bununla Baltik dənizindən keçən “Şimal axını-2” layihəsi də əvvəlki əhəmiyyətini itirəcək.
Qeyd etmək lazımdır ki, Donbasdakı münaqişənin nizamlanması məqsədilə qurulan Üçtərəfli Kontakt Qrupunun Ukrayna nümayəndə heyətinin üzvü Aleksey Arestoviç ölkəsinin Rusiya ilə açıq döyüşə hazır olduğunu bildirib. O, belə olan halda Rusiyanın böyük itkilər verəcəyini vurğulayıb.
