|
ABŞ İranla müharibə mövqeyindən daşındı - nə baş verir...

Ekspert: "ABŞ-ın İranla bağlı əsas planları dəyişməyəcək"

Hazırda Vyanada ABŞ-İran danışıqları gedir. Birləşmiş Ştatların nüvə razılaşmasına qayıtması və Tehrana qarşı sanksiyaların mərhələli götürülməsi gündəmdədir. Bayden administrasiyası Barak Obama dövründəki münasibətlərin bərpasına çalışır. 

ABŞ-ın İranla sərt siyasətdən vaz keçməsi Rusiya və Çin amili ilə bağlıdır.  Amerika üç nəhənglə təkbaşına bacara bilməyəcəyindən bu siyasəti seçdi, yoxsa...

Gərginliyin azalmasının Azərbaycan üçün faydaları nə ola bilər?

Əhəd Məmmədli

Politoloq Əhəd Məmmədli fərqli fikirlərə sahibdir: "Baydenin İranla bağlı Obamanın kursunu davam etdirəcəyi bəlli idi. ABŞ İrana tərəf addım atsa, İran yürüyərək ABŞ-a tərəf gələcək. Çünki İranın indiki siyasi-iqtisadi vəziyyəti çox çətin durumdadır.  ABŞ-İran münasibətlərinin düzəlməsi, yaxşılığa doğru getməsi Azərbaycanın maraqlarına cavab vermir. Çünki onda Azərbaycanın region və dünyada önəmi azalacaq. İndiyə qədər Amerika - İran - İsrail qarşıdurmasından Azərbaycan maksimum yararlanıb. Amerika ilə İranın ən azı Tehranda nə vaxta qədər indiki rejim var, münasibətlərinin tam düzəlməsini gözləmirəm. Ən azından buna İsraillə Səudiyyə Ərəbistanı imkan verməyək. ABŞ-da regiondakı müttəfiqlərinin maraqlarını nəzərə almaya bilməz".

Elşən Mustafayev 

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev fikirləri də diqqət çəkir: "Müşahidələrim onu deməyə əsas verir ki, ABŞ-ın son 15 ildə apardığı xarici siyasət kursunda hər hansı dəyişiklik olmayacaq. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq bu dövlətlərə yanaşmada ciddi dəyişiklik gözlənilmir. Bu kursun ayrı-ayrı istiqamətlərində müəyyən korrektələr edilməsi situasiyanın tələb etdiyi  reallıqlardır. Hətta Trampın prezidentliyi dövründə də belə idi. Çünki ABŞ müəyyənləşmiş milli təhlükəsizlik doktrinasını hətta prezidentlər belə kökündən dəyişmək iqtidarında olmurlar.   O cümlədən İranla bağlı gözlənilən qərarlara da bu aspektdən baxmaq lazımdır. Yəni adətən, prezidentlər qəbul olunmuş hədəflərdən imtina etmirlər. Sıralamada müəyyən dəyişikliklərlə siyasəti davam etdirirlər. Hazırda Bayden administrasiyasının İranla bağlı aparmaq istədiyi siyasətin təxminən Obama dövründəki siyasət kimi olacağı gözlənilir. Öncədən bu perspektivlər aydın görünürdü. Bilinirdi ki, Bayden seçiləcəyi halda Rusiyaya qarşı aparılan siyasət ön sıraya çıxacaq, İrana yanaşma isə bir müddətlik arxa plana keçəcək . Hazırda isə ABŞ Rusiyaya qarşı apardığı kampaniyada onunla yaxşı münasibətlərdə olan, strateji müttəfiqlik edən İranı neytrallaşdırmaq məqsədini güdür. Eyni siyasəti Çinlə bağlı da aparacağı gözlənilir. Təbii ki, İran da yaxşı anlayır ki, nüvə sazişininin bərpası ilə bağlı danışıqlar bərpa edilsə də  ABŞ-ın İranla bağlı əsas planları dəyişməyəcək. Amma buna baxmayaraq bu sazişin bərpası İran üçün vacibdir və bir növ əlavə kislorod alacağı  bir pəncərə aça bilər. Müvəqqəti də olsa bundan yaranacaq yumşalmalarla İran daxildə siyasi və iqtisadi sabitlik yaratmağa cəhdlər edəcək. Təbii ki, ABŞ da bu zamandan istifadə edərək Rusiyanı təkləmək və diz cökdürmək üçün planlarını həyata keçirtməyə çalışacaq. Vəziyyətin bu cür inkişafı Azərbaycana hansı təsirlər göstərəcəyinə gəlincə isə düşünürəm ki, indiki zamanda bu bizim üçün də müsbət nəticələrə gətirib çıxara bilər. Ermənistanla hələ də müharibə şəraitində olan, Rusiyadan mütəmadi təhdidlər alan Azərbaycan üçün hadisələrin bu cür inkişaf etməsi daha uyğundur. Bizim işğaldan azad etdiyimiz torpaqların böyük bir hissəsi İranla sərhəddədir. O ərazilərin minalardan təmizlənməsi, yenidən qurulması və qaçqınları geri qaytarılması vaxt, maliyyə aparacaq bir işdir. Bunun üzərinə Ermənistanın, Rusiya himayəsində olan separatçı rejimin təxribatlarına da hər zaman hazır olmalıyıq. Ən azından sərhəd boyu və işğaldan azad olunan ərazilərdə tam möhkəmlənə qədər İranda sakitlik və sabitliyin olması bizim üçün vacibdir".