Sankt-Peterburqdan qayıdan partiya sədri: “Rusların hamısının başında imperiya düşüncəsi var və öz şəxsi həyatını dövlətinin adına qurban verməyi bacarır”
Bu günlərdə deputat, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayevin sorağı şimal qonşumuzdan gəldi. Daha doğrusu, səfəri zamanı sosial şəbəkələr üzərindən videomüraciət yayaraq, Azərbaycanda bütün sahələrdə karantin qadağalarının ləğv edilməsinin vacibliyini bəyan etdi. Rusiya və Azərbaycanın pandemiya ilə mübarizə üsullarını müqayisə edən millət vəkili qonşu ölkəni nümunə göstərdi. Artıq Vətənə dönən Razi bəy “Yeni Müsavat”a geniş müsahibəsində səfər təəssüratlarından tutmuş, digər bir sıra məsələlərə qədər danışdı.
- Razi bəy, ilin-günün bu vaxtında səsiniz Rusiyadan gəldi, hətta vətəndaşlarımıza Sankt-Peterburqdan müraciət etdiniz. Sirr deyilsə, Rusiya səfəriniz nə ilə əlaqədar idi?
- Qardaşım qızının toyu idi və çox istədilər ki, mən də iştirak edim. Axı bu hadisə hər kəsin həyatında bir dəfə olur. Rusiyadan xeyli müraciətlər almışdım və onları araşdırmaq istəyirdim. İnanın ki, olduğum müddətdə birmənalı olaraq orada yaşayan azərbaycanlıların problemləri ilə bağlı çalışdım, görüşlər keçirdim və özümə həsr etməyə vaxtım olmadı. Problemlərin də sonu yox. Bu barədə parlamentdə də çıxışım olacaq.
- Allah gənclərimizi xoşbəxt eləsin! Deməli, Rusiyada toylar keçirilir və heç kəs də cərimələnmir, eləmi?
- Rusiyada toylara icazə verilir. Ümumiyyətlə, Rusiyada qadağa hiss olunmur, hər yer işləyir. Yəni orada virus barədə heç düşünən də yoxdur. Həyat adi qaydada davam edir. Cərimə də yoxdur. Küçədə isə maska ümumiyyətlə taxılmır. Bağlı yerlərə məsləhət görülür, amma əməl edənlər heç 1 faiz də deyil. Rusiyada teatrlar da açıqdır və fürsətdən istifadə edib “Elektra” operasına da baxdım.
- Rusiya nümunəsində fərqli atmosferin olduğunu bildirdiniz. Amma bir sıra dünya ölkələrində nəinki üçüncü, hətta dördüncü dalğadan söhbət gedir. Ehtiyatsizlıq sonradan daha böyük sınaqlarla üz-üzə qalmağımıza rəvac verməzmi?
- Koronavirusun yaratdığı ölüm təhlükəsi məni də narahat edir. Amma vətəndaşlarımızın düşdüyü çarəsiz durum məni daha çox incidir. Bu müddət ərzində insanlarımız çox kasıblaşıb, ümidsizləşib və dövlətin də bəzi kateqoriya vətəndaşlara verdiyi sosial yardım onları sadəcə ayaqda saxlayır. Çoxlu iş yerləri bağlanıb, turizm sahəsində çalışanlar ümidsizlikdən də bezib. Axı niyə turizmi aça bilmərik? Əslində bizim kimi turist cəlb etməkdə çətinlik çəkən ölkələr bu fürsətdən istifadə etməli idi. Dünyanın düz vaxtı turistləri Azərbaycana cəlb etmək asan deyil. Əgər vətəndaşlarımızın ləyaqətli həyatını təmin edə bilsək, heç kim qapanmadan narazı qalmaz, evində oturub seriala baxar. Amma arxasında bir qəpiyi olmayan vətəndaşı heç nüvə silahı da qorxutmaz, nəinki bir mikroskopik korona. Biz Amerika, Almaniya, Fransa və ya Britaniya deyilik ki, bir neçə aya özümüzə gələk. İqtisadiyyatımıza və iş yerlərinə dəyən ziyanı illərlə bərpa edə bilməyəcəyik. Vətəndaşlarımız da ildən-ilə daha yaxşı yaşama, ləyaqətli ömür sürmə həsrətində şirin yuxulardan ayılarlar. 90-cı illərin sonunda neft şirkətlərində işləyən xarici vətəndaşlar bizə deyirdi ki, ilk dəfə biz Dubaya gələndə onlar ayaqqabımızı təmizləyirdi, indi biz onların çəkməsini “maz”layırıq. On il keçər, siz azərbaycanlılar da bizə çəkmənizi təmizlətdirərsiniz. Amma iki onillik keçib, biz yenə də ayaqqabı təmizləyirik.
- Rusiyada kimlərlə görüşmüsünüz, fərqi yoxdur azərbaycanlılar, yaxud qeyriləri... Hər halda, rusiyalı həmkarlarınızla da görüşmək istərdiniz.
- Onlarla şikayətçi həmyerlimizlə görüşdüm. Rusiyada Azərbaycan vətəndaşlarını, hətta Rusiya vətəndaşlığı olan etnik azərbaycanlıların sənədlərini belə yoxlamadan polis bölmələrinə gətirir, saatlarla və günlərlə saxlayır, barmaq izlərini götürürlər. Rusiyaya qanun-qayda öyrədə bilmərik, amma insan hüquqları deyilən anlayış, etnik mənsubiyyətinə görə ayrı-seçkiliyə qarşı beynəlxalq qanunlar var. Bir az əvvəl Sankt-Peterburq şəhərində azərbaycanlılar arasında silahlı qarşıdurma baş verib və qətl törədilib. Başa düşürəm, cinayətlər millət və xalq anlayışı tanımır. Ən fağır xalqların da nümayəndələri cinayət törədir. Cinayətkarlara görə bütöv bir xalqın nümayəndələrini hədəfə almaq doğru deyil. Bu məsələləri müzakirə etmək üçün Azərbaycan diasporunun Sankt-Peterburq şəhərində olan rəhbərlərindən Vaqif Məmişov, Məşkur Qasımov, Sankt-Peterburqda olan konsulumuz Sultan Qasımovla, parlamentin nümayəndəsi Aydın Cəfərovla xeyli maraqlı və məzmunlu görüşlər keçirdim. Rusiyadakı səfirimiz Polad Bülbüloğlu ilə telefonda xeyli müzakirə apardıq. Xeyli bakılı vəzifəli şəxslərlə də təmasım oldu və ümid edirəm ki, müəyyən işlər görə biləcəyik. Baş Konsulluğun gördüyü işlərlə tanış oldum, sənədlərə, şəhərin müvafiq orqanlarına göndərdikləri müraciətlərə baxdım. Görünən budur ki, Sultan müəllim ondan asılı olan işləri edib. Açığı, xeyli müsbət dəyişikliklərlə tanış etdilər. Aydın oldu ki, bir çox problemlərin kökü dərindir və həlli həm də Bakıda axtarılmalıdır. Bu barədə xeyli işləməli və təkliflər hazırlamalı olacağam. Moskvaya da səfər etmək istərdim və planımdadır. Düşünürəm ki, Rusiyadakı səfirliyimizin işi daha müasir əsaslarla və daha şəffaf qurula bilər. Heç bir halda Azərbaycan vətəndaşı şəxsiyyətini alçaldılmış hiss etməməlidir.
- Siz parlament müxalifətinin təmsilçisi olaraq Rusiya müxalifəti ilə hansısa əlaqələr qurmaq haqda düşünürsünüzmü? Ümumiyyətlə, Azərbaycan müxalifətinin Rusiyadakı demokratik qüvvələrlə təmasdan çəkinməsi, sizcə, normaldırmı?
- Bu barədə düşünürəm və inşallah, addımlar atacağam. Azərbaycan müxalifəti Rusiyadakı siyasi qüvvələrlə Azərbaycanın maraqları naminə təmas qurmalıdır və olmaması qəbahətdir. Biz Rusiyadan kənarda dayanmaqla, onları kənardan tənqid edərək, özümüz deyib, özümüz eşitməklə nailiyyətlər əldə edə bilməyəcəyik. Əksinə, onlarla açıq və birbaşa təmasa keçmək, maraqlarımız naminə əməkdaşlıq yaratmaq Azərbaycanın çıxarları baxımından faydalıdır. Bu gün bizim boş buraxdığımız məkanları ermənilər doldurub. Buna imkan vermək olmaz. Siyasi partiyalar da gərək elə tərəfdaş seçsinlər ki, onlar dünyəvi dəyərlərin daşıyıcısı olsunlar. Daha SSRİ-ni bərpa etmək istəyənlərin, Azərbaycanı Rusiyanın orbitində görmək istəyənlərin yanında dayanmasınlar.
- Maraqlıdır, Putin Rusiyası sizə necə təsir bağışladı? Əhali özünü xoşbəxt sayır, yoxsa, əksinə?
- Ruslar deyir ki, Rusiya Moskva və Peterburqdan ibarətdir. Bütün biznes, pullar və nüfuz bu iki şəhərdə cəmləşib. Digər yerlərdə problemlər çoxdur. Orada da əhali kəndlərdən köçüb şəhərə gəlib. Çünki kəndlərdə iş, normal infrastruktur və imkanlar azdır. Son illər Rusiyaya səfərlər zamanı gerilik hiss edirəm. Hətta bunu şəhərlərin təmizliyində də hiss etmək olur. Hər halda, Rusiya ciddi iqtisadi sanksiyalar altındadır, ciddi ziyan çəkib və çəkməkdə davam edir. Bilirsinizmi, “Moskva göz yaşlarına inanmır” filmində “rus qəlbi” - “russkaya duşa” - barədə danışılır. Amerika prezidenti Ronald Reyqan SSRİ Baş katibi ilə görüşməzdən əvvəl bu filmə 8 dəfə baxıb, amma yenə başa düşməyib. Rusların xoşbəxt və bədbəxt hallarını başa düşmək mümkün deyil. Mən bir az başa düşmüşəm. Onların hamısının başında imperiya düşüncəsi var və öz şəxsi həyatını dövlətinin adına qurban verməyi bacarır. Təki dövlətim böyük olsun, güclü olsun, fərqlənsin, ərazisi daha çox olsun, başqaları onların himayəsində yaşasın, hər kəs onlardan kömək istəsin. Kim onlara tabe olursa, onların şərtləri ilə oturub-durursa, onlarla çox tez istiləşirlər. Onların xoşbəxtlik və bədbəxtlik meyarları qəbul edilən şərtlərə uymur.
- Sanksiyalar, Baydenin “düşmən” adlandırması, Ukrayna ilə müharibə vəziyyəti Rusiyanın gündəlik həyatında öz izlərini göstərirmi?
- İnanın ki, Rusiyada insanların düşüncəsində bu var: onların əksəriyyəti dövlətinin xarici siyasətini bəyənir və alqışlayır. Bu siyasətin davam etməsi üçün rahatlığını da verməyə hazırdır. Rusiya prezidenti də bunu bilir və çox gözəl də yönləndirir. Məsələn, Krımı qaytarsa, xalq onu bağışlamaz, xəyanətdə günahlandırar. Onun üçün də əslində Rusiya cəmiyyətində ictimai fikri dəyişdirmək üçün hansısa yollar düşünülməlidir. Əks halda, həm Rusiya özü, həm də qonşuları əziyyət içində yaşayacaq. Rusiyaya qarşı kim nə edirsə və deyirsə, ruslar on qatını onun özünə qaytarırlar. Sanksiyalar, müharibələr, hədə-qorxular onları incitmir, ruhdan salmır, əksinə, ruslara ruh verir. Düşünürlər ki, Rusiyanın dünya ağalığını Qərb həzm edə bilmir.
- Bugünlərdə əsas müzakirə mövzularından biri Şuşaya atılan “İsgəndər” raketlərinin Ermənistana hansı yollarla gəlməsi məsələsidir. Rusiyada da bu mövzuda araşdırmaların aparıldığı deyilir. Sizin informasiyalar nə deyir?
- Təəssüf edirəm ki, Rusiya rəhbərliyi belə dəhşətli addıma yol verib. Rusiya bu şəkildə ermənipərəst mövqe sırgiləməməli idi, bu, dinc qonşuluq siyasətinə ziddir. Axı biz heç zaman Rusiyaya gizlin və arxadan zərbə vurmamışıq. İndi deyirlər ki, erməni lobbisi gizli gətirib. Bu nağıllara heç kim inanmaz. Rusiya rəhbərliyinə daxil olan şəxslərin bilgisi xaricində bu mümkün deyildi. Sadəcə, biz də Rusiyanın üzərinə getmirik, çünki onsuz da xeyri olmayacaq. Münasibətimizi korlamaq bizə sərf etmir. Mən isə müxalifət nümayəndəsiyəm və həqiqət hesab etdiyim fikri deyirəm. Rusiya bilir ki, 44 gün ərzində Rusiyadan Ermənistana silah daşınması bir gün də dayanmayıb.
- Necə bilirsiniz, Rusiya bu dəfə 90-cı illərdən fərqli davranış sərgiləyəcəkmi Qarabağ məsələsində? Yoxsa yenə də öz ampluasına qayıdacaq? Hər halda, son günlər postsovet ölkələrinə ərazi iddialarının səsləndirilməsi narahatlıq yaradır...
- Rusiyanın siyasətində davam edən imperiya ruhu narahatlıq doğurmaya bilməz. Əlbəttə, o çalışacaq ki, Qarabağı əlində rıçaq və özünün regionda iştirakı və nüfuzu kimi saxlasın. Bizim də vəzifəmiz bu siyasətin qarşısını almaqdır. Amma incə siyasət və götür-qoyla. Bu kimi geopolitik məsələlərdə çox ehtiyatlı və tədbirli olmaq vacibdir. Mənə belə gəlir ki, bir çox vətəndaşlarımızın ürəyi yandığından, 30 il ürəyində nisgil gəzdirdiyindən tələsirlər, istək və tələbləri də böyükdür. Amma bu kimi məsələlər tələblə olmur, tədbirlə olur.
- Razi bəy, sizin də ənənəvi müraciət etdiyiniz mövzu var: uşaqpulu məsələsi. Yəqin səfər müddətində şimal qonşumuzdakı durumla bağlı məlumatlar almısınız. Azərbaycan Rusiya təcrübəsindən istifadə edə bilərmi?
- Uşaqpulu məsələsində Rusiya ilə Azərbaycanı müqayisə etmək qüsurludur. Çünki yanaşmalarımız fərqlidir. Rusiya əhalisinin sayını artırmaq üçün uşaqpulu verir, çünki rus qızları doğmağa meylli deyillər. Azərbaycanda isə məhz ailələrin və doğulan uşaqların sosial müdafiəsi üçün tələb var. Həqiqətən də bizdə uşaqların sağlam və normal böyüdülməsi üçün dövlət dəstəyinə ehtiyac duyulur. Ailələr kasıbdır, uşaqlarına normal yaşayış, böyümə və qida təmin edə bilmirlər. Amma məhz bizim cəmiyyətdə belə ailələrin uşaqları Qarabağı azad etdi, sabah da sərhədlərimizi onlar qoruyacaq. Uşaqpulu verilməlidir, həm də 3 yaşına kimi uşaqlar dövlət tərəfindən pulsuz uşaq yeməyi ilə təmin edilməlidir. Uşaqların sağlam böyüməsi dövlətin vəzifəsidir. Əgər valideyn uşağına normal qida ala bilmirsə, məsuliyyəti dövlətin üzərindədir. Uşaqpuluna qarşı kobud və mədəniyyətsiz şəkildə çıxanlar isə yaramazlığı özləri edir.
