|
Braziliyada Covid-19-un 18 mutasiyasını özündə birləşdirən yeni ştammı ortaya çıxdı

Braziliyada COVİD-19-un 18 mutasiyasını özündə birləşdirən yeni ştammı ortaya çıxıb.

Braziliyalı alimlər açıqlama yayıb. Mütəxəssislər qeyd edib ki, əvvəllər görünməyən bu yeni ştamm COVİD-19-un 18 mutasiyasını özündə birləşdirir.

Sözügedən növün potensial təhlükəli olduğunu bildirən mütəxəssislər qeyd edib ki, yeni ştammda Braziliyanın Amazonas əyalətində ortaya çıxan P1, Rio de Janeroda aşkarlanan P2, İngiltərədə aşkarlanan B.1.1.7, Afrikada ortaya çıxan B.1.1.351 mutasiyaları var.

Viroloq Renato Santananın sözlərinə görə yeni ştammın göründüyü insanların heç biri ölkə xaricinə çıxmayıb. Hazırda yeni növün ilk dəfə nə vaxt və harada ortaya çıxdığı araşdırılır.

210 milyondan çox əhalisi olan Braziliya ABŞ-dan sonra koronavirus epidemiyasından ən çox təsirlənən ölkədir.

Ölkədə uzun müddətdir ki, xəstəxanalarda yer tapılmır. Bəzi şəhərlərdə xəstələr müalicə almaq üçün xəstəxanalarda yerlə bağlı növbə gözləyərkən ölür.

Qeyd edək ki, bu günə qədər Braziliyada koronavirusun bir neçə ştammı ortaya çıxıb. Onlardan P1 variantı daha təhlükəli hesab olunur. Ölkədə yoluxma və ölüm saylarının sürətlə artmasında bu ştamm böyük təsir göstərib.

Son statistikaya əsasən ölkədə virusa yoluxanların sayı 13 197 031 nəfər olub. 341 097 nəfər isə virusun qurbanı olub.

Ötən mart ayı Braziliya üçün koronavirusla bağlı ən bədbin ay olub. Belə ki, təkcə bir ay ərzində ölkədə 66 min 573 nəfər koronavirusdan vəfat edib. Bu, iyuldakı rekorddan iki dəfə çoxdur.