Ekspert: “Yaxın zamanlarda neftin dünya bazar qiyməti 60 dollar və üzərində olacaqsa, o zaman Azərbaycanın iqtisadi artım göstəriciləri yaxşılaşacaq”
2021-ci ilin birinci rübü arxada qalıb və beynəlxalq təşkilatlar qlobal və yerli iqtisadiyyatlar üzrə proqnozlarını açıqlamağa başlayıblar. Ötən gün Beynəlxalq Valyuta Fondu özünün ənənəvi “Qlobal İqtisadi Mənzərə” adlı hesabatını açıqlayıb. Hesabata əsasən 2021-ci ildə Azərbaycanda 2,3 faiz, Gürcüstanda 3,5 faiz, Ermənistanda 1 faiz, Rusiyada 3,8 faiz, Türkiyədə isə 6 faiz iqtisadi artım baş verəcək.
İqtisadçı-alim, ABŞ-ın Şimali Dakota Universitetinin professoru Fariz Hüseynlinin sözlərinə görə, BFV demək olar ki, bütün regionlar üçün ümumi iqtisadi artım göstəricilərini yaxşılaşdırıb: “Bəzi ölkələr digərlərindən daha tez ”ayağa qalxır"".
BVF ekspertləri COVİD-dən əvvəlki ÜDM səviyyəsinə inkişaf etmiş ölkələr arasında ABŞ-ın bu ilin sonunda çatacağını, Çinin isə artıq çatdığını gözləyirlər. Ancaq hər iki kateqoriyada ölkələrin çoxu 2022-2023-cü illərdə o səviyyələrə çata biləcək. Əsas da inkişaf etməkdə olan ölkələrin daha çox geriyə düşəcəyini gözləyirlər. Həm də ölkələr daxilində gəlirləri az, bacarıqları az, yenidən iş tapma imkanları az olan təbəqələr daha pis vəziyyətdədirlər, cavanlar və qadınlar arasında işini itirənlər daha çoxdur. Əlbəttə ki, müsbət gözləntilərin çoxu onunla əlaqədardır ki, vaksinləşmə sürətlə davam edəcək və yoluxmaların sayı azalacaq. Son həftələrdə bəzi ölkələrdə yoluxma rəqəmlərinin artması bu gözləntiləri zəiflədə bilər".

Fariz Hüseynli
İqtisadçı-alim deyir ki, qlobal maliyyə axınları baxımından ABŞ-da uzunmüddətli faizlərin artması başqa ölkələrin maliyyə sektoruna və valyutalarına təzyiq edir və bu trend sürətlənərsə, borcu çox və maliyyə kapitalı axtaran ölkələr üçün çətin olacaq: “Pandemiya davam edərsə, bu, ölkələri səhiyyə və büdcə xərclərini artırmağa məcbur edər və daha çevik siyasət tələb edər ki, iqtisadiyyatın məhsuldarlığını artıran addımlar atılsın. İflas edən şirkətlərin bağlanma prosedurundan tutmuş təhsil xərclərinə qədər daha yeni və çevik addımlar atılmalıdır. Büdcə yükü bir tərəfdən, maliyyə kapitalının bahalaşma ehtimalı bir tərəfdən və iqtisadiyyatların dirçəldilməsi üçün xərclərin artırılması ehtiyacı da bir tərəfdən hökumətləri yoxlayacaq”.
F.Hüseynli qeyd edir ki, az inkişaf etmiş ölkələrə maliyyə vəsaiti təmin etmək üçün BVFvə ABŞ haradasa 650 milyard dollardan çox vəsait ayırmağı nəzərdə tutur: “Ölkələrarası ticarətin güclənməsi və siyasi məsələlərin müsbət həll olunması (ABŞ-Çin-Avropa arasında və digər regional məsələlər) iqtisadi artıma kömək edəcək. Amma uzun müddətdə, həmişəki kimi, innovasiyaya, təhsil və məhsuldarlığa yatırım edən ölkələr, təbii resurslarını daha ağılla idarə edən ölkələr yuxarı çıxacaq, qalanları isə yerində sayacaq və ya geri gedəcək”...
Qeyd edək ki, BVF-dən əvvəl Dünya Bankının Azərbaycanla bağlı proqnozu açıqlanmışdı. Bu qurum 2021-ci ildə ölkəmizdə 2,8 faiz, 2022-ci ildə isə 3,9 faiz iqtisadi artım proqnozlaşdırır.
BVF isə 2022-ci ildə Azərbaycanda 1,7 faizlik artım gözləyir. Qurumun müvafiq proqnozlarına əsasən işsizlik səviyyəsi də növbəti iki ildə 6 faizdən aşağı olacaq. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov qeyd edir ki, qurumun daha öncə 2020-ci ilin oktyabr ayında açıqladığı hesabata əsasən Azərbaycanın 2021-ci il üzrə iqtisadi artım göstəricisi 2 faiz civarında proqnozlaşdırılırdı. Eyni zamanda qurum cari əməliyyatlar balansı üzrə proqnozları da pozitivə doğru yeniləyib. Belə ki, cari əməliyyatlar balansının defisitinin ÜDM-ə nisbəti 2021 və 2022-ci illərdə müvafiq olaraq 3,6 və 4,4 faiz olaraq proyeksiyalaşdırılırdısa, yeni hesabatda müvafiq defisit profisitlə əvəz olunmaqla 1,1 və 0,5 faiz ətrafında qiymətləndirilmişdi.

Departament rəhbəri bildirir ki, hesabatın təhlili növbəti iki ildə ölkədə makroiqtisadi canlanmanın qurum tərəfindən qeydə alınacağını göstərir: “Onu da qeyd edək ki, qurumun 26 yanvar tarixli dünya iqtisadiyyatının gələcəyi ilə bağlı daha öncəki analoji hesabatında da Azərbaycanla bağlı pozitiv siqnalların olacağı bəlli idi. Qlobal iqtisadiyyat üçün də iqtisadi artım proqnozları artırılmışdır və 2021-ci ildə 6 faiz, 2022-ci ildə isə 4,4 faiz artım gözlənilir. Qeyd edək ki, daha öncəki hesabatla müqayisədə bu göstəricilər, müvafiq olaraq, 0,8 və 0,2 faiz bəndi daha yüksəkdir.
Beləliklə, 2020-ci ilin dekabr ayından başlayaraq vaksinasiya proseslərinin güclənməsi ilə birgə pandemiyanın bitəcəyi ilə bağlı proqnozlar və ABŞ və Yaponiya kimi böyük iqtisadiyyatlarda ilin sonunda qəbul edilmiş iqtisadi dəstək siyasətləri qlobal iqtisadiyyatın canlanmasını sürətləndirib. Eyni zamanda Azərbaycan kimi inkişafda olan, gənc iqtisadiyyat ölkələrinin qəbul etdiyi fiskal və monetar antişok tədbirləri də müvafiq proqnozlarda müsbət məqamlar kimi inikasiya olunmaqdadır".

Ayaz Müseyibov
A.Müseyibovun sözlərinə görə, Azərbaycanın iqtisadi artımı və reytinqləri ilə bağlı digər mühüm bir məqam da onunla bağlıdır ki, “Moody’s” Beynəlxalq Reytinq Agentliyi də Azərbaycanın emitentin və üstün hüquqa malik təmin edilməmiş borc üzrə uzunmüddətli reytinqlərini “Ba2" səviyyəsində stabildən pozitivə doğru dəyişib: ”Pozitiv mənzərə daha çox idarəetmə və siyasət effektivliyinin artırılması ilə bağlıdır və bu, ölkənin kredit profilini daha da yaxşılaşdıra bilər. Qurumun analitiklərinin mövqeyinə əsasən monetar və makro siyasət çərçivəsinin gücləndirilməsi bank və xarici sektorun şoklara qarşı dayanıqlılığını artırmağa, likvidlik və xarici sektorun risklərinin mitiqasiyasına xidmət edəcəkdir. Qeyd edək ki, agentlik daha öncə də Cənub Qaz Dəhlizi QSC-nin reytinqini də pozitivə doğru dəyişmişdir. Hər iki qurumun hesabatında Azərbaycanla bağlı növbəti illərdə iqtisadi artımın baş verməsi ilə bağlı proqnozların pozitivə doğru dəyişilməsi gələcək inkişaf üçün imkanların olduğunu da göstərir. Bu baxımdan, Milli Prioritetlər Sənədi çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişaf yollarının yenidən dizayn edilməsi, işğaldan azad olunmuş torpaqların reinteqrasiyası ilə bağlı yeni investisiya və bərpa siyasəti, dövlət proqramlarının tərtibi və monitorinqi ilə bağlı qaydaların qəbulu, dövlət nəzarətinin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması ilə bağlı müvafiq tədbirlər, ümumilikdə isə strateji idarəetmə siyasəti çərçivəsində iqtisadi addımların realizasiyası bu göstəricilərin daha da yaxşılaşmasına xidmət edəcəkdir".
Məlumat üçün qeyd edək ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 12 milyard 19 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz az ümumi daxili məhsul istehsal olunub. İki ayda iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,5 faiz, qeyri neft-qaz sektorunda isə 0,4 faiz azalıb. Xatırladaq ki, yanvar ayında qeyri neft-qaz sektorunda cüzi də olsa artım qeydə alınmışdı. Belə ki, 2021-ci ilin yanvar ayında ölkədə 6 milyard 256,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz az ümumi daxili məhsul istehsal olunmuşdu. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 0,1 faiz artmışdı.
Bu prosesi nəzərə alsaq, yarısı bayram tətili - qeyri-iş günü olan mart ayının nəticələrinin birinci rüb üzrə iqtisadi artıma güclü təsir etməyəcəyini söyləyə bilərik. 2020-ci ilin yanvar-mart aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 18 milyard 321,1 milyon manat təşkil etmişdi. Bu zaman iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz artıb, neft-qaz sektorunda isə 2,1 faiz azalmışdı. Cari ilin 3 aylıq göstəricisinin bundan daha üstün olacağı xeyli şübhəli görünür. Bu halda beynəlxalq təşkilatların Azərbaycanda iqtisadi artımla bağlı nikbinliklərinin səbəbi nədir? Bu proqnozları real hesab etmək mümkündürmü?

Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, beynəlxalq reytinq agentlikləri və maliyyə qurumlarının Azərbaycanla bağlı proqnozlarında yaxşılaşma həqiqətən var: “Həm iqtisadi artım, həm makroiqtisadi göstəricilərlə bağlı nikbinlik hiss olunur. Bu nikbinliyin əsas səbəbi neft qiymətləri ilə bağlıdır. Bütün beynəlxalq qurumlarının proqnozlarında xüsusi bir qeyd olur. Bu qeyd ondan ibarətdir ki, yaxın zamanlarda neftin dünya bazar qiyməti 60 dollar və üzərində olacaqsa, o zaman Azərbaycanın iqtisadi artım göstəriciləri yaxşılaşacaq. Amma ümumilikdə götürdükdə, digər ölkələrlə müqayisədə Azərbaycanda daha yüksək - 3 faiz civarında artım proqnozlaşdırılsa da, əslində bu, elə də böyük rəqəm deyil. Hətta neftin hesabına olsa belə, Azərbaycan üçün bu, heç də nikbin göstərici sayıla bilməz. İşğaldan azad olunan torpaqlarda gözlənilən böyük bərpa işlərini nəzərə alsaq, 3 faizlik artımın yüksəl bir nəticə olmadığını söyləyə bilərik”.
Ekspert bildirir ki, iqtisadi artımın daha yüksək olması üçün hökumətin görəcəyi işlər çoxdur: “İqtisadi aktivliyin artırılması, qeyri-neft sektorunun inkişafı prioritet olmalı, bu istiqamətdə böyük işlər görülməlidir”.
