|
Putinlə danışandan sonra dili açılan Köçəryan və Azərbaycanın xəbərdarlığı

Ermənistandakı növbədənkənar parlament seçkiləri ərəfəsində dirilən “siyasi meyit” revanşa nail ola bilərmi?;  Paşinyanın Moskva səfəri məsələlərə aydınlıq gətirə bilər; “Rusiya rəhbərliyi Köçəryandan Paşinyanı əldə saxlamaq üçün təzyiq vasitəsi kimi istifadə edir”

Ermənistanın baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixli kapitulyasiya sənədinə imza atdıqdan sonrakı müddətdə onun iki il ərzində küncə sıxışdırdığı rəqibləri aktivləşib. Xüsusilə də eks-prezident, Qarabağ klanının lideri Robert Köçəryan özünün “siyasi meyit” obrazını dəyişməkdən ötrü ciddi şəkildə canfəşanlıq etməkdədir.

Paşinyanın hakimiyyəti dövründə həbsxanadan və ya məhkəmə kuluarlarından sorağı gələn Ermənistanın ikinci prezidenti son günlər daha çox gündəmdə görünməyə çalışır. Heç şübhəsiz ki, burada onun Rusiyaya səfəri, prezident Vladimir Putinlə videoformat şəklində də olsa, təması xüsusi rol oynayır. Üstəlik, Köçəryanın üzərindən konstitusiya quruluşunu devirməyə cəhd ittihamının götürülməsi də məhz bu ərəfəyə “təsadüf” etdi ki, bu da sıradan məsələ sayıla bilməz. Heç şübhəsiz məhkəmənin illərdir süründürdüyü R.Köçəryanla bağlı ağır ittihama xitam verməsi N.Paşinyanla Rusiya arasında siyasi bazarlıq elementləri olmamış deyil. Son illərdə Rusiya lideri bir neçə dəfə dostu R.Köçəryanın həbsdən azad edilməsi barədə N.Paşinyana mesajlar versə də, baş nazir əlindəki “kozır”ı əlində sonadək saxlamışdı. Görünür, Ermənistanın baş naziri Kremllə münasibətləri yumşaltmaq üçün bu qərarın məhz Rusiyaya səfəri ərəfəsində verilməsini daha rentabelli hesab edib. Məlum olduğu kimi, Paşinyanın Moskva səfəri aprelin 7-də başlayıb. Maraqlıdır ki, bu səfərlə bağlı xeyli müddət rəsmi məlumat gizli saxlanıldı, hətta media yazılarına rəğmən, Putinin köməkçisi səviyyəsində birmənalı təsdiq olmadı. Görünür, prezident Putin növbədənkənar seçkilər ərəfəsində Paşinyanı sonadək intizarda saxlamağı məqsədəuyğun hesab edib. Və N.Paşinyan Rusiyaya səfər etməzdən əvvəl 1 mart 2008-ci il cinayətlərinə görə günahlandırılan R.Köçəryan və onun dəstə üzvlərinin ittiham olunduğu maddəyə xitam verməyə razılaşdı. Əgər ortada siyasi mövqe olmasa, Paşinyan baş qərargah rəisi ilə bağlı məsələdə olduğu kimi əks mövqe sərgiləyər, sonadək dirəşərdi. Amma Rusiya N.Paşinyanın bu jestini nə dərəcədə nəzərə alacaq, demək çətindir.

Paşinyan hökumətinin R.Köçəryanın başına gətirdiklərini xatırlayaq: Ermənistan Xüsusi İstintaq Xidməti 26 iyun 2018-ci ildə Robert Köçəryana və başqa yüksək vəzifəli hərbçi və dövlət məmuruna qarşı “1 mart 2008-ci il” cinayət işi çərçivəsində konstitusiya quruluşunu devirmək ittihamı irəli sürüb. İyulda Köçəryan həbs olunub, lakin avqustda həbs-qətimkan tədbiri dəyişilib və o, azad olunub. Dekabrın 7-də Köçəryan yenidən həbs olunub və 2019-cu ilin may ayında tanınmamış “DQR keçmiş və vəzifədə olan prezidentləri” Arkadi Qukasyan və Bako Saakyanın zəmanəti ilə girovla azad edilib.

Lakin bir aydan sonra Robert Köçəryan üçüncü dəfə həbs olunub və 2019-cu il iyunun 19-na kimi təcridxanada saxlanıb. İyunun 19-da Köçəryan təxminən 4 milyon dollar məbləğində girovla həbsdən azad olub. Təsəvvür edin, bütün bunlardan sonra R.Köçəryanın dili və qapısı (məhkəmədə) açıdır...

Qeyd etdiyimiz kimi, Ermənistanın ikinci prezidenti Robert Köçəryan xeyli fəallaşıb və N.Paşinyanla mübarizədə digər oppanentlərdən daha çox önə çıxmış kimi görünür. Bir neçə ay öncə siyasətə qayıtdığını elan edən Köçəryan hakimiyyətə iddiasını da nümayiş etdirməkdədir. Onun son açıqlamaları ziddiyyətli olsa da, diqqət çəkir. Rusiyanın 1-ci televiziya kanalının “Pozner” proqramı efirində məşhur Moskva jurnalisti Vladimir Poznerə müsahibə verərkən Putinin İkinci Qarabağ müharibəsində oynadığı rola işıq salıb. Vladimir Pozner Köçəryana belə bir sual verib: “Demək olarmı ki, Rusiyanın iştirakı olmasaydı, çox güman ki, bu müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağı bütövlükdə alacaqdı?” Robert Köçəryanın bu suala cavabı belə olub: “Rusiya prezidenti şəxsən fəal şəkildə işə qarışmasaydı, çox güman ki, sonluq belə də olacaqdı”. Köçəryan Ermənistanda bəzi qüvvələrin İrəvanın müharibədə məğlub olmasında Rusiyanı günahlandırmağa çalışdıqlarını qeyd edib. “Bu mövzu çoxdan, hələ müharibədən əvvəldən, xüsusilə Ermənistanın rusiyameylli olmasından narazı qüvvələr tərəfindən hallandırılır. İndi yeni vəziyyət yaranıb, və həmin qüvvələr Rusiya əleyhinə əhval-ruhiyyələri qızışdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Lakin Rusiya müharibəni təhrik etməyib, Rusiya onu dayandırmaq üçün bütün mümkün imkanlardan istifadə edib”, - eks-prezident deyib. Burada Rusiyaya yarınmaq cəhdləri aydın görünür.

Robert Köçəryanın atası AZƏRBAYCANLIDIR – Şok FAKTLAR

Köçəryan hələ oktyabrın 19-da Rusiya prezidenti Vladimir Putinin, azərbaycanlıların Şuşaya qayıtması şərti ilə, “müharibənin dayandırılması təklifini” xatırladıb.

Onun sözlərinə görə, müharibəni tamam başqa şəraitdə dayandırmaq imkanı olub, lakin Ermənistanın baş naziri Nikol Paşinyan belə qərar üçün məsuliyyəti öz üzərinə götürmək istəmədi. Və nəticədə Ermənistan qat-qat çox ərazi və insan itkisi verdi. Rusiyanın Azərbaycana silah tədarük etməsi ilə bağlı sualın cavabında Köçəryan deyib ki, Rusiya olmasaydı, Azərbaycan başqa yerdən silah alardı. Yenə də Rusiyanı müdafiə cəhdi ortadadır.

R.Köçəryanın revanş haqqında fikirləri də maraqlıdır. Ermənistan ordusunun hazırkı vəziyyəti revanş haqqında düşünməyə imkan vermir, Köçəryan belə deyib. “Ermənistan ordusu indi elə bir vəziyyətdədir ki, ayıq düşüncəli heç bir insanın ağlına revanş haqqında fikir gəlməz”, - deyə, eks-prezident “əgər hakimiyyətə gəlsə, revanş haqqında düşünəcəkmi” sualının cavabında bildirib.

Aydın məsələdir ki, R.Köçəryan bununla bir tərəfdən Qarabağa görə ölmək istəməyən Ermənistan ermənilərinin-seçicilərin mövqeyini nəzərə alıb. Ancaq bu sözlərlə onun hakimiyyətə gəlişinə mane ola biləcək xarici fakrtorlara da mesaj verməsi şübhəsizdir. Xüsusilə də Qarabağda gərginliyi tətikləyənlərin intihara əl ata biləcəyi haqda V.Putinin hələ aylar öncə dedikləri, görünür, Köçəryanın “qulağında sırğa” olub.

Eks-prezident mahiyyətini gizlətməyə çalışsa da, içindəki məkr, on illər boyunca imza atdığı cinayətlər onun daxilindəkiləri üzə çıxarıb. Bununla həm də maliyyəsini gözlədiyi erməni diasporunun, “qan çanağı” rolunu oynayan erməni kilsəsinin Qarabağla bağlı münasibətini nəzərə alaraq Qarabağ münaqişəsinin bitmədiyi görüntüsünü yaratmağa cəhd edib. O deyib ki, “ədalətsiz sülh uzunmüddətli və əbədi ola bilməz”. “Odur ki, vəziyyətə bu cür baxmaq lazımdır: biz münaqişəyə son qoymaq istəyiriksə, gərək onun ədalətli həllini tapaq”, - Köçəryan əlavə edib.

Robert həmçinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti rayonlarına daxil olan itirilmiş ərazilərin bəzi hissələrinin qaytarılması ətrafında danışıqlar aparılmasını mümkün hesab edir. O, sözügedən ərazilərin hansı statusda qaytarılmasını deyə bilməsə də, müəyyən perspektivlər olduğunu bildirib.

Azərbaycan və Ermənistan arasında ötən payız başlamış və 44 gün davam etmiş müharibə nəticəsində Azərbaycan işğalda olan ərazilərinin böyük bir hissəsini geri qaytarıb.

Hazırda bölgədə rus sülhməramlıları atəşkəsə nəzarət edir.

Ermənistanın ikinci prezidenti hesab edir ki, ən böyük təhdidi Ermənistan üçün Türkiyə kəsb edir. “Bizim üçün Türkiyədən gələn təhlükə tarixi, ekzistensial xarakter daşıyır. Bu, ermənilər tərəfindən təhdid kimi qavranılır və deməliyəm ki, biz də Türkiyə tərəfindən təhlükə kimi qavranılırıq”, - Köçəryan deyib. Onun iddiasına görə, Ermənistan ehtiyatlanır ki, sərhədlər açılsa, Türkiyə əlindən gələni edər ki, Ermənistan biznes və iqtisadiyyat baxımından Acarıstanın bənzəyişinə çevrilsin. “Mən burada müəyyən təhlükə görürəm. Ümumiyyətlə, bizim Rusiyaya səmtləşməyimiz tək Türkiyəni deyil, amerikalıları da qıcıqlandırır. Və bu geosiyasi təqvimin dəyişməsi üçün Ermənistanda müxtəlif təşkilatlar çox fəal işləyir”, - Köçəryan “neoqlobalizm ideya və dəyərlərini təbliğ edən” şərti “sorosçular” adlanan qeyri-hökumət təşkilatları nəzərdə tutduğunu bildirib.

Mühakimə olunduğu dövrdə R.Köçəryana dəstək məqsədilə heç olmasa bir neçə yüz erməni məhkəmə binasının önünə toplaşıb onun azadlığını tələb etmədisə, bu, eks-prezidentin hansı “reytinq”ə sahib olduğunu göstərir. Həm də onun əli təkcə Azərbaycan vətəndaşlarının deyil, həm də erməni xalqının qanına batıb - 2008-ci ilin 1 martında. Ermənilərsə çətin bu cinayəti unutsun.

Çox vacib bir amili qeyd etmək lazımdır ki, bu da Azərbaycanın mövqeyi ilə bağıdır. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, Azərbaycan 44 günlük müharibədə Köçəryan-Sərkisyan ordusuna  qalib gəldi. Prezident həmçinin Xocalı cinayətini törətmiş bu iki eks-prezidentin Qarabağda törətdiyi digər cinayətləri də xatırladıb və onların bütün bunlara görə cavab verəcəklərini deyib. Bununla dövlət başçısı Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsinin növbəti fəlakətlərə yol aça biləcəyi haqda xəbərdarlığını edib. Bölgədə sülhün təminatçısı statusunda çıxış etdiyini sərgiləyən Rusiya Azərbaycanın mövqeyini nəzərə almaya bilməz. Ermənistan vətəndaşı İxşan Verdyanın Azərbaycan Prezidenti İlham Əliyevə müraciətlə “Bizi Köçəryanla Sərkisyandan xilas edin!”- xahişini də xatırlatmaq yerinə düşər.

Akif Nağı da namizədliyini verəcək

Akif Nağı

QAT sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Köçəryanın yenidən hakimiyyətə qayıtması real görünmür: “Həm sosial bazası yox dərəcəsindədir, həm də Rusiyanın ona ”stavka" etdiyi aydın görünmür. Putin reallıqdan çıxış edərək qərar verən siyasətçilərdəndir. Reallıq isə Köçəryanın yox, Paşinyanın xeyrinədir. Ona görə də Kreml hələlik Paşinyanın Qərblə əlaqələrini məhdudlaşdırmaqla ondan istifadə etmək variantına üstünlük verir. Amma Paşinyanın da Qərb qarşısında öhdəlikləri var, onların cızdığı xətlərdən kənara o qədər də çıxa bilməz. Putin bunu başa düşür və Paşinyandan imkan daxilində yararlanmağa çalışır. Rusiya rəhbərliyi Köçəryandan Paşinyanı əldə saxlamaq üçün təzyiq vasitəsi kimi istifadə edir. Bu vəziyyət Putininin Ermənistan üçün daha sərfəli namizəd tapacağına qədər davam edəcək. Köçəryanın açıqlamaları hələlik gündəmdə qalmasına xidmət edir, özü də başa düşür ki, daha ciddi nəticələrə ümid etməsinin mənası yoxdur". A.Nağı da hesab edir ki, Köçəryan “siyasi meyit”dir: “Meyitin həyata qayıması mümkün deyil, imitasiyası ola bilər. Baş verənlər də imitasiya xarakterlidir. İmitasiya olduğuna görə onun dediklərini ciddiyə almağa ehtiyac yoxdur. Amma Azərbaycan da orada gedən prosesləri diqqətlə izləməli, müəyyən sərfəli ictimai rəyin formalaşdırılması üçün hər şeydən , o cümlədən dirilmək istəyən ”siyasi meyit"lərdən də istifadə etməyi bacarmalıdır. Məsələn, Köçəryan Ermənistanda bizə sərf edən deinteqrasiya, mərkəzdən qaçma, siyasi qütbləşmə proseslərində rol oynaya bilər . Bu nüansları nəzərə almalıyıq".

Elxan Şahinoğlu: Ermənistan özünü tələyə salıb və indi çətin vəziyyətdədir

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, eks-prezidentin aktivləşməsi konkret hədəflərə hesablanıb. Siyasi analitikin fikrincə, Ermənistanın keçmiş prezidentinin iyunun 20-nə təyin edilmiş parlament seçkilərinə partiyalar blokunun rəhbəri qismində qatılacağını bəyan etdikdən sonra Rusiyanın “Birinci kanalı”nda yayımlanan “Pozner” verilişinə müsahibəsi mesaj xarakterlidir: “Aydındır ki, özünü ”müstəqil" jurnalist kimi qiymətləndirən Vladimir Pozner Kremlin təlimatıyla Robert Köçəryandan müsahibə götürüb. Kreml bununla Paşinyana və erməni cəmiyətinə mesaj göndərib ki, Köçəryanın ölkəsində aşağı reytinqinə baxmayaraq, ona inanır və güvənir. Kreml bilir ki, Köçəryanın formalaşdırdığı blok Paşinyan üzərində qələbə çalmayacaq, ancaq heç olmasa parlamentdə ana müxalifət statusunu qazanacağına çalışır". O ki qaldı Köçəryanın Qarabağla bağlı söylədiklərinə, E.Şahinoğlunun qənaətinə görə, eks-prezident reallığı ortaya qoyub: “Köçəryan deyib ki, Ermənistan inidiki halıyla itirdiyi əraziləri gerı qaytara bilməyəcək. Buna baxmayaraq, Köçəryan mövcud anlaşmaları ədalətli hesab etmir. Gəncliyindən bu yana siyasi fəaliyyətini Azərbaycan torpaqlarının işğalı və soyqırımlar üzərində formalaşdıran şəxsdən ”Dağlıq Qarabağ Azərbaycana aiddir" açıqlamasını gözləmirdik".

Robert Köçəryan Rusiya kanalına onu da deyib ki, erkən seçkilərdə siyasi partiyalar bloku tərkibində iştirak edəcək. Xatırladıb ki, 10 il ölkə başçısı olsa da, bitərəfdir, heç bir partiyanın üzvü olmayıb. Sözsüz ki, bununla R.Köçəryan özünün təkbaşına heç nəyə qadir olmadığını dolayı etiraf etmiş olur. Eks-prezidentin Daşnaksütyunla birgə hərəkət edəcəyi şübhəsizdir, həm də revanşistləri öz arxasınca aparmaq üçün. 44 günlük müharibədəki məğlubiyyətdən sonra belə, N.Paşinyan digər rəqiblərindən üstün mövqeyə malikdirsə, deməli, “o dünyadan” qayıtmış Köçəryan təkbaşına ona təhlükə yarada bilməz. Sadəcə, N.Paşinyanı narahat edən Rusiya təhlükəsidir və Moskva səfərindən sonra bununla bağlı suallara da aydınlıq gələcəyini demək olar.