|
“İmmunitetin yaranmasının mahiyyəti ondan ibarətdir ki...” - həkimdən izah

Zülfüqar Yusifov: “Ölkə əhalisinin 60-70 faizi vaksin olunarsa, pandemiyanın sürəti tamamilə sıfırlana bilər”

Dünya ölkələrinin əksəriyyətində COVİD-19-un yeni dalğası müşahidə olunmaqdadır. Bu səbəbdən bir neçə Avropa ölkəsi yenidən sərt karantin rejiminə geri dönüş etməyə başlayıb. Məsələn, Fransada məktəblər, ərzaq mağazalarından başqa digər obyektlər, müəssisələr bağlanıb, ciddi səbəb olmadan insanların evlərindən 10 km-dən uzaq məsafəyə getməsi qadağan olunub.

Lakin bəzi ölkələr sürətli vaksinasiya prosesi apararaq, əvvəlki həyat tərzinə geri qayıdır. Məsələn, 9 milyonluq əhalisi olan İsraildə insanların yarısı vaksinasiya prosesindən keçdiyindən yeni yoluxma halları kəskin azalmağa, ölkədə həyat yenidən normala dönməyə başlayıb. Vaksinin hər iki dozasını alan vətəndaşlar onlara verilən “Yaşıl keçid” kartı sayəsində restoranlara, hotellərə, idman salonlarına, hovuzlara və teatrlara girə, şadlıq saraylarında toy edə bilirlər.

Beləliklə, dünya indi pandemiya bəlasından ancaq vaksinasiya prosesi sayəsində azad olunacağına inanır.

Azərbaycan da artıq bir müddətdir ki, vaksinasiya prosesinə qoşulub. Ötən günün statistikasına əsasən ölkədə 982 291 nəfər vaksin olunub.

Onlardan 611 471 nəfəri 1-ci mərhələ, 370 820 nəfəri 2-ci mərhələ üzrə vaksin olunub.

Bir neçə gün öncə isə Azərbaycana yenicə 432 000 doza “AstraZeneca” vaksini gətirilib və yaxın zamanda mərhələli şəkildə digər vaksinlərin də gətirilməsi gözlənilir. Mütəxəssislər qeyd edir ki, ölkəmizdə virusun üçüncü dalğasının baş verməməsi, məcburiyyət qarşısında yenidən sərt karantinə getməmək üçün əhalinin ən azı yarısı vaksin olunmalı, kollektiv immunitet yaranmalıdır.

Zülfüqar Yusifov » Sehiyye.info

Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov Musavat.com-a danışıb:

“İmmunitetin yaranmasının mahiyyəti ondan ibarətdir ki, orqanizmdə anticisimlər yaranır, bunun da sayəsində virusa qarşı dözümlülük artır, yüksək səviyyədə olur, bu zaman yoluxma riski azalır.

Bəzi virusa yoluxmuş şəxslərdə təbii immunitet yaranır. Buna “özü qazanılmış immunitet” deyilir. Lakin COVİD-19 elə bir virusdur ki, əsasən peyvənd olunduqdan sonra orqanizmdə anticimlər yaranmağa başlayır.

Ümumiyyətlə, insanlıq tarixində pandemiya və epidemiyalar zamanı kütləvi yoluxmalardan qurtulmaq üçün müxtəlif peyvəndlərə müraciət edilib və bu gün də koronovirusla bağlı bu tablonu görürük. Hazırda dünyada bir neçə tip vaksin var. Məsələn, dünyada ilk təsdiq olunmuş vaksin “Pfizer” və “BioNTech” şirkətlərinin ortaq şəkildə hazırladıqları vaksindir. Bu vaksin ilk dəfə dekabrın 2-də İngiltərədə öz təsdiqini tapıb. Bunun ardınca isə ABŞ, Avropa Birliyi (AB) və ÜST tərəfindən təsdiq olunub. Daha sonra “Oxford-AstraZeneca”,  ABŞ-da hazırlanan “Moderna”, Çində istehsal olunan “Sinovac” və “Sinopharm” və Rusiyanın “Sputnik V” vaksinləri geniş istifadəyə verilib.

Beləliklə, dünyanın əksər ölkələri vaksinasiya prosesinə qoşulub, digər ölkələr üçün də vaksinlərin əlçatımlı olması istiqamətində işlər aparılır.

Mütəxəssislərin əksəriyyəti qeyd edir ki, ölkə əhalisinin 60-70 faizi vaksin olunub, anticisimlərə sahib olarsa, pandemiyanın sürəti tamamilə sıfırlana bilər. Bu proses artıq getməkdədir.

Hesab edirəm ki, bu proses yaxın zamanlarda öz bəhrəsini verəcək. Lakin hələlik həm dünyada, həm də ölkəmizdə yeni yoluxma və ölüm saylarında artım var.

Əhalinin böyük bir hissəsinin vaksin olunması həm də gələcəkdə sərt karantin rejiminin qarşısını almaq deməkdir. Hər kəsə məlumdur ki, karantin rejimləri insanların həm sosial həyatında, həm də psixoloji vəziyyətində ciddi fəsadlara yol açır. Bunun üçün də aktiv şəkildə vaksinasiya prosesində iştirak etməliyik".