Braziliyada son 1 sutka ərzində 4 min 195 insan koronavirus pandemiyasından dünyasını dəyişib.
Pandemiya dövründə ölkədə ilk dəfə bu qədər itki sayı qeydə alınıb.
Ölkədə uzun müddətdir ki, xəstəxanalarda yer tapılmır. Yerli mətbuatın yazdığına görə, bəzi şəhərlərdə xəstələr müalicə almaq üçün xəstəxanalarda yerlə bağlı növbə gözləyərkən ölürlər.
Qeyd edək ki, Braziliyada koronavirusun bir neçə ştammı ortaya çıxıb. Onlardan P1 variantı daha təhlükəli hesab olunur. Ölkədə yoluxma və ölüm saylarının sürətlə artmasında bu ştamm böyük təsir göstərib.
Son statistikaya əsasən ölkədə virusa yoluxanların sayı 13 106 058 nəfər olub. 337 364 nəfər isə virusun qurbanı olub.
Ölən mart ayı Braziliya üçün koronavirusla bağlı ən bədbin ay olub. Belə ki, təkcə bir ay ərzində ölkədə 66 min 573 nəfər koronavirusdan vəfat edib. Bu, iyuldakı rekorddan iki dəfə çoxdur.
Ölkədə koronavirusla bağlı vəziyyətin daha da gərginləşdiyi üçün bir neçə ölkə Braziliya ilə sərhədlərini bağlamağa başlayıb. Sonuncu dəfə aprelin 2-də Boliviya Braziliya ilə sərhədini bağlayıb.
