Səadət Bənənyarlı: “Əgər məhkəmə qərarı varsa, bu mütləq icra edilməlidir”
Hüquqşünas Xalid Ağəliyev “Turan”a deyib ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının yerinə yetrirlməsi sahəsində sonuncu yerdə qərar tutur: “Avropa Şurası Nazirlər Komitəsinin qərarına görə, Azərbaycanla bağlı 287 iş qərar mərhələsindədir. Bu işlərdən cəmisi 43-ü icra edilib. Amma bu icra edilənlər sırasında da bəzi qərarlar var ki, tam icra olunaraq yerinə yetirilməyib. Belə işlərə nəzarət hələ də davam edir”.
O da məlum olub ki, 2006-cı ildən bu yana Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı 300-ə qədər qərar verib və bu qərarlar üzrə təzminatın həcmi 5 milyon avro təşkil edir.
Sonuncu yerdə Azərbaycanın göstərilməsi gündəm olub. Çox haqlı olaraq bir sıra suallar yaranıb. Əsas suallardan biri burada qərəzli münasibətin olub-olmadığı yöndədir.
Hüquq müdafiəçisi Səadət Bənənyarlı: “Avropa Məhkəməsi bunu göstərirsə, statistikaya uyğun göstərir. Yəni bunu kimsə özündən sıralaya bilməz. Rəqəmlər olur və buna uyğun statistika elan olunur. Cədvəl də bu formada verilir. Düşünürəm ki, bu məhkəmə qərarları varsa, bunu icra etmək lazımdır. Bunlar çox vacib məsələlərdir. Azərbaycanda məhkəmə islahatları aparılır, amma bunu sürətləndirmək vacibdir. Elə etmək lazımdır ki, insanlar hüquqlarını öz ölkələrində müdafiə edə bilsinlər. Gedib niyə Avropa Məhkəməsinə insanlar çıxmalıdırlar? Normal qərarlar qəbul olunsa, təbii ki, bu şikayətlərə ehtiyac da olmayacaq. Əsas məqsədimiz yerli məhkəmələrin açıq, şəffaf olmasını təmin etməkdir. Beynəlxalq və yerli qanunvericiliyə uyğun şəkildə qərarların qəbuluna nail olmalıyıq. Burada obyektivliyin olması bizim üçün çox önəmlidir. Bir daha deyirəm ki, əgər məhkəmə qərarı varsa, bu mütləq icra edilməlidir. Amma onu da deyim ki, bu qərarı araşdırmamışam və ona görə də burada hər hansı bir qərəzli münasibətin olduğunu deyə bilmərəm. Ona görə bu barədə nəsə demək mənim üçün çox çətindir. Qərəzli münasibət o zaman ola bilər ki, kimdəsə daha çox problem olsun, amma bu işıqlandırılmasın. Yaxud digər bir ölkənin problemləri daha çox olsun, lakin Azərbaycana olan münasibət ona göstərilməsin. Onda qərəzli münasibətdən danışa bilərik. İndi bu barədə nəsə demək olmur”.

Səadət Bənənyarlı
Hüquq müdafiəçisi qərarların icrasının vacubliyindən də söz açdı: “Hakimiyyət məhkəmə qərarlarını icra etməlidir. Başqa yol qalmır. Çünki qərarlar verilərkən Azərbaycan tərəfin nümayəndəsi də orada iştirak edib. İcra edilmədikcə, adımız daim belə siyahılarda olacaq. Orada bizim məhkəməni təmsil edən nümayəndəmiz var. Ondan daha dəqiq bu sualın cavabını almaq olardı ki, bu qərarlar niyə icra edilmir, yaxud icra edilibsə nə üçün adımız sonuncu yerdə yer alır. Obyektiv mövqedən çıxış edirəm. Araşdırmadığım üçün deyı bilmirəm ki, burada qərəzli münasibət var ya yox. Amma ortada ödənişin olunmadığı barədə fakt varsa, bu barədə hökumət mövqe bildirməlidir. İzahat bizim üçün çox vacibdir”.
