|
Böyük Britaniya pabları, mağazaları və bərbərxanaları açır

Boris Conson: "Bazar ertəsi özüm pivəxanaya baş çəkəcəm"

Böyük Brtaniyanın baş naziri Boris Conson bu ilin arel ayının 12-dən etibarən karantin yumşaltmalarının növbəti mərhələsinin olacağını açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, gələcək həftədə ada dövlətində pablar (pivəxana), idman zalları, bərbərxanalar və xidmət sahəsində fəaliyyət göstərən digər obyeklər açılacaq. Xatırladaq ki, ötən ilin dekabrından İngiltərədə sadəcə olaraq ərzaq mağazalarının işləməsinə icazə verilirdi.

Baş nazir hətta bir pivəxanaya baş çəkib, orada içki içəcəyini söyləyib. “Gələn bazar ertəsi mən ehtiyatla, lakin əminliklə pivə şüşəsini başıma çəkəcəyəm”,-deyə o qeyd edib.

Bundan başqa, İngiltərə vətəndaşları qocalar evində öz yaxınlarına baş çəkə biləcəklər. Daha öncə sadəcə ailə üzvlərindən bir nəfərə belə bir hüquq verilirdi. Baş nazir bununla bərabər ingilisləri diqqətli olmağa, ehtiyatı əldən buraxmamağa, onları “COVİD-19”dan qorunmaqla bağlı bütün tələblərə riayət etməyə çağırıb. O, bundan öncə hökumətin məhdudlaşdırma ilə əlaqədar gördüyü tədbirlərin tam şəkildə özünü doğrultduğunu vurğulayıb. Lakin bütün bu yumşaldılmalar sadəcə İngiltərə bölgəsində tətbiq olunacaq. Şotlandiya, Uels və Şimali İrlanidyada karantin tədbirləri ilə bağlı qərarlar həmin bölgələrin hökumətlərinin ixtiyarına verilib.

Dünənə olan məlumata görə, Böyük Britaniya ərazisində 31,5 milyon insana peyvəndin ilk dozası vurulub. 5 milyondan çox vətəndaş (əhalinin böyük yaş qrupunun 10%-i) tam şəkildə peyvəndlənib. Uzunmüddətli lokdaun və immunlaşmanın artması sayəsində ölkədə yoluxma halları kəskin şəkildə azalıb. Belə ki, ada ərazisində bu ilin yanvar ayında gündə 60 min yoluxan xəstə qeydə alınırdısa, indi bu rəqəm gündə 3 minə enib.