“2021-ci ildə dünya koronavirus pandemiyasından sonra tez bir zamanda özünə gələcək. Lakin bəzi ölkələr bu trenddən geri qalacaqlar”.
“Bloomberg” agentliyinin ekspertlərinin gəldiyi rəyə əsasən, “postandemiya” dövrünün liderləri ABŞ və Çin olacaq.
Birləşmiş Ştatlar yenə də, büdcənin stimullaşdırılmasına sərf olunacaq trilyonlarla dollarların hesabına qlobal bərpa prosesinin lokomotivinə çevriləcək. Pekinin müvəffəqiyyətləri isə ölkə daxilində pandemiya ilə effektiv mübarizə aparması ilə bağlıdır.
Bundan başqa, mütəxəssislərin rəyində dünya iqtisadiyyatında 1960-cı illərdən bu yana rekord dərəcədə böyümə (6,9%) olacağı qeyd edilib. Lakin bərpa tempi peyvəndləmənin və preparatların təminatından asılı olaraq dəyişəcək. Geri qalacaq ölkələr və bölgələr arasında Avropa Birliyini, xüsusilə Fransa və İtaliyanı göstərmək mümkündür.
“Peyvəndlər hər yerdə və hər kəs üçün əlçatan deyil. Hədsiz sayda insan iş yerlərini itirib və kasıblaşıb. Bir çox ölkələr geri qalmağa və yoxsullaşmağa doğru gedir”,-deyə Beynəlxalq Valyuta Fondunun rəhbəri Kritalina Georgiyeva bildirib.
Ekspertlərin rəyinə görə, Covid-19-dan öncəki vəziyyətə geri qayıtmaq üçün bəzi ölkələrə illərlə vaxt lazım olacaq. Xüsusilə iqtisadiyyatda turizmə önəm verən dövlətlər böyük zərər çəkəcək.
