Bir zamanlar Binəqədi rayonu ərazisində, “Azadlıq prospekti” metrosunun çıxışında yerləşən ərazidə gözəl bir park idi. Təxminən 10 il bundan əvvəl həmin parkın sözün həqiqi mənasında qara günləri başladı, yaşıllıqları hissə-hissə zəbt edildi.
Bütün bu özbaşınalıqlar Xaləddin İsgəndərovun icra başçısı olduğu dönəmdən start götürdü. Parkın böyük bir hissəsi naxçıvanlı iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundova, bir hissəsi də Milli Məclisin deputatı Ağalar Vəliyevin tikinti şirkəti olan “Kristal Abşeron”a satıldı.
Hələ “Kristal Abşeron” parkda tikinti işinə başlamadan əvvəl rəsmi olaraq icra hakimiyyətindən deyilirdi ki, ərazidə dövlət əhəmiyyətli bina tikiləcək. Sonradan isə “Kristal Abşeron”un çoxmərtəbəli binası ucaldıldı...
Parkı əsas qara günə qoyan isə “Şərurlu İsfəndiyar”dır. İnsanların asudə vaxtlarını keçirməsi, ərazinin abadlığı məqsədi ilə salınan bu park indi sadəcə metronun “Azadlıq” stansiyasının çıxışından ibarətdir.
İsfəndiyar Axundova məxsus “Şərur MTK” tərəfindən inşa edilən ucsuz-bucaqsız tikili hələ də yarımçıqdır.
Bu tikili ilə bağlı illər sonra maraqlı fakt ortaya çıxıb. Onu da bildirək ki, həm “Yeni Müsavat” qəzetində, həm də yerli mətbuatda bu parkın taleyi ilə bağlı dəfələrlə reportajlar təqdim olunsa da rəsmi qurumlar həmişə bu məsələyə münasibət bildirməkdən yayınıblar.
“Şərurlu İsfəndiyar”a bu parkı “hədiyyə” edənlər mətbuatın suallarından qaçırdılar. Amma illər keçdikdən sonra parkın taleyinin üstündən kimlərin xətt çəkdiyi məlum oldu. Bunu “Şərurlu İsfəndiyar” özü açıqlayıb.
Musavat.com xəbər verir ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri Nadir İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilir. İş üzrə zərərçəkmiş şəxs olan “Şərurlu İsfəndiyar” məhkəmədəki ifadəsində bu məsələyə toxunub.
Deyib ki, hazırda Mərkəzi Seçki Komissiyasının (MSK) yerləşdiyi ərazi ona məxsus olub. Rəsmi qurumlar həmin ərazidə MSK-nın binasını tikmək istəyiblər. Qarşılığında isə parkın böyük bir hissəsini ona veriblər. Bəli, belə də olub.
“Şərurlu İsfəndiyar”ın bu dediklərini oxuyanda yəqin ki, siz də düşündünüz ki, Bakıda MSK üçün bina tikməyə yer qəhət idi? Bunun üçün məhz yaşıllığı, parkı məhv etmək lazım idi? Doğrudan da çox məyusedici vəziyyətdir.
İllər sonra da olsa bu özbaşınalığın üstü açıldı. Yəqin ki, bu qərarı verənlər, yaşıllığı, parkı məhv edənlər heç olmasa bundan sonra cəzalandırılacaqlar.
Bu yazını yazanda öz-özümə düşünürəm ki, yaxşı ki, təbiəti məhv edənlər, yaşıllıqlara qənim kəsilənlər illərdir bu işdən xeyir tapmayıblar. Elə onlardan biri də “Şərurlu İsfəndiyar”dır.
Parkın ərazisində başlayan bu nəhəng tikinti 10 ildən artıqdır tamamlanmır. Əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Şərur” MTK-nı cərimələdi. Bir dəfə də tikinti aparılan ərazidə çökmə baş verdi, işlər bir müddət də buna görə ləngidi.
Sonra tikinti yaxınlığında partlayış oldu. Ardınca MTK-da çalışan fəhlələrdən biri tikilidən yıxılaraq dünyasını dəyişdi. Bu hadisəyə görə cinayət işi açıldı və tikinti dayandırıldı. İndi həmin fəhlənin atası “Şərurlu İsfəndiyar”dan 2 milyon tələb edir.
Son olaraq isə iş adamı öz dostu Nadir İsmayılov tərəfindən aldadıldı və milyonlarla manat zərərə düşdü. İndi onun bir neçə əmlakı, villası banklarda girovdadır. Maliyyə problemləri yaşayan “Şərurlu İsfəndiyar” indi də tikintini başa çatdıra bilmir...
Musavat.com


