|
Dünya liderlərinin çağırışına iki nəhəng qoşulmadı - səbəb

Ekspert: “Onların ayrı planları var”

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel, İngiltərə baş naziri Boris Conson, Avropa Şurasının başçısı Çarls Mişel və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Prezidenti Tedros Gebreyesus da daxil olmaqla, 24 lider dünyanın gələcəkdə qarşılaşa biləcəyi qlobal xəstəliklərə qarşı beynəlxalq müqavilə (anlaşma) imzalanması üçün çağırış edib.

Liderlər çağırış məktubunda COVİD-19 pandemiyasının İkinci Dünya müharibəsindən bəri bəşəriyyətin üzləşdiyi ən çətin böhran olduğunu vurğulayıblar. Məktubda iki dünya müharibəsindən sonra liderlərin yenidən beynəlxalq bir sistem yaratmaq üçün bir araya gəldikləri xatırlanıb. Liderlər “hər kəs güvəndə olana qədər, heç kim güvəndə deyil” sözləri ilə bəşəriyyətin başqa bir sağlamlıq böhranı ilə üzləşməsinin yalnız bir an məsələsi olduğuna diqqət çəkiblər. Məktubda millətçilikdən çəkindirməklə ölkələri bir araya gətirmək, yalnız həmrəylik və əməkdaşlıq yolu ilə qlobal problemləri həll etmək kimi hədəflər qeyd olunub. Amma ABŞ prezidenti Co Bayden və Çin lideri Si Tzisinpin məktubu imzalayan liderlər arasında deyillər. Bu da diqqətlərdən yayınmayıb.

Liderlər dünyanı xilas edə biləcəklərmi? İki nəhəng ölkə bu təşəbbüsə niyə qoşulmayıb?

Ağamalının 2 müavini-FİKRƏT YUSİFOV VƏ ARZUMAN ABDULKƏRİMOV SEÇKİDƏN  ÇƏKİLDİ – YENİLƏNİB – EtikXəbər

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov məsələ ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Bəşəriyyəti təhdid edən xəstəliklərə qarşı mübarizə aparmaq üçün ölkələrin bir araya gəlməsi təşəbbüsü tam anlaşılandı. İstənilən problemin həllinə birgə səylərlə daha tez nail olmaq mümkündür. Bu təşəbbüsü irəli sürən dövlət başçıları da məhz həmin məntiqdən çıxış ediblər. Onlar başa düşürlər ki, hamını təhdid edən xəstəliklərə qarşı yalnız hamılıqla mübarizə aparmaqla qalib gəlmək mümkündür. İndi COVİD-19-un bəşəriyyətə yaratdığı problemlərdən düzgün nəticə çıxarmağın zamanıdır. Bu həm də bütün dünya ölkələrinə və eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatına bir dərs oldu. Dünya çapında xəstəliyin qarşısının alınmasında mövcud olan pərakəndəlik virusun ram edilməsində ciddi çətinliklər yaratdı. Virusun yayılmasının qarşısının alınması, xəstəliyin effektli müalicəsinin təşkil edilməsi və vaksinləşmənin aparılması sahəsində ayrı-ayrı ölkələrdə yaşanan problemlər, ilk növbədə bu proseslərin idarə olunmasında mövcud olmuş pərakəndəliyin və özfəaliyyətin nəticəsində baş vermişdi. Təəssüf ki, bu pərakəndəlik bu gün də davam edir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə xarakterli təklifləri isə bir o qədər səmərə vermir. İndi virusun üçüncü dalğası başlayıb. Bu durumda hansısa bir ölkə ciddi karantin rejimi tətbiq etsə də, xəstəliyin baş alıb getdiyi başqa bir ölkədə buna məhəl qoyulmur. Bir sözlə, virusla mübarizə sahəsində vahid məntiqi yanaşmanın olmaması xəstəliyin ram edilməsini getdikcə çətinləşdirir. Vaksinlərin istehsalı və ölkələrin vaksin təminatı da pərakəndə şəkildə baş verir. Hansısa bir ölkə özünə lazım olanda iki-üç dəfə artıq vaksin alır, başqa ölkələrdə isə ciddi vaksin çatışmazlığı yaşanır. Əgər bu sıraya vaksinlərin keyfiyyəti məsələsini və bu işə kimin cavabdeh olması kimi sualları da əlavə etsək, o halda, xəstəliklə bağlı proseslərin daha ciddi bir formada idarə edilməsinin vacibliyinə hər kəs əmin olar. Bu qısa açıqlamada koronavirus pandemiyası ilə bağlı toxunduğumuz bəzi həssas məqamlar bir daha göstərir ki, belə ümumbəşəri problemlərin çözülməsi üçün dünyanın yalnız aparıcı dövlətləri deyil, bütün ölkələr bir araya gəlməlidir. Əgər problem hamınındırsa və onu hamı yaşayırsa, deməli, onun həllinə də hamılıqla nail olmaq lazımdır. Amerika Birləşmiş Ştatları və Çinin bu təşəbbüsə hələlik qoşulmaması o demək deyil ki, dünya iqtisadiyyatının 40%-dən çoxuna sahib olan bu iki nəhəng ölkə proseslərdən kənarda qalacaqdır. Bu, sadəcə, mümkün deyil. ABŞ Administrasiyasına Donald Tramp başçılıq edərkən o, Birləşmiş Ştatların Ümumdünya Səhiyyə Təşkilatından və İqlim Dəyişmələri üzrə Paris Razılaşmasından çıxmasına qərar versə də, ABŞ-n yeni prezidenti Co Bayden ölkəsinin hər iki təşkilatda üzvülüyünün bərpa olunacağını bəyan etdi. Əgər bəşəriyyəti ciddi şəkildə təhdid edən qlobal problemlərə qarşı birgə effektiv mübarizə aparılmasa, insanlığın bundan sonrakı aqibəti böyük suallar altında qala bilər. Bu gün ekoloji fəlakətin və COVİD-19 kimi təhlükəli xəstəliklərin qarşısında dünyanın bütün ölkələrinin bir araya gəlməsi qaçılmazdır”.

yegane.jpg (67 KB)

 Yeganə Hacıyeva

Siyasi şərhçi Yeganə Hacıyeva burada təəccüblü heç nə görmür: “Artıq 1 ildən çoxdur ki, planetin Antarktidadan başqa 5 qitəsində COVİD-19 adlı təhlükəli koronavirus pandemiyası yayılıb. Çoxlu sayda insan itkisi ilə tüğyan edən pandemiya ilə dövlətlər mübarizə aparır, kütləvi toplaşma və səyahət məhdudiyyətləri tətbiq edilir, ölkələrə giriş-çıxış, təhsil və iaşə müəssisələrinin fəaliyyətləri limitlənib, milyonlarla insanın iş yerləri bağlanıb, ölkələr çoxmilyardlıq iqtisadi itkilərə məruz qalıb, vətəndaşlara iqtisadi ziyandan başqa həm də sağlamlıq və psixoloji təsir edən sosial təcridlə sərt karantin qaydaları tətbiq edilir və s. Pandemiyanın ilk aylarında dövlətlərin əhalinin pandemiyadan müdafiəsi üçün həyata keçirdiyi çoxpilləli fəaliyyət vətəndaşların hökumətlərə etimadını artırsa da, pandemiyanın bu qədər uzanması indi tam əksinə effekt verir. Pandemiyanın uzanması bütün dünyada cəmiyyətlərin hakimiyyətlərə etimad səviyyəsinin enməsi ilə, ümumilikdə etimad mədəniyyətinin sıradan çıxarılması prosesi ilə müşayiət olunur. Nəzərə alsaq ki, ənənəvi siyasi hakimiyyətlərin təbiətində etimad mədəniyyəti cəmiyyət-dövlət ünsiyyətində həlledici bənd rolunu oynayır, onda pandemiyanın bütün dünya boyunca vurduğu ziyan haqqında aydın təsəvvürlər formalaşır. Dünyanın ictimai-siyasi bir idarəetmə formasında son illər çoxlu açıq suallar var. 1980-ci illərdən başlayaraq möhkəmlənən bu idarəetmədə bir sıra ölkələr çökdü. Buna adekvat olaraq, beynəlxalq miqyasda yeni ictimai-siyasi, hərbi-siyasi, iqtisadi təşkilatlar meydana çıxdı. Bununla dünyanın ictimai-siyasi düzəni müəyyən institutların əllərində cəmləşdi. Dünya həmin institutların maraqları çərçivəsində idarə olunmağa başladı. Bu, Avropa, Afrika, Sakit Okean hövzəsi ilə yanaşı, dünyanın bütün bölgələrini əhatə edirdi. Həmin bölgələr tabe olduğu bu regional qurumlar vasitəsilə idarə edilməyə başladı. Yəni dünya mərkəzləşdirilmiş idarəetmə sisteminə tabe edildi. 2010-cu illərdən sonra isə mərkəzdənqaçma meyli daha da gücləndi. Kənar qüvvələrin güclü təsirlərinə məruz qalan bu təşkilatlar öz nüfuzlarını itirməyə başladılar. Məsələn, Avropa İttifaqı, Avropa Şurası kimi qurumlar 1990-cı illərdə müstəqil idilərsə, 2000-ci illərin əvvəllərində bu təşkilatlar kənar qüvvələrin can atdığı qurumlara çevrildilər. Avopa Şurasının maliyyələşməsinin əsasında Rusiya möhkəmləndi, Avropa İttifaqının maliyyələşməsində Almaniya diktə edən tərəf oldu. Bu proses digər coğrafiyalar və beynəlxalq qurumları əhatə etdi. Beləliklə, bu beynəlxalq qurumlara üzv dövlətlər siyasi, iqtisadi və maliyyə lobbilərinin əllərində vasitələrə çevrildilər. 2010-cu illərdə isə bu qurumlar daxilində idarəedənlərlə, idarə olunmayanlar arasındakı münasibətlərdə problemlər yarandı. Bu proses indi nə idarə edənləri, nə də idarə olunanları qane etmir. İkinci Dünya müharibəsindən bəri bəşəriyyətin üzləşdiyi ən çətin böhran olduğu vurğulanaraq, qlobal xəstəliklərə qarşı beynəlxalq müqavilə imzalanması adı altında davam edən bu təşəbbüslər yuxarıda haqqında danışdığımız dünyanın yeni ictimai-siyasi üsuli idarəsinin formalaşdırılması üçün bir məxrəcə gəlməsi cəhdidir. ABŞ prezidenti və Çin liderinin məktubu imzalayan liderlər arasında olmamaları təəccüblü deyil, çünki onların öz ayrı planları var”.