|
“Peyvəndin bir dozası iki adama vurulur” iddiasına reaksiya

İnfeksionist Vüqar Cavadzadə: “Maskanın içində qida mühiti var ki, orada qurd yaşasın?!”

Aprel və may aylarında sərt karantin rejiminin tətbiq olunacağı deyilir. Çünki həm koronavirusa yoluxanların sayı, həm də ölüm halları artıb. Xristian dünyasının Pasxaya, müsəlman aləminin Ramazana hazırlığı bu riski daha da artırıb.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov mediaya açıqlamasında bildirib ki, Novruz bayramı ərəfəsində yoluxma sayı 5-10 dəfə artmamışdı: “İctimai nəqliyyat hamıya bəllidir ki, koronavirus infeksiyasının yayılmasına şərait yaradan ən başlıca amillərdən biridir. Amma ən çox rast gəlinən yayılmalar kütləvi tədbirlərlə bağlıdır. Ən ciddi yayılmalar toylar, yas mərasimləri və ad günlərində baş verir. Bu cür tədbirlərin məhdudlaşdırılması, sanitar gigiyenik normaların tətbiqinə nəzarətin gücləndirilməsi davam etməlidir. Bakı əhalisinin daha əhəmiyyətli qismi artıq yoluxub, xəstələnib və sağalıb. Amma regionlarımızda Bakı, Sumqayıt və Gəncə ilə müqayisədə bütün il boyu yoluxma halları az olub. Ona görə regionlarımızın qorunması çox vacibdir".

Nabil Seyidov: Azərbaycanda iki minə yaxın küçədə yaşayan uşaq var  [Video-Müsahibə]

Nabil Seyidov 

Bu arada son zamanlar sosial şəbəkələrdə ölkəmizdə vaksinasiya prosesi ilə bağlı müxtəlif xoş olmayan iddialar dolaşmağa başlayıb. Bildirilir ki, bəzi yerlərdə tibb işçiləri vaksinin bir dozasını iki nəfərə bölür. “Peyvəndlənmənin birinci hissəsi qaydalara uyğun aparılsa da, indi poliklinikalara lazımi qədər peyvənd verilmir və ona görə də bir peyvənd iki nəfərə vurulur", - deyə iddia var. Başqa tərəfdən, peyvənd olunmaq istəməyən, lakin immunizasiya pasportunu (vaksinasiyadan keçməsi haqqında sənəd) almaq istəyən, bununla bağlı həkimlərə üz tutan və hətta müxtəlif yollarla buna nail olan şəxslərin mövcudluğu barədə də iddialar yayılıb.

Yoluxub xəstəliyi ağır keçirməkdənsə, vaksinasiya olunub özünüzu qoruyun Vüqar  Cavadzadə - İki sahil

Vüqar Cavadzadə

Məsələ ilə bağlı “Yeni Müsavat”a tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə münasibət bildirib: "İnsanlar o qədər şayiələr yayır ki, əksəriyyəti sosial şəbəkə “fenomenləridir”, öz profillərini aktiv saxlasınlar deyə, oxucu kütləsi çox olsun, nə isə bir ajiotaj olsun deyə, oxucular  o səhifəyə daxil olsun və öz səhifəsini reklam eləsin deyə belə xəbərləri yayırlar. Peyvəndin bir flakonu bir nəfər üçün nəzərdə tutulub. 0.5 milliqram doza çəkilir bir nəfərə də vurulur. Vaksinasiyada həkim, tibb bacısı, rəhbər heyət olur, bütün proses insanların böyük əksəriyyətinin gözü qarşısında həyata keçirilir. Heç də ağlabatan deyil bu. Hamısı şayiələrdir. Dünən də yaymışdılar ki, guya maskalarda qurd var. Heç bir mənası olmayan bir video idi. Maskalar hazırlanır, ultrabənövşəyi şüalardan keçir, sonra onlara antiseptik məhlullar vurulur. O antiseptik məhlulun içərisində qurdlar yaşaya bilər? Bir də qurdların orada yaşaması üçün qida mühiti varmı? Yoxdur.  Meyvə deyil ki, orada qurd əmələ gəlsin, yaşasın, çoxalsın. Bu mümkün deyil. Çünki maskaların hamısına antiseptik məhlullar vurulandan, ultrabənövşəyi şüalardan keçəndən sonra qablaşdırılır. Bunlar hamısı sosial şəbəkələrdə ucuz reklam etmək,  özünü gündəmdə saxlamaq, camaat arasında ajiotaj yaratmaq üçün göstərilir".

İnfeksionist immunizasiya pasportu ilə bağlı deyilənlərə də münasibət bildirib: "Tibb sahəsində işləyirəm, çox klinikalarla da əlaqələrim var, bu işin içərisindəyəm, belə bir söhbət mən eşitməmişəm, tibb kollektivi arasında da belə bir şayiə yoxdur. Bu, insanların yaydığı söhbətlərdi, bundan sonra da cürbəcür şayiələri çox eşidəcəyik".

Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, belə bir fakt qeydə alınmayıb: "Bununla bağlı konkret fakt varsa, nazirliyə bildirilsin, bu zaman araşdırılacaq".

Viktor Qasımov: COVID-19 əleyhinə vaksinlərin alınması üçün ikitərəfli  danışıqlarda qardaş Türkiyə ilə daha yaxın əməkdaşlıq edirik VİDEO -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Viktor Qasımov

Azərbaycan Səhiyyə nazirinin müavini Viktor Qasımov isə mediaya maskalarla bağlı yayılan video ilə bağlı münasibət bildirib: "Hər hansı bir parça çox kiçik, mikrofiber liflərdən ibarətdir. Düşünürəm ki, hər hansı bir parça isti su üzərində tutularsa, nəticə eyni olacaqdır. Tibbi maskalarda “qurd” ola bilməyəcəyi aydındır və bunu başa düşmək üçün ən azı fizika biliklərinə malik olmalısan. Səhvən qurd kimi başa düşülən nanohissəciklər və ya toxuma lifləri həqiqətən hərəkət təəssüratı yarada bilər. Onların “hərəkətləri” həm ətraf faktorları (məsələn, nəfəs alma və ya qaralama), həm də elektrostatik qüvvələr tərəfindən təhrik edilə bilər.

Statik elektrik, kumaş liflərinin digər materiallara yapışmasına səbəb ola bilər. Alimlərin fikrincə, polyester  təbii liflərlə müqayisədə daha yüksək statik yüklənmə nümayiş etdirir. Tibbi maskalarda “nano qurdlar” yoxdur və ola da bilməz və əgər bu saxta xəbərə inananlar əvvəlki fikirlərimlə inandırılmazsa, heç olmasa həkimlərin və tibb işçilərinin hər gün eyni maskalarda işləmələri barədə düşünsünlər".

COVİD-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Həmin şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Goranboy rayon sakini S.Atayev və Lənkəran rayon sakini C.Əliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Digər vətəndaşlar barəsində araşdırmalar davam etdirilir.

 “Karantin rejimi tələblərinin təmin edilməsin, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət-profilaktik tədbirləri davam etdirir. Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq”, - mətbuat xidmətindən bildirilib.