|
Ekspert həbsdəki 7 icra başçısından oğurladıqları milyardların alınması yolunu göstərdi

Aprelin 6-da Lənkəran Ağır Cinayətlər Məhkəməsində Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxslərinin cinayət işi üzrə hazırlıq iclası keçiriləcək. Prosesə hakim Nizami Quliyev sədrlik edəcək.  Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları 2020-ci il fevralın 20-də Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirib. İsmayıl Vəliyev və digərləri əməliyyat nəticəsində saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham verilib. Həbsdə olan keçmiş icra başçılarından daha ikisinin məhkəməsi davam edir. Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində, Yevlağın keçmiş icra başçısı Qoca Səmədovun işinə isə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarının icra hakimiyyəti başçıları Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib. Həbs dalğası bundan sonra da səngiməyib. Neftçala, Biləsuvar, İmişli, Kürdəmir və Cəlilabad rayonlarında da oxşar əməliyyatlar davam edib. Hazırda Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin cinayət işləri üzrə istintaq davam edir.

Tutulanların üst-üstə mənimsədikləri məbləğlər on milyonlarla manatla ölçülür. Qeyri-rəsmi hesablamalara görə isə həbsdə olan sabiq icra başçılarının cəminin varidatı bir neçə milyardı aşır. Hazırda bu məbləğin geri qaytarılması ümumilikdə azad olunmuş torpaqların, kənd və şəhərlərin bərpası üçün tələb olunan 10-15 milyard dolların əhəmiyyətli hissəsini qarşılaya bilər. Bu maliyyənin heç olmazsa 5 milyardının həbsdəki məmurların əlindən alınıb büdcəyə qaytarılması vacibdir.

Əkrəm Həsənov: “Təəssüf ki, Azərbaycanda hərraclar faktiki olaraq örtülü  bazardır...”

Əkrəm Həsənov

İqtisadçı ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, ümumiyyətlə, kimin əlində mənbəyi, mənşəyi bilinməyən əmlak varsa, onlar leqal elan olunmalıdır: “Həbsdə olan icra başçıları da, bu gün azadlıqda olan icra başçıları və məmurlar da oğurladıqlarını ortaya çıxarmırlar. İllərdir maliyyə amnistiyasının verilməsindən danışırıq. Xeyli adam var ki, onların qanuni əsası olmayan tikililəri var. Onların hər birini dövlət tanımalıdır. Onlar hər biri gəlib əmlakının siyahısını dövlətə təqdim etməli və deməlidir ki, əlimdə bunlar var. Dövlət ilk növbədə həmin əmlakın dəyərinin, məsələn, 10 faizi həcmində vergi tələb edə bilər və buradan qazana bilər. Bu rəqəm fərqli də ola bilər. Qanun da həmin şəxsə zəmanət verəcək ki, heç kəs heç zaman ondan həmin maliyyənin mənbəyini soruşa bilməz. Onsuz da bu gün Azərbaycanda kimdənsə kapitalının mənbəyi haqda soruşmurlar. Qanuni, qanunsuz yolla kim nə toplayıbsa, amnistiya tətbiq edirsən və deyirsən ki, pulunu xaricdən gətir, qoy öz ölkənə. Və buna görə məsuliyyət daşımırsan, məhkəmə də təminat verir. Beləcə, onlar pulu gətirib sərmayə kimi qoyurlar və başqa qaydalarla işləməyə başlayırlar. Yəni ancaq vergini tanıyır və vergi xaricində heç bir qurumu tanımır. Ondan sonra görün, ölkə qısa müddətə necə çiçəklənəcək. Hər halda, korrupsioner məmurların 50 faizinin kapitalını gətirib qoyması kifayət edər. Həbsdəki icra başçılarına təklif olunmalıdır ki, oğurladıqlarını üzə çıxarıb təhvil versinlər. Zəmanət verilməlidir ki, bundan sonra azad ediləcəklər. Bu təklifi qəbul etməyən həbsdəki başçılara qanun ən sərt şəkildə tətbiq olunmalıdır”.

Əkrəm Həsənovun sözlərinə görə, maliyyə amnistiyası verilərsə, gələcəkdə belə hallar əhəmiyyətli dərəcədə azalacaq: “Sonrakı dövrdə yol verilən maliyyə cinayətləri üçün sərt cəzalar da müəyyən olunmalıdır. İqtisadiyyat orada inkişaf edir ki, iqtisadi cəhətdən fəal olan vətəndaşlarda əmlaklarının, bizneslərinin əlindən alınmayacağı ilə bağlı əminlik hissi olsun. Maliyyə amnistiyası da ilk növbədə bunu təmin edəcək. Maliyyə amnistiyasının bir üstünlüyü də odur ki, həmin qanun bundan sonra edilə biləcək bütün maliyyə pozuntuları ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutacaq, kim buna yol versə cəzasını alacaq. Bu məsuliyyətin olması da gələcəkdə baş verəcək maliyyə cinayətlərinin qarşısını alacaq”.

MUSAVAT