“Son 44 günlük Qarabağ müharibəsi postsovet Ermənistanındakı hakimiyyətlərin bir çox cəhətdən səhv hesablamalarının nəticəsidir”.
Musavat.com xəbər verir ki, bu sözləri Rusiya Qafqazşünasları Elmi Cəmiyyətinin prezidenti Aleksandr Krılov “Qolos Armenii” qəzetinə müsahibəsində deyib.
“Bu gün müharibədən və onun yekunundan sonra yenə oxlar Rusiyaya tərəf uçmaqdadır. Moskva nələrisə etməməkdə, bəzi öhdəliklərini yerinə yetirməməkdə qınanır - baxmayaraq ki, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Ermənistanın müdafiəsi və təhlükəsizliyi barədə qarşılıqlı razılaşmalarımız var və ona əməl edilir. Bu haqda dəfələrlə deyilib. Ancaq təəssürat belədir ki, heç kim bunu eşitmir və bir çoxu mövcud vəziyyətdə Moskva Müqaviləsinə belə (Türkiyə ilə 1921-ci ildə imzalanmış sülh və dostluq haqda müqavilə – red.), eyni standartlarla yanaşmağa çalışır. Yenə həmin o eyni özünüdəyər və hərəkətlərdə müstəqillik problemi. Məgər Ermənistan 30 ildir yalnız xarici təsirlərə məruz qalıb və öz hakimiyyət dairələrinin apardığı siyasətin hazırkı regional vəziyyətə heç bir təsiri olmayıb? Bu, belə deyil. Sadəcə, siz 30 illik hakimiyyətin yekununu ayıq başla qiymətləndirməli və anlamalısınız ki, Qarabağ müharibəsi artıq müstəqil, postsovet Ermənistanının hakimiyyət orqanlarının bir çox cəhətdən yanlış hesablamalarının nəticəsidir”, - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, indi ən vacib olan xüsusən də yeni tarixi mərhələnin başladığı hazırkı dönəmdə Ermənistanın öz prioritetlərini müəyyən etməsidir: “Tezliklə ölkədə yeni seçkilər olacaq. Və bu gün məhz o andır ki, öz imkanlarınızı, nailiyyətlərinizi, çatışmazlıqlarınızı ayıq bir şəkildə qiymətləndirəsiniz və əvvəlkindən daha uğurlu olacaq yeni yola keçəsiniz. Əsas vəzifə budur. Buna görə ümid edək ki, erkən seçkilər hər halda vəziyyətin pisləşməsinə yox, yaxşılaşmasına gətirib çıxaracaq”.
Rusiyalı mütəxəssis əmindir ki, Ermənistanın müdafiəsi və təhlükəsizliyi ilə bağlı qarşılıqlı zəmanətlər haqqında Moskva ilə razılaşma olduğu üçün Ermənistan ərazisində yeni müharibə olmayacaq. “O ayrı məsələ ki, sərhədlərin demarkasiyası prosesi gedir. Hansı sərhədlər ki, əvvəllər faktiki mövcud deyildi, çünki Qarabağ məsələsi var idi. Və burada böyük bir qüsur odur ki, son 30 il ərzində Qarabağın statusu müəyyən edilmədi - Ermənistan Qarabağı nə öz faktiki “sərhədlərində”, nə də keçmiş DQMV hüdudlarında tanıdı. Bu ərazilər Azərbaycanla Ermənistan arasında mübahisəli ərazi elan edilmədi - o zaman bəlkə də hüquqi müstəvidə İrəvan buna nəsə bəraət qazandırıla bilərdi” – Krılov ehtimal edib.
Fikrinə davam edən ekspert deyib: “Sərhədlərin bugünkü demarkasiyası mövcud vəziyyəti nəzərə alsaq, hər kəsin özü üçün sərfəli xətt boyunca sərhəd çəkməyə çalışdığı bir vəziyyətdir. Proses ağrılıdır, “kartlar” fərqlidir. Və burada kim öz mövqelərində inad edəcəksə, daha sərfəli sərhəd əldə edəcək. Aydındır ki, Ermənistanın mövqeyi indi o qədər də əlverişli deyil, çünki müharibə baş verib və nəticə onun xeyrinə olmayıb. Türkiyə və Azərbaycan özlərini qalib sayır və Ermənistandan maksimum güzəştlər tələb edir. Ancaq Ermənistan da Rusiya ilə müttəfiqlik amilindən istifadə edə bilər və yeri gəlmişkən, müvafiq Rusiya qurumları bu prosesdə fəal iştirak edir”.
Ermənistanı ərazisi ilə Türkiyəni Azərbaycanla birləşdirəcək dəhlizə gəlincə, Krılov bildirib: “Aydındır ki, bu dəhlizin təhlükəsizliyi məsələsi var. Ancaq anlamaq lazımdır ki, orada nəqliyyat dəhlizi ola bilər, amma təhlükəsizliyi təmin etmək üçün hər cür imkan varsa. Kifayət qədər maliyyə və qüvvə cəlb olunarsa, həmin dəhlizlə heç bir qoşun yerdəyişməsi və əlbəttə ki, Ermənistana hücum olmayacaq. Hazırda bu problem həll olunur. Düşünürəm ki, həll ediləcək”.
Dağlıq Qarabağın “gələcək statusu” barədə danışan qafqazşünas ekspert güman edir ki, “hər şey ssenarinin necə olacağından” asılı olacaq: “Rus sülhməramlıları əraziyə 5 illiyə gətirilib. Azərbaycanın nəzarətindən kənarda qalan ərazidə müddət daha sonra uzadıla bilər.
Erməni tərəfi deyir ki, status yerli əhalinin iradəsi nəzərə alınmaqla təyin olunmalıdır. Azərbaycanla Türkiyənin isə fərqli yanaşması var: bu, Azərbaycan ərazisidir, vəssalam. Tamamilə aydındır ki, orada sülhməramlılar olduğu müddətdə müharibə olmayacaq. Heç kim Rusiya ilə böyük bir savaşa səbəb olmuş Cənubi Osetiya nümunəsini təkrarlamaq istəməz. Bu, orada heç lazım da deyil. Məsələ Qarabağı nəzarətə götürməkdirsə, o zaman ilk mərhələdə onlar (Azərbaycan və Türkiyə nəzərdə tutulur – red.) azad edilmiş əraziləri – hansı ki, əvvəllər “təhlükəsizlik kəməri” adlanırdı - inkişaf etdirməyə başlayacaqlar. Özlərinin hərbi vəziyyətini gücləndirəcək, yollar çəkəcək və əhalini gətirəcəklər. Əgər bunu 5 ildə edə bilsələr, növbəti məsələ gündəmə gətiriləcək. Düzdür, fikrimcə, bunların hamısına 5 ildə nail ola bilməyəcəklər, çünki görüləsi işlər çoxdur. Bu və ya digər şəkildə ardınca erməni əhalini sadəcə, ona diskomfort həyat şəraiti yaratmaqla sıxışdırmaq olar. Və beləcə, əgər erməni əhali oranı tərk edərsə, Rusiya sülhməramlılarına ehtiyac qalmayacaq və Azərbaycan və Türkiyə üçün problem öz-özünə həllini tapmış olacaq”.
Zəruri əlavə: rəsmi Bakının Qarabağdakı erməni əhalini sıxışdırıb qovmaq kimi bir hədəfi yoxdur. Əksinə, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, oradakı dinc ermənilər Azərbaycan vətəndaşları sayılır və ölkəmizin qanunlarını, Konstitusiyasını qəbul edəcəkləri təqdirdə tam əmin-amanlıq, rifah və təhlükəsizlik içində qalıb yaşaya bilərlər. Bunun xaricində heç bir separatçıya, quldur-terrorçuya ərazimizdə yer yoxdur və olmayacaq. Gec, ya tez. Status məsələsi isə Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi, çoxdan cəhənnəmlik olub...
