20 günə yaxın idi ki, özlərini Azərbaycan hakimiyyətinin "alternativi", "siyasi mühacirlər", "real qüvvə" adlandıran 5-6 adam sosial şəbəkə hesabları üzərindən aksiya təbliğatı aparırdılar. Daha dəqiq desək, 19 mart "aksiyası"nı təşkil edirdilər.
Avropaya sığınmış mühacirlər (adlarını çəkmək belə doğru sayılmaz onların) Azərbaycan xalqını 19 martda aksiyaya çıxmağa səsləyirdi.
Bu adamların hansı niyyətlə, hansı məqsədlə aksiya təşkil etlmələrini əsaslandırmalarına da rast gəlmirdik. Sadəcə, Avropadan Azərbaycan xalqına xitab edirdilər ki, yığışıb etiraz aksiyası keçirməliyik.
Niyə, nə üçün? Və vacibatı var? Əlbəttə, bu sualları onlara verənlər vardı, amma normal izah tapa bilmirdilər.
Eləcə deyirdilər, lazımdır da bu mitinq. Bəli, kimlərəsə lazım, zəruri idi. Kimə, nə üçün gərək idi, bunu elə 19 martda təxminən 10 nəfərin Bakıda Fəvvrələr meydanında toplaşıb keçirdikləri xaotik aksiyadan dəqiq sezmək mümkün idi...
Həmin adamlara "aksiya" zamanı müxbir sual verir ki, tələbiniz nədir? Bəlli olur ki, bir araya gələn 10-a yaxın adamın fikirləri, tələbləri üst-üstə düşmür. Aksiyaya niyə gəliblər, özləri də bilmirdilər. Axı normalda aksiyanın konkret tələbləri olur.
Biri deyir ki, mən azadlıq istəyirəm. Müstəqil, Qarabağı da azad edilmiş Azərbaycanın paytaxtının mərkəzində razılaşdırılmamış, qanunsuz aksiya belə keçirir, bir-iki sayt da çəkib yayır. Və bu şəraitdə deyir ki, söz azadlığı, demokratiya istəyir.

O biri sözünü kəsib deyir ki, bəs avtobuslarda basabasdır, koronavirus yayılır.
Bir başqası deyir ki, məscidlər niyə bağlıdır?
O birinin tələbi daha böyükdür: rus sülhməramlıları Qarabağdan təcili çıxsın getsin.
Digəri Türk ordusunu çağırır. Beləcə, aksiyada siyasət kommunala, koronavirus sülhməramlıya qarışdırılmışdı.
Elə bu dəmdə aksiya iştirakçılarından biri çantasından Avropa İttifaqının da bayrağını çıxarıb dalğalandırmağa başladı.
Burada "xoruzun qoyruğu" göründü axı elə bil...
Bu aksiyanın təşkilatçılarının - Avropadakı bəzi mühacirlərin hansı cür layihələrdə iştirakı sirr deyil.
O da gizli deyil ki, bizim bir sıra zirək azərbaycanlı mühacirlərimiz müxtəlif Avropa institutlarını "sağmal inək" gözündə görürlər. O təşkilatların əlbəttə missioner fəaliyyəti də sirr deyil. Zaman-zaman üzə çıxıb ki, Azərbaycanda qarışıqlıq salmaqda maraqlı olan dairələr var.
İllərdir nələrsə etmək istəyirlər, ancaq Azərbaycanda özlərinə ciddi tərəfdaş, portnyor, icraçı tapa bilmirlər. Tapdıqları elə bir qrup bəlli adamlardır. Onlarla da əməkdaşlıq "yalançının tamahkarı aldatması" məsəlindən o yana keçmir...
Bəzi missioner Avropa, Qərb təşkilatları vəsait ayırır, onu bizim "qoçaq" mühacirlər beləcə "silirlər" gedir. 19 martdakı "Avropa bayraqlı aksiya" da "qrantsilmə" əməliyyatına daha çox oxşadı. Tanış mənzərələrdir...
Eyni adamlar vaxtaşırı belə aksiyalar təşkil edir. Məsələn, 20 yanvarda da oxşar bir "piket" cəhdi olmuşdu. Eyni cür xaotik bir tədbir idi.
Avropadakı dairələrə bağlı müxalif qrupların bəlli bir taktikasının 2000-ci illərdə şahidi olmuşuq: Hansısa mənbədən Bakıda aksiya təşkil etmək üçün 10-15 min qrant alınırdı, sonra 20-30 adamı bazarlardan, qohum qonşudan 20-30 manat qarşılığında aksiyaya gətirib, 3-5 dəqiqə xaotik aksiya edib foto, video çəkib, məsələni bitirirdilər...
Deyəsən, eyni variantlar hələ də keçərlidir.
Əlbəttə, Avropadakı missioner dairələr pullarının belə batmasını istəməzdilər. Ancaq onlar ciddi bir tərəfdaş da tapa bilmədiklərindən qeyri-ciddilərin ümidinə qalıblar...
Bəlkə də Avropa institutları bu söyüşçül, xaotik, fürsətçi adamları ciddi sanır. Məsələn, baxırlar ki, 100, 200 minlik sosial şəbəkə səhifələri var, facebookda, youtubedə aktivdirlər, özlərini "barışmaz demokratlar" kimi aparırlar.
Ancaq fakt göz önündədir: İllərdir bu adamlar elə variant qalmayıb ki, istifadə etməsinlər, ancaq Azərbaycan xalqına, cəmiyyətinə zərrə qədər təsir edə bilmirlər. Nə olsun 100 minlik səhifələri var? Əksəriyyət ora baxıb, dəqiq nəticə çıxarıb ki, bu adamlar kimdir, nəçidir.
Və indiki iqtidara ikiqat rəğbəti yaranıb çox adamın, belələrini hakimiyyətə iddialı gördükcə.
Xalqa özünü "demokrat", "barışmaz mühacir", yekə bloger kimi təqdim etməklə deyil axı. Xalq onları, ümumiyyətlə hər kəsi davranışlarından dəqiq tanıyır, qiymət verir. Elə son iki aksiya cəhdləri - 20 yanvar və 19 mart "piketləri" göstərdi ki, hətta hansısa maddi şirnikləndirmə ilə belə, Azərbaycanda maksimum 5-6 "tərəfdaş" tapa bilirlər. İllərdir "iş" görürlər, cəmi 5-6 adamı ələ ala biliblərsə, mənzərə tamam aydındır...
Xalqımız gerçəkdən ayıq-sayıqdır. Kimin hansı ağılın, mənsəbin, məqsədin sahibi olduğunu cəmiyyətimiz cəmi 5 dəqiqəyə ayrıd edə bilir.
Bunu Avropadakı missioner dairələr də bir gün anlayacaq.
Ortada xeyli pulları batır sadəcə...
musavat
