Türkiyənin Bartın bölgəsində YUNESKO, Bartın Valiliyi, Bartın Universiteti, Türkçe Konuşan Ülkeler Uluslararası Gazeteciler Derneği tərəfindən təşkil edilmiş tədbirdə Türk dövlətlərindən və toplumlarından çoxlu sayda dövlət adamları, millət vəkilləri, siyasətçilər, QHT-ləri, mətbuat və mediya qurumları, alimlər iştirak ediblər.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Türk dünyasından tanınmış siyasətçilərin və media nümayəndələrinin təmsil olunduğu münsiflər heyəti tərəfindən mükafatın təqdim edilməsində ŞKTC-nin prezidentinin danışmanı, tanınmış ziyalı, yazar və jurnalist Ata Atun bildirib ki, millət vəkili Qənirə Paşayeva hər zaman özünün fəaliyyətində, beynəlxalq arenalardakı çıxışlarında, yazılarında dünyanın müxtəlif bölgələrində haqları tapdalanan türklər və türk xalqlarına əlindən gələn dəstəyi göstərir və eyni zamanda Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan bölgələrindən köçkün düşmüş köçkünlərin haqlarının müdafiəsi istiqamətində də hər zaman yorulmadan çalışır və münsiflər heyəti bu mükafatın ona verilməsi haqqında qərar qəbul edib. Millət vəkili Qənirə Paşayeva ilə bərabər bu mükafata daha 4 nəfər layiq görülüb.
Mərasimə tanınmış modelyer Gülnarə Xəlilovanın hazırladığı göy-mavi rəngli Azərbaycan milli geyimi ilə qatılan millət vəkili Qənirə Paşayeva “dildə, fikirdə, işdə birlik” deyərək bu gün də bütün türk dünyasını birlik və bərabərliyə səsləyən İsmail Bəy Qaspirallı İnsan haqları mükafatını aldığı üçün çox duyğulandığını və bu mükafatın onun üçün çox böyük mənəvi önəm daşıdığını vurğulayıb.
