|
Mərkəzi Bank inflyasiya və devalvasiya gözləntilərini açıqladı

İqtisadçı ekspert: “Azərbaycandakı hazırkı inflyasiya səviyyəsi təhlükəli hədd deyil”

Azərbaycanda biznes pandemiyadan sonrakı bərpa dövrünə daxil olur. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb. Nazirin dediyinə görə, ilin iki ayının yekunları ürəkaçandır: “İlkin məlumata əsasən, vergi daxilolmaları proqnozlara nisbətən 118,7 faiz icra olunub. Qeyri-neft sektorundan əlavə daxilolmalar 84,7 milyon manat təşkil edib".

Azərbaycan Mərkəzi Bankı da makroiqtisadi sabitliyə hər hansı təhlükə olmadığını deyir. Martın 19-da Bankın İdarə Heyəti faiz dəhlizi parametrlərini dəyişməmək barədə qərar qəbul edib. Qurumdan “Yeni Müsavat”a verilən açıqlamaya görə, bu qərar inflyasiyanın dəyişimi üzrə son meyillər, xərc və tələb amillərinin qısa və ortamüddətli dövrdə qiymətlərə mümkün təsirləri nəzərə alınmaqla qəbul edilib: “Aparılmış təhlillər inflyasiya üzrə risk balansında amillər arasında əhəmiyyətli bir dəyişikliyin baş vermədiyini göstərir. Stabilləşdirici amillər olan neftin qiymətinin yüksəlməsi, xarici balansın yaxşılaşması, əsas siyasət lövbəri olan məzənnə sabitliyi, iqtisadi fəallığın zəif bərpası artırıcı amillər olan dünya ərzaq qiymətlərinin yüksəlməsi, kontr-siklik fiskal siyasət və gözlənilən monetar genişlənməni tarazlaşdırır. Qeyri-monetar inflyasiya səviyyəsi bir qədər yüksəlsə də baza inflyasiya stabil olaraq qalır. Qiymətləndirmələr ilin sonuna inflyasiyanın Mərkəzi Bankın hədəf dəhlizi daxilində qalacağını göstərir.

İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından bəri illik inflyasiya səviyyəsi yüksəlsə də, hədəf çərçivəsində qalmışdır. Rəsmi statistikaya görə, istehlak qiymətləri indeksi fevral ayında əvvəlki aya nəzərən 1.6 faiz, ötən ilin fevralına nəzərən 4.2 faiz artıb. İnflyasiya ilk növbədə dünya əmtəə qiymətlərinin və bəzi inzibati qiymətlərin yüksəlməsi kimi xərc amillərindən təsirlənib: “Qeyri-ərzaq məhsullarının və xidmətlərin bahalaşmasının inflyasiyada rolu nisbətən artmışdır. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-fevral aylarında 2,1 faiz təşkil etmişdir. İnflyasiya gözləntilərində əhəmiyyətli dəyişiklik müşahidə edilmir. Real sektor müəssisələri üzrə monitorinq nəticələrinə görə, fevralda ötən aya nəzərən inflyasiya gözləntiləri ticarət və xidmət sektorlarında sabit qalmışdır. Qeyri-neft sənayesində inflyasiya gözləntisi yanvardakı artımın ardınca nisbətən azalmışdır. Tikinti sektorunda isə qiymət gözləntisinin azalma meyli davam etmişdir”.

Mərkəzi Bank bəyan edir ki, mart ayında yenilənmiş proqnozlara görə, mövcud pul siyasəti nəzərə alınmaqla inflyasiyanın 2021-ci ilin sonuna elan olunmuş hədəf diapozonunda formalaşacağı gözlənilir.

Qurumun hesablamalarına əsasən xarici şərtlərin milli iqtisadiyyata və ölkədəki inflyasiya proseslərinə təsirləri müxtəlifdir: “Dünya bazarında neftin qiymətinin artım meylinin davam etməsi tədiyyə balansına müsbət təsir edir və valyuta bazarındakı tarazlığı dəstəkləyir. OPEC+ razılaşması və dünya iqtisadiyyatının bərpası kimi gözləntilərin təsiri altında neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 60 ABŞ dollarını, mart ayının ötən dövründə isə 67 ABŞ dollarını üstələmişdir. Aparıcı analitik mərkəzlər özlərinin son hesabatlarında cari ilə neft istehlakı və qiyməti proqnozlarını bir qədər artırmışdır.

Dünya ərzaq qiymətlərinin yüksəlməsinin davam etməsi daxili inflyasiyaya artırıcı təsir edir. Dünya ərzaq qiymətləri yanvar-fevralda 6.9 faiz, son 12 ayda 16.7 faiz yüksəlmişdir. Ən yüksək illik bahalaşma yağ (51 faiz) və un məhsulları üzrə (26.5 faiz) qeydə alınmışdır. Dünya bazarında buğdanın bahalaşmasının daxili inflyasiyaya təsirini azaltmaq üçün buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha bir il müddətinə əlavə dəyər vergisindən azad edilmişdir".

Qlobal iqtisadiyyatda, o cümlədən tərəfdaş ölkələrdə iqtisadi artımın bərpasının qeyri-neft ixracı və investisiya axınları vasitəsilə Azərbaycanda tələbin dinamikasına artırıcı təsir göstərəcəyi gözlənilir. Digər tərəfdən, yaradılmış beynəlxalq nəqliyyat infrastrukturundan daha aktiv istifadə və mart ayının 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişinin qüvvəyə minməsinin ölkəmizin qeyri-neft ixracının genişlənməsinə müsbət təsir göstərəcəyi gözlənilir.

Mərkəzi Bank və onun digər banklardan fərqi? | Banco.az

Mərkəzi Banka görə, 2021-ci ilə iqitisadi artımın bərpası ilə bağlı gözləntilər qeyri-neft iqtisadiyyatında artıq özünü doğrultmaqdadır: “Rəsmi rəqəmlərə görə, 2021-ci ilin yanvar-fevral aylarında qeyri-neft sektorunda resessiya, demək olar ki, dayanmışdır. Qeyri-neft sektorunun aparıcı sahələri olan qeyri-neft sənayesində 12.1 faiz, kənd təsərrüfatında 2.3 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 10.9 faiz artım müşahidə olunmuşdur. Real sektorun monitorinqinin nəticələrinə görə fevralda biznes inam indeksi ötən aya nəzərən ticarət və xidmət sektorlarında artım meyilli olmuşdur. Tikintidə icraya qəbul edilmiş sifarişlərdə müsbət meyl qeydə alınmışdır. Qısa və ortamüddətli perspektivdə həm xarici, həm də daxili tələbdə bərpa prosesinin davam edəcəyi gözlənilir. Daxili tələb stimullaşdırıcı fiskal, monetar və makroprudensial siyasətlər, işğaldan azad olunmuş ərazilərdə bərpa işləri ilə dəstəklənəcəkdir”.

Ölkədə hazırkı pul təklifi başlıca olaraq vahid xəzinə hesabının qalığının dəyişməsindən təsirlənir. İlin əvvəlindən pul bazasının azalması müvəqqəti xarakter daşıyır və büdcə profisiti ilə əlaqədardır. İlin qalan dövründə bu profisitin kəsirlə əvəzlənməsi pul bazasının artımı ilə müşayiət olunacaq.

İqtisadiyyata kredit qoyuluşlarında artımın bərpası başlayıb: “Yanvar-fevral aylarında bank sistemi üzrə kredit qoyuluşları 0.6 faiz, o cümlədən biznes kreditləri 0.6 faiz, ipoteka kreditləri 3.2 faiz artmışdır. İstehlak kreditləri 0.7 faiz azalmışdır. Kredit qoyuluşlarında artımın iqtisadi aktivliyə paralel şəkildə davam edəcəyi gözlənilir. Hökumətin güzəştli kreditləşmə proqramlarının və makroprudensial yumşalmaların da qalması bu artıma əlavə dəstək verəcəkdir. Valyuta bazarında sabitlik inflyasiya gözləntilərinin sabit qalmasının başlıca şərtlərindəndir. Keçirilən valyuta hərraclarında tələbin həcmi fevral-mart aylarında yanvar ayı ilə müqayisədə əhəmiyyətli az olmuşdur.

Beynəlxalq konyunkturun yaxşılaşması, xüsusən də neftin qiymətinin yüksəlmə meyli əsas siyasət lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Pandemiya dövründə bəzi məhsul və xidmətlər üzrə yaranmış yeni istehlak davranışlarının mümkün davamı da ortamüddətli dövrdə ayrı-ayrı sahələrdə qiymət artımını məhdudlaşdıra bilər. Məcmu tələbin və iqtisadi aktivliyin inflyasiyaya məhdudlaşdırıcı təsiri tədricən aradan qalxmaqdadır. Dünya ərzaq bazarında qiymətlərin artım meyli və inzibati qiymətlərin yüksəlməsi kimi xərc amilləri inflyasiyaya artırıcı təsir göstərməkdədir".

Pərviz Heydərov: “İranla yeni iqtisadi əlaqələr qurulacaq” -

 Pərviz Heydərov 

İqtisadçı-ekspert Pərviz Heydərov qeyd edir ki, Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsinə etdiyi dəyişikliklərin iqtisadiyyatda heç bir prosesə təsiri olmur: “Nə inflyasiyaya, nə ölkədəki bank-kredit faizlərinə, nə də başqa bir iqtisadi prosesə təsiri yoxdur bu qərarların. Çünki normal bazar iqtisadiyyatlı ölkələrdən fərqli olaraq, bizdə Mərkəzi Bankın uçot dərəcəsi ilə makroiqtisadi göstəricilər arasında bağlılıq yoxdur. Bağlılıq olsaydı, uçot dərəcəsi aşağı salınanda mərkəzləşmiş resurslara çıxış genişlənməli, banklarda kredit faizləri aşağı düşməli, dövriyyədə olan pul kütləsi artmalı, bütün bunlar isə son nəticədə inflyasiyanı sürətləndirməliydi. İndiyədək Azərbaycanda belə bir bağlılıq qeydə alınmayıb. Normalda inflyasiya müəyyən hədd daxilində iqtisadiyyatı canlandıran amil kimi çıxış edir. Baxın, ABŞ-da Federal Ehtiyat Sistemi uçot dərəcəsi ilə bağlı hər hansı qərar qəbul etməzdən əvvəl hansı göstəricilərə diqqət yetirir: məşğulluq səviyyəsi, Ümumi Daxili Məhsul artımı, inflyasiya səviyyəsi. İnflyasiya 2-3 faizdən aşağı olduqda FED bildirir ki, bu, normal hal deyil. Bu baxımdan, Azərbaycan kimi ölkə üçün illik inflyasiyanın 5-8 faizədək olması normal haldır. Əgər əlbəttə, iqtisadi artımı dəstəkləyirsə. Amma bizdə belə deyil, inflyasiya heç vaxt iqtisadi artımı dəstəkləyən amil kimi çıxış etmir. Ölkədə hətta 5-6 faizlik iqtisadi artım qeydə alınanda belə inflyasiya səviyyəsi 2-3 faiz olurdu. Bu isə normal iqtisadi proses hesab oluna bilməz”.

Ekspert hesab edir ki, Azərbaycandakı hazırkı inflyasiya səviyyəsi təhlükəli hədd deyil: “Bu, bilavasitə istehlak bazarındakı bahalaşma ilə bağlıdır. Hətta deyərdim ki, rəsmi inflyasiya göstəricisi real bahalaşma səviyyəsindən aşağıdır. Mərkəzi Bankın makroiqtisadi sabitlik, manatın məzənnəsi ilə bağlı nikbinliyinə gəldikdə, düşünürəm ki, hökumət xüsusilə milli valyutanın məzənnəsini saxlamaq istiqamətində ciddi problemlə üzləşməyəcək. Makroiqtisadi sabitliyin olması isə hökumətin biznesin inkişafı ilə bağlı həyata keçirməyə başladığı proseslərdə effektivliyi təmin edə bilər. Xüsusilə ekoloji təmiz avtomobillərin idxalının vergi-rüsumlardan azad olunması, istehlak kreditləşməsinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması kimi addımlar iqtisadi canlanmaya səbəb ola bilər. Düzü, Mərkəzi Bankın tikinti bazarında qiymət bahalaşması gözləntilərinin səngidiyinə dair mövqeyi ilə razılaşmaq mümkün deyil. Bu bazarda bahalaşma hazırda sırf monopolizmin nəticəsi olaraq başlayıb. Yaxınmüddətli dövrdə iqtisadiyyatda canlanma genişlənərsə, bu prosesin nəinki səngiməsi, hətta daha da sürətlənməsi daha gözləniləndir”.