|
Deputatlardan Qarabağa icazəsiz gedənlərə çağırış:

Martın 16-da Ağdam rayonunun işğaldan azad olunmuş ərazisinə gedən 6 mülkü şəxs minaya düşdü. Məlumata görə, həmin şəxslərin arasında ata, 3 oğul və bir nəvə də olub. Ağdam Rayon Prokurorluğundan  verilən məlumata görə, aparılmış araşdırmalarla Hüseynov Akif Muxtar oğlu, Hüseynov Anar Akif oğlu və Abdulov Bəhruz Nadir oğlunun qeyd edilən ərazidə minaya düşmələri nəticəsində çoxsaylı ağır dərəcəli bədən xəsarətləri almaları, Hüseynov Razi Akif oğlu və Hüseynov Bayram Akif oğlunun aldığı xəsarətlərdən həlak olmaları, azyaşlı Hüseynov Hüseyn Razi oğlunun isə hər hansı xəsarət almaması müəyyən edilib.

Çox təəssüf ki, xəbərdarlıqlara baxmayaraq, bu cür hadisələr dəfələrlə baş verir. Hətta ölkə Prezidenti İlham Əliyev çıxışlarının birində vətəndaşları azad olunmuş torpaqlara icazəsiz getməkdən çəkinməyə səsləmişdi:

“Əfsuslar olsun ki, azad edilmiş torpaqlarda son günlər bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər”.

Daxili İşlər Nazirliyi də dəfələrlə bu barədə əhaliyə xəbərdarlıqlar edib. Hətta bir neçə şəxs işğaldan azad olunmuş ərazilərə keçərkən saxlanılıb. Lakin görünən budur ki, hələ də bir çoxları özlərini təhlükəyə ataraq, müxtəlif yollarla ərazilərə keçib, doğma yurd-yuvalarını, yaxınlarının məzarlarını ziyarətə gedirlər.

Bəs insanların həyatlarını bu cür təhlükəyə atmasının səbəbi nədir: vətənpərvərlik, torpaq sevgisi, yoxsa məsuliyyətsizlik?

Əslən ağdamlı olan millət vəkili Bəxtiyar Sadıqov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının ən müqəddəs arzusunu 44 gün ərzində həyata keçirdi. Vətən həsrətimizə son qoyuldu. Hamımızın böyük arzusu o idi ki, bayramlarımızı Ağdamda, Qarabağda qeyd edək. Qəfildən bu səadət artıq bizə nəsib olub. Lakin eyni zamanda biz çox murdar, şərəfsiz bir millətlə döyüşürük. Müharibə dövründə də gördük ki, onlar dinc əhaliyə ”İskəndər" raketləri atdılar. Tərtəri Stalinqrada döndərdilər. Bərdədə insanlar küçədə getdiyi yerdə mərmilərin qurbanına çevrildilər. Bir sözlə, onlar bu cür xislətə sahibdirlər. Düşmən torpaqlarımızdan gedərkən çoxlu sayda “ölüm tələləri”, minalar basdırıblar. Bu gün də şərəfsizcəsinə müharibənin də, insanlığın da qanunlarını pozaraq, basdırılan minaların xəritəsini vermirlər. Sanki bununla da dinc əhalinin minaya düşməsindən zövq alırlar. Necə ki, onlar meşələri qırmaqdan, dini abidələri dağıtmaqdan, məscidləri  təhqir etməkdən zövq alıblar, bu gün də öz vətəninə tez dönməyə tələsən dinc insanların minaya düşüb, həlak olmasından sanki mənəvi bir rahatlıq tapırlar. Biz gərək kiminlə döyüşdüyümüzü, kimə qalib gəldiyimizi bilək və sayıqlığımızı əldən verməyək.

Bəxtiyar Sadıqov istefa verdi

Bəxtiyar Sadıqov: “Məsuliyyətli olmaq lazımdır”

İndi dövlət özü qayda qoyub ki, həmin ərazilərə keçmək olmaz. Kifayət qədər də maarifləndirmə işləri aparılır, bütün qəzetlər, mətbuat, media birlikdə daim xəbərdarlıq edir, minaya düşmə təhlükəsindən söz açılır, lakin yenə bu cür məsuliyyətsizliyə yol verilir. Sadəcə, qanuna əməl etmək, hörmətlə yanaşmaq lazımdır. Tələsmək lazım deyil. Bəzən görürsən ki, gözdən yayınıb, haranısa ziyarətə gedirlər.

Xatırlayıram ki, sovet dövründə xüsusən də ağdamlılar qızıl dişi çox sevirdilər. Demək olar ki, hər kəsin ağzında qızıl dişi var idi. Ermənilər o qızıl dişi çıxartmaq üçün qəbirləri eşiblər. Çünki onlarda müqəddəs bir anlam yoxdur. Bu azmış kimi, qəbirlərin yanında minalar basdırırlar. Hətta müharibədə yaralanmış və yaxud şəhid olmuş əsgərlərimizin üstünə minalar qoyurdular ki, onları götürəndə minalar partlasın.

Ona görə də işğaldan azad olunan torpaqlarımızı ziyarət etməyə tələsmək lazım deyil, məsuliyyətli olmaq lazımdır.

Sonuncu hadisədə də gördük ki, yaşlı ata və 3 oğlu gedib. Axı siz bir ailənin başçılarısınız, ölkəmizin bu günü, gələcəyisiniz, niyə tələsirsiniz? Birdəfəlik yadda saxlamaq lazımdır ki, məsuliyyətsizcəsinə o ərazilərə gedəndə birbaşa ermənin tələsinə doğru gedirsən. Hər bir hadisə bizim düşməni sevindirir. Ona görə də burada həm qanunları pozmaq, həm məsuliyyətsizlik var. Yəni bir qəbri ziyarət etmək, oraları görmək bu qədər riskə dəymir. 

Bütün qarabağlılara üzümü tutub deyirəm ki, tələsməyək.  Gəlin nə düşmənimizi sevindirək, nə minaya düşüb şikəst olaq, nə də həyatımızı məhv edək. Biz artıq arzumuza çatmışıq, o torpaqlar yenidən bizimdir. Prezidentimiz o torpaqları cənnətə çevirəcək. Biz o zaman torpaqlarımıza gedək ki, özümüzə, ailəmizə xətər dəyməsin, təhlükə olmasın. Bütün ərazilər minalardan təmizlənsin, biz də yurd-yuvamızda əkib-biçək, becərək, yaşayaq".

Aqil Abbas etiraz etdi, spiker tapşırıq verdi » Gundeminfo.az

Aqil Abbas: “İndi bütün ərazilərə sərhəd çəkib, polis, hərbiçi qoyaq?”

Əslən ağdamlı olan digər millət vəkili Aqil Abbas da xatırlatdı ki, dövlət qurumları məsələ ilə bağlı dəfələrlə əhaliyə xəbərdarlıq edib: “Bütün aidiyyəti qurumlar, ziyalılar, hər kəs bildirir ki, minalardan təmizlənməmiş ərazilərə getməyin. Son hadisə zamanı ailə gedib, özü ilə də 7 yaşlı uşaq da aparıblar. Soruşan lazımdır ki, axı nəyə getmisən? Ölənlərə Allah rəhmət etsin, yeri behişt olsun. Amma axı sən niyə gedirsən? Dövlət dəfələrlə bu barədə xəbərdarlıq edib. İndi bütün ərazilərə sərhəd çəkib, polis, hərbiçi qoyaq? Polislər, hərbiçilər postlarda olurlar. İnsanlar isə digər açıq ərazilərdən keçərək, istədikləri yerlərə gedirlər. Nə qədər deyirik ki, getməyin, xeyir yoxdur. Çox ağrılı bir məsələdir, insan yanıb-tökülür.

Bugünlərdə Füzulinin kəndlərinə gedən 4 nəfər saxlanıldı. Sual verilir ki, qardaş, niyə getmişdiniz Füzuliyə? Özünüzü, yaxınlarınızı niyə təhlükəyə atırsınız?

Hesab edirəm ki, bu cür məsuliyyətsiz yanaşan insanlara ağır cəza verilməlidir.

Mən 3 gün bundan əvvəl Ağdamda idim. Onun bir sıra əraziləri, o cümlədən Yusifcanlının bir hissəsi, Mərzili kəndləri minalardan təmizlənib. Həmin təmizlənmiş ərazilərdə taxıl və sairə əkilib. Lakin şahid olduq ki, Ağdam su idarəsinin rəisi Habil müəllim su artezianlarını yoxlayarkən minaya düşdü, ciddi xəsarət aldı, bir ayağı kəsildi. Yəni hər yer minalıdır, buna görə bir qədər gözləmək lazımdır. Şəxsən mən Ağdama gedəndə öz evimizə getmədim, çünki ərazi minalı idi. Bir daha təkrar edirəm ki, insanlarımız bir qədər səbirli olmalıdırlar. 30 il gözləmişik, indi 1 il, 5 ay gözləyə bilməyəcəyik?"