Deputatlar çoxsaylı təkliflərlə çıxış etdilər, baş nazir onların nəzərə alınacağını dedi
Martın 15-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Konstitusiyaya əsasən, yaz sessiyasının 5-ci iclasında Nazirlər Kabinetinin illik hesabatı müzakirəyə çıxarılır. Odur ki, iclasda baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edirdi.
Spiker Sahibə Qafarova baş nazir, hökumət üzvləri, deputatları və media mənsublarını salamladıqdan sonra giriş nitqi ilə çıxış etdi.
Bundan sonra baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatını təqdim etdi. Hökumət başçısı əvvəlcə Azərbaycanın Qarabağdakı möhtəşəm qələbəsindən sonra hesabatla çıxış etməkdən məmnunluğunu ifadə etdi və təbriklərini söylədi. Bildirdi ki, Dünya Bankının "Doing Business" hesabatına görə, Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərar tutub. Bundan əlavə, Dünya Bankının hesabatında Azərbaycan dünyanın 10 islahatçı ölkələri içərisində yer alıb. İqtisadi azadlıq indeksinə görə Azərbaycan 38-ci yerə yüksəlib. Ə.Əsədov dedi ki, pandemiya fonunda 2020-ci ildə dövlətin məşğulluq və sosial rifaha dəstək tədbirləri ölkənin 4 milyon 800 min nəfərini əhatə edib. Onun sözlərinə görə, ötən il 600 min işsiz və o cümlədən xüsusi karantin rejimi dövründə gəlirini itirmiş şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəniş edilib və bu məqsəd üçün 450 milyon manat vəsait xərclənib. Baş nazir qeyd etdi ki, 44 günlük Vətən müharibəsində şəhid olan 2881 nəfərdən 2695-nin ailələrinə 44 milyon manatdan çox sığorta ödənişi edilib və bu proses gündəlik olaraq dövlətin nəzarətindədir.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Vətən müharibəsində iştirak etmiş şəxslərə əlillik dərəcəsinin verilməsində problemlər olduğunu bildirdi: “Müharibədə iştirak edən şəxslərin çoxu kənd təsərrüfatında çalışan, torpağı, Vətənini sevən insanlar olub. Bu gün həmin şəxslərə əlillik dərəcəsinin verilməsində problemlər var. Ona görə də hökumətin bu məsələni nəzərə almasını istəyirik”.

“Yaxın müddətdə ölkəmizə 4 milyondan artıq vaksinin gətirilməsi nəzərdə tutulur”. Bunu isə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirdi. O qeyd etdi ki, pandemiya ilə mübarizədə Azərbaycan səhiyyəsi çökmədi və mübarizəni davam etdirdi: “Pandemiya ilə mübarizəyə 44 mindən çox tibb işçisi cəlb olunub. Onların arasında xarici ölkələrdən gəlmiş mütəxəssislər də var”.
Vahid Əhmədov Milli Məclisin iclasında hökumətin hesabatı barədə danışarkən Rəqabət Məcəlləsinin qəbulunun zəruri olduğunu qeyd etdi. Bildirdi ki, bu, çox ciddi qanun layihəsidir. “Bu qanunun qəbul olunması həm qiymət siyasətinə, həm də azad rəqabəti təmin edəcək. Ona görə də Azərbaycan hökumətindən xahiş edirəm ki, Rəqabət Məcəlləsinin qəbulunu sürətləndirsinlər”, - deyə, millət vəkili əlavə etdi. Millət vəkili bahalıqdan şikayətləndi: “Bazarda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri çox dözülməzdir. Qiymətlər çox bahadır. Bu qiymətlər obyektiv yox, subyektivdir. Hesab edirəm ki, Azərbaycan dövləti bununla bağlı xüsusi tədbirlər işləyib hazırlamalıdır”.
V.Əhmədov iqtisadi göstəricilər barədə danışarkən dedi ki, neft-qaz məhsullarının ixracı təqribən 90 faizdir. Odur ki, digər məhsulların istehsalı və ixracı üzərində dayanılmasını da vacib saydı. Qeyd etdi ki, 7,4 milyardlıq idxalın 1,4 milyardını ərzaq məhsulları təşkil edir. Ona görə də ərzaq təhlükəsizliyinə və Azərbaycanda ərzaq məhsullarının istehsalına ciddi diqqət yetirilməlidir. V.Əhmədov dedi ki, bir vaxt var idi vergi sistemi ilə əlaqədar sahibkarlardan çoxsaylı şikayətlər alırdıq: “Amma indi vergi sistemi ilə bağlı ciddi şikayətlər yoxdur, olan nöqsanlar da operativ həll olunur”.

Deputat bildirdi ki, bizi ən çox maraqlandıran məsələlərdən biri məhkəmə-hüquq sistemində islahatların həyata keçirilməsi, məhkəmə sisteminin tam azad olması və məhkəmə qərarlarının azad şəkildə qəbul olunmasıdır. V.Əhmədov işğaldan azad edilmiş ərazilərin bərpası məqsədilə 2,2 milyard vəsait ayrıldığını deyərək bildirdi ki, bu, çox az vəsaitdir: “Bəlkə də o əraziləri bərpa etmək üçün 10 milyarddan artıq vəsait gərəkdir”. V.Əhmədov özəl şirkətlərin də bu sahədəki bərpa prosesində iştirakını zəruri saydı.
A.Quliyev deputat seçildiyi 8 saylı Binəqədi 1-ci seçki dairəsinin seçicilərinin iki xahişini qısa formada hökumətin diqqətinə çatdırdı.
Fazil Mustafa hökumətin hesabatını müsbət dəyərləndirdi. Bildirdi ki, adətən müxalifət partiyasının təmsilçisi kimi, hökumətin hesabatına rəyi mənfi olub. “Amma bu hökumətin hesabına müsbət səs verəcəyəm”, - deyə, F.Mustafa əlavə etdi. F.Mustafa pandemiyanın yaratdığı çətinliklərlə yanaşı, son üç ayda tikinti materiallarının, ərzaq məhsullarının qiymətinin sürətli şəkildə artdığını da qeyd etdi. Bildirdi ki, pandemiyaya görə bir sıra obyektlər bağlanıb, insanlar iş yerlərini itirib. “İşsiz əhalinin sayı kifayət qədər artmaqdadır”, F.Mustafa bildirdi. Eyni zamanda qeyd etdi ki, ən çətin dönəmdə dövlət sosialyönümlü xərcləri azaltmayıb, əksinə, artırıb.
Fəzail Ağamalı bank sistemindəki narazılıqlardan bəhs etdi və bu zaman ölkə Prezidentinin bu sahə ilə bağlı tövsiyələrini də xatırlatdı. F.Ağamalı bank sisteminə rəhbərlik edənləri illərdir yüz minlərlə Azərbaycan vətəndaşını zəlil günə qoyan, ailə institutuna zərbələr vuranlar kimi xarakterizə etdi. “Bu qədər yüksək faiz, bu qədər pula hərislik hansı ölkədə var?”, deyə, sual edən deputat yeni bank binası ilə bağlı müzakirələrdən də danışdı. “Mərkəzi Bankın sədri elan edir ki, 31 mərtəbəli binanın tikintisi planlaşdırılır. Baş bankirə xatırlatmaq istərdim ki, həmin pulla 12300 yaşayış evi, bir neçə məktəb, uşaq bağçası tikib istifadəyə vermək olar”. F.Ağamalı əlavə etdi ki, bank haqqında yeni qanun qəbul edilməli, Mərkəzi Bankın bir sıra səlahiyyətləri Milli Məclisə verilməlidir. “Dünyanın böyük vəsaitləri olan böyük banklarının Azərbaycana gətirilməsinə illərdir maneələr törədilir”, F.Ağamalı əlavə etdi.

Qüdrət Həsənquliyev hökumətin hesabatında əksini tapan bəzi rəqəmlərə diqqət çəkdi. Bildirdi ki, 5400 dövlət müəssisəsi və təşkilatından 4900-ü hesabatını təqdim etməyib. “Sual olunur, 500 dövlət müəssisəsinin hesabatı niyə yoxdur?”, deputat bildirdi. Q.Həsənquliyev əlavə etdi ki, ötən il cəmi 41 hərrac təşkil olunub, özəlləşdirilən əmlakın məbləği isə 61 milyondur. “Biz vaxtilə yol xəritəsi hazırlayanda xaricdən mütəxəssislər dəvət etmişdik. Hökumət üzvləri bu istiqamətdə addım atmalıdır, utanılası, çəkinəsi bir iş yoxdur”, deputat əlavə etdi. Q.Həsənquliyev hökumətə müraciətlə sənədsiz evlərlə bağlı problemlərin həllini istədi. Bildirdi ki, Prezidentin tapşırığı olsa da, 2008-ci ildən indiyədək bu istiqamətdə addım atılmayıb. Deputatın sözlərinə görə, hökumətimiz kənd təsərrüfatı məqsədilə ayrılmış ərazilərin təyinatının dəyişilməsi məsələsində də müqavimət göstərir.
Q.Həsənquliyev büdcədən ayrılan vəsaitlərin geri qaytarılmasına da fərqli yanaşaraq dedi ki, biz büdcədən vəsait ayırmışıqsa, mütləq həmin vəsait insanlara xərclənməlidir. “Puldan istifadə olunmamasını mən düzgün saymıram və burada qürurverici heç bir şey yoxdur”, Q.Həsənquliyev əlavə etdi.
Bundan əlavə, Q.Həsənquliyev həmkarı Vahid Əhmədovun təklifini müdafiə edərək, Rəqabət Məcəlləsinə ehtiyac olduğunu söylədi.
Məlahət İbrahimqızı ölkə əhalisinin böyük hissəsini narahat edən məsələyə hökumət üzvlərinin diqqətini çəkdi: “Bu gün əlilliyin dəqiqləşdirilməsi ilə bağlı ciddi problemlər var. Hörmətli nazirimiz Sahil müəllimə əvvəlki dövrdən çox ciddi miras qalıb. Amma miras olsa da, bu istiqamətdə təcili addımlar atılmalıdır, çünki insanlarımız çox narahatdır və biz də xeyli müraciətlər alırıq”. M.İbrahimqızı qeyd etdi ki, əlilliyin təyin olunması ilə bağlı sistem asanlaşdırılmalıdır.

Deputat mənzil kirayə haqqı ilə bağlı da narahatlığını bölüşdü. Bildirdi ki, onun seçildiyi Nəsimi rayonu ərazisində, məsələn, “Xruşovka”dakı mənzillərdə kirayənin kvadratı 2 qəpikdir, yolun digər tərəfindəki yeni tikililərdə isə çox yüksək səviyyədədir, bu da sakinlərin narazılığına səbəb olur. M.İbrahimqızı sənədsiz evlərlə bağlı problemin həllinə çağırış etdi. Dedi ki, mətbuat yazılarına görə, Bakıda 500 mindən çox sənədsiz ev var: “Bu, o deməkdir ki, həmin evlər hökumətə əmlak vergisi ödəmir. Bu mənzillərin qısa müddətdə sənədləşməsi dövlət büdcəsinə çox böyük həcmdə gəlirlərin gəlməsi deməkdir”.
Sonda çıxış edən baş nazir Əli Əsədov deputatlara təşəkkür etdi. Hökumət başçısı 2021-ci ildə hökumətlə millət vəkilləri arasında sıx əməkdaşlığın davam edəcəcəyini bildirdi. Deputatların bahalaşma ilə bağlı narahatlığına reaksiya verən baş nazir dedi ki, Azərbaycan hökuməti də bu məsələni daim nəzarətində saxlayır. Əlavə etdi ki, bazarlara nəzarət xidməti gündəlik monitorinq aparır. “Çox hallarda bizlərdən asılı olmayan məsələlər də var. Bizim ticarət müttəfiqimiz olan ölkələrdə də qiymətlər artdığı üçün biz o qiymətlərə təsir edə bilmirik”, Ə.Əsədov əlavə etdi. Baş nazir dedi ki, qiymət artımına yanacağın qiymətinin artmasının da təbii təsiri var. Amma hökumətin konkret sahələrə subsidiyalar ayırdığını söylədi. Bildirdi ki, ümumilikdə 70 milyon manat subsidiya ayrılıb.
Digər təkliflərə gəldikdə, baş nazir deputatlara xitabən “sizin də, bizim də bir arzumuz olub ki, Qarabağımız azad olunsun və torpaqlarımıza böyük qayıdışı həyata keçirək”, söylədi. Ölkədə qazlaşma ilə bağlı 100 min abonentin artırılmasının nəzərdə tutulduğunu deyən Ə.Əsədov “siz tərəfdən qaldırılan məsələlərlə bağlı tezliklə cavab veriləcək”, - deyə, söz verdi.
Hesabat səsə qoyuldu və qəbul edildi.
