İqtisadçı deyir ki, neft bahalaşmasaydı, vəziyyət daha ağır ola bilərdi
Son 1 ildə dünyanı iflic edən pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirlərindən biri də ixrac gəlirlərinin azalması oldu. Mövcud vəziyyət bu ilin ilk ayları üçün də keçərlidir. Belə ki, Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, bu il yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 4 mlrd. 399,9 mln. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz azdır. Bu ilin ilk 2 ayında xarici ticarət 2,788 milyard ABŞ dolları ixracın, 1,612 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 14,2 faiz, idxal isə 9,8 faiz azalıb. Son nəticədə xarici ticarətdə 1,176 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 19,6 faiz azdır.
Əlbəttə, bu durum təkcə Azərbaycan üçün keçərli deyil. Elə qonşu Gürcüstanın da xarici ticarət dövriyyəsinin dəyəri bu ilin yanvar-fevral aylarında 1 654 milyon ABŞ dolları təşkil edib ki, sözügedən rəqəm ötən ilin eyni dövrünün göstəricisindən 12 faiz azdır. Qonşu ölkənin ixracının dəyəri 6,8 faiz azalaraq 494,7 milyon dollar, idxalının dəyəri isə 14,1 faiz azalaraq 1 159,3 milyon dollar olub.
Qeyd edək ki, mənfi saldo Azərbaycanın ötən ilki xarici ticarət balansı üçün xarakterikdir və bu qədər yüksək həddə olmasında neft qiymətlərinin də təsiri böyükdür. Çünki ölkənin ixrac səbətində neftin payı 90 faizin üzərindədir. İlin ilk rübünün sonlarına doğru isə neft qiymətlərində bir qədər artım müşahidə edilməkdədir. Hazırda dünya bazarında “Azeri Lİght” markalı neftin bir bareli 68,82 ABŞ dollarına satılır, bu da son illərin ən optimal qiymət səviyyəsidir. Neftin qiyməti ilə bağlı proqnozlar da bu il üçün ticarət dövriyyəsində mənfi saldonun minimuma enəcəyini deməyə əsas verir. Neftin 100 dollara qədər bahalaşa biləcəyini ifadə edən proqnozlar səslənməkdədir. Belə ki, qara qızılın qiymətləri 2014-cü ildən bu yana ən yüksək səviyyəyə doğru qalxır. Report.az-ın məlumatına görə, CNBC-nin efirində çıxış edən “Piper Sandler”in baş eksperti Kreyq Conson bildirib ki, hazırda enerji sektoru bütün müşahidə dövrünün ən güclü rübünü yaşayaraq ilin əvvəlindən 40 faizədək artım göstərdiyinə görə neft qiymətləri də artım üçün müəyyən potensiala malikdir: “Mən doğrudan da qarşıdakı 6-12 ay ərzində 100 ABŞ dolları rəqəmini görürəm”- deyə ekspert vurğulayıb. “Laffer Tengler İnvestment”in eksperti Nansi Tenqler də OPEC-in ən azı yayadək hasilatı sabit saxlayacağını, bununla da neftin bahalaşacağını gözlədiyini deyib: “Oktyabr ayınadək təklifin artmasını görməyəcəyik. Odur ki, neftin qiyməti asanlıqla qalxa bilər. Biz yayda 80 dollar gözləyirik ki, bu da əksər neft şirkətləri üçün nikbin proqnozdur”.
Xatırladaq ki, OPEC+ ekspertləri may ayında gündəlik neft qıtlığının 2,1 milyon barel, illik isə 1,2 milyon barel kimi pik səviyyəyə çatacağını gözləyirlər. “Bank of America Global Research”ın proqnozuna əsasən, “Brent” markalı neftin orta illik qiyməti 60 dollar təşkil edəcək, ikinci rübdə arabir 70 dollaradək qalxacaq. “SOCAR Trading”in baş satış direktoru Xəyal Əhmədzadə müsahibələrinin birində bildirib ki, “bu yay, yaxud ilin sonunadək neftin barelini 80 dollar, növbəti 18-24 ay ərzində isə 100 dollardan yuxarı görsək, təəccüb etmərəm".

Azərbaycan azalan ixrac gəlirlərini bu il həm də artan qaz ixracı sayəsində bərpa edə bilər. Belə ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan 357 692,34 min ABŞ dolları dəyərində 3 318 506,3 min kubmetr təbii qaz ixrac edib. Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu ilin ilk iki ayı ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,3 dəfəyə yaxın, həcmi isə 2,4 dəfə artıb.
Neftin artan qiymətləri adətən hökumətin iqtisadi komandasında islahatlarla bağlı bir passivlik yaratsa da, bu dəfə vəziyyətin fərqli olacağı gözlənilir. Çünki böyük qələbədən sonra hökumət həm də azad edilmiş torpaqlar hesabına iqtisadi inkişafı sürətləndirməyə köklənib. Burada da əsas hədəf istehsalın artımına nail olmaqla yanaşı, ixrac bazarlarını genişləndirməkdir. Yeni ixrac bazarlarının axtarışında isə əsas istiqamət Körfəz ölkələridir. Təsadüfi deyil ki, bu gün İqtisadiyyat Nazirliyinin yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan - Körfəz Əməkdaşlıq Şurası (KÖŞ) II biznes vebinarı keçirilib. Onlayn görüşdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən tikinti, sənaye, səhiyyə və əczaçılıq, turizm, loqistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin 70-ə yaxın nümayəndəsi iştirak edib.
Görüşdə Bəhreynin Ticarət və Sənaye Palatasının sədri Sameer Abdullah Nass ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb, yeni iqtisadi əməkdaşlıq istiqamətləri barədə fikirlərini bölüşüb. AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev də Azərbaycan və Körfəz ölkələri arasında dostluq prinsiplərinə əsaslanan siyasi münasibətlərin iqtisadi-ticarət əməkdaşlığının inkişafına zəmin yaratdığını, iqtisadiyyatın müxtəlif sahələrində intensiv inkişaf potensialını vurğulayıb, Körfəz Əməkdaşlıq Şurasına daxil olan ölkələrlə ticarət və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi isiqamətində görülən işlərdən danışıb.

Natiq Cəfərli
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli vurğuladı ki, son aylarda neftin qiymətinin yüksəlməsi müşahidə olunmasa idi, tədiyyə balansı ilə bağlı vəziyyət daha ağır ola bilərdi: “Müsbət saldonun olması belə şübhə altına düşə bilərdi. 20 faiz azalmanın əsas səbəblərindən biri OPEK+ anlaşması çərçivəsində Azərbaycanın neft hasilatını azaltmasıdır. Azərbaycan da üzərinə öhdəlik götürmüşdü, birinci mərhələdə 165 min barelə yaxın, indi isə təqribən 140 min barelə yaxın bir azalma müşahidə olunur ki, bu da xarici ticarət dövriyyəsi ilə bağlı rəqəmlərə ciddi təsir göstərir. İndiki şəraitdə neftin qiymətinin təqribən 70 dollara yüksəldiyi bir dövrdə müsbət saldonun azalması məhz hasilatın azalması ilə əlaqədardır. Digər sahələrdə ixracatda az da olsa artım müşahidə olunur. Ancaq aqrar sektorun bizim ümumi ixracatımızdakı payı o qədər kiçikdir ki, ümumi makroiqtisadi göstəricilərə o qədər də təsir göstərmir. Bu sahədə böyük potensial var, işğaldan azad olunmuş torpaqlar da iqtisadiyyata qazandırıldıqca müəyyən potensial yaranacaq. Ancaq gözləntiləri də şişirtmək olmaz, çünki aqrar sektor sıcrayışla inkişaf edən bir sahə deyil, əksinə, artım tempi üçün illər lazımdır. Bizdə problemlərdən biri də odur ki, kənd təsərrüfatı elmi-texnoloji yeniliklərə dayanmır, toxumçuluğun inkişafından tutmuş əl əməyindən istifadənin azalmasına, suvarma probleminin həllinə qədər bir çox problemlər var. bu sahənin potensialı olsa da, qısa zamanda effekt verəcəyini düşünmürəm. O baxımdan hələ uzun müddət neft-qaz sektoru ixracatda aparıcı rol oynamaqda davam edəcək”.
![]()
Enerji sektoruna gəlincə, N.Cəfərli vurğuladı ki, bu il Azərbaycanın qaz ixracı bir qədər də artacaq: “Yeni boru kəmərləri də istifadəyə verildi, həm TANAP, həm də TAP xətləri işə düşüb. ”Şahdəniz- 2" yatağından da qaz hasilatı artıb, yeni yataqların işlənməsi də gözlənilir. Ən azından “Dostluq” yatağından yaxın illərdə qaz hasilatının artacağı ilə bağlı proqnozlar var. Lakin burada bir məqam da var ki, qaz hasilatını konsorsium həyata keçirir və bu da hasilatın pay bölgüsünə əsaslanır. Qaz ixracı həcm olaraq artsa da, gəlirliliyi neftdən çox geridə qalır. Biz hələ uzun müddət hasilatın pay bölgüsü proqramına uyğun olaraq qaz gəlirlərinin bir hissəsinin Azərbaycanda qalmasının şahidi olacağıq. 7 şirkət payçıdır və əldə olunan gəlir bu şirkətlər arasında bölünür. Azərbaycan ən böyük paya sahib olsa da, lakin bir müddət qaz hasilatının artım tempi gəlirlərin artım tempi anlamına gəlməyəcək".

İqtisadçı vurğuladı ki, müsbət saldoya təsir edən amillərdən biri də idxalın azalmasıdır. N.Cəfərlinin fikrincə, idxalın azalmasında sözügedən məhsulların yerli istehsalla əvəzlənməsi ilə yanaşı olaraq, yerli bazarda tələbin azalması və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinin də rolu var: “İdxalı azalan malların strukturuna baxsaq, burada əsasən avtomobil idxalında ciddi azalma var, təxminən 20 faizdən yüksək... Əhalinin alıcılıq qabiliyyətinin azalması da idxalın azalmasında ciddi rol oynayır. Müəyyən hallarda yerli məhsulların istehsalının artması da idxalın azalmasına təsir göstərir. Ancaq hər bir halda əsas səbəb insanların gəlirlərinin azalması və alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Burada inflyasiyanın artmasının da təsiri var. Yəni gəlirlərin azalması fonunda qiymətlər da artıb, nəticədə alıcılıq qabiliyyətinin aşağı düşməsi idxalın həcminin azalması üçün əsas faktora çevrilir”.
Məlumat üçün qeyd edək ki, bu ilin yanvar -fevral aylarında ölkəyə avtomobil idxalı 18 faizdən çox, ət idxalı 23 faiz, çay idxalı 18 faiz, taxıl idxalı 77 faizdən çox azalıb. Rəqəmləri Dövlət Gömrük Komitəsi açıqlayıb. Xarici ticarətdəki müsbət saldonun 20 faizdən daha çox azalmamasının səbəbi kimi bu faktları da qeyd etmək lazımdır.
