Prezident ATƏT sədrinə nələr dedi; Deputatdan şərh: “Passivlik göstərmək beynəlxalq təşkilatların, həmçinin ATƏT-in üzərinə çox böyük məsuliyyət qoyur”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindeni və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev ATƏT sədri ilə görüşdə bir daha ölkəsinin və özünün sülhə hazır olduğunu bəyan edib. Bunu İlham Əliyev 1 dekabr 2020-ci ildə xalqa müraciətində də bəyan etmişdi. Bu dəfə bu mövqe rəsmi şəkildə ATƏT sədrinə deyildi. Sitat: “Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq. Bu, noyabrın 10-da imzalanmış Bəyanatın bir hissəsidir”. Dövlət başçısı bildirib ki, danışıqların müxtəlif səviyyələrdə artıq bir neçə mərhələsi olub: “Düşünürəm ki, məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər. Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq. Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır. Biz öz vəzifəmizi tamamlamışıq. Əraziləri azad etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in qərarlarını icra etmişik. Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik”. Prezident İlham Əliyevin təklif və üstündə israr etdiyi bu konsepsiya bölgədə əbədi sülh, inkişaf konpesiyasıdır, həmçinin Ermənistan üçün nəfəslikdir, gələcəyinin qarantiyasıdır.
Azərbaycan müharibəyə yox deyir, dünyaya və düşmənə sülh təklif edir.
Fəqət Azərbaycan Ermənistana bir xatırlatma da edir hər dəfə: Prezident Əliyev dəfələrlə bildirib ki, Ermənistan yenidən müharibə fikrinə düşsə, dəmir yumruğu başının üstündə görəcək. Ona görə də Ermənistan nə qədər gec deyil, Azərbaycanın təkliflərini qəbul etməli, sülhə gəlməli, özünün və bölgənin gələcəyinin xilas olunması üçün konkret addımlar atmalıdır. Ya sülh, ya sülh! Başqa yol yoxdur. Azərbaycanın bu mövqeyi qəti və səmimidir.
Bəs Avropa ölkələri, təşkilatları Prezident İlham Əliyevin bölgəyə təklif etdiyi sülh planının reallaşmasına hansı formada dəstək olacaqlar? Olacaqlarmı? Ermənistanın revanşist davranışlarının qarşısının alınması üçün bu dövlətə təsir rıçaqlarından istifadə etməlidirlərmi?
Elman Nəsirov
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü Elman Nəsirov “Yeni Müsavat”a şərhində bildirdi ki, münaqişənin tənzimlənməsi ilə bağlı müharibə fazasının artıq tarixdə qaldığı bir həqiqətdir: “Artıq sülh prosesinə başlanılıb. Azərbaycan dövləti, dövlətimizin rəhbəri dəfələrlə öz çıxışlarında bəyan edib ki, biz artıq regionda yeni səhifəni açırıq. Bu səhifə əməkdaşlıq səhifəsidir və Ermənistanla Azərbaycan arasında əməkdaşlıq mühitinin formalaşmasında maraqlıyıq. Elə bu məntiqdən çıxış edərək ölkəmizin Prezidenti cənab İlham Əliyev altıtərəfli əməkdaşlıq formatı da irəli sürüb ki, bu əməkdaşlıq formatında Ermənistanın da iştirakı nəzərdə tutulur. Hər şey Ermənistanın bu reallıqda davranışından asılıdır. Təsadüfi deyil ki, cənab Prezident ATƏT-in sədrini qəbul edərkən də bu məsələyə xüsusi diqqət ayırdı və qeyd elədi ki, regionun taleyi məhz sülh prosesindən asılıdır, biz sülhün tərəfdarıyıq, bu, Azərbaycan dövlətinin mahiyyətindən irəli gəlir. Daimi sülhün bərqərar olması istiqamətində addımlar atılmaqdadır. İlk növbədə üçtərəfli formatda baş nazirlərin müavinləri səviyyəsində bir neçə görüşlər keçirilib və bu görüşlərdə müzakirə olunan məsələ kommunikasiyaların bərpası ilə bağlıdır. Cənab Prezident də vurğuladı ki, kommunikasiyaların bərpası nəticə etibarilə bu regionda yeni reallıqlar yaradacaq. Təbii ki, burada suallar yaranır ki, Azərbaycan dövlətinin, onun liderinin bu sülhpərvər mövqeyi beynəlxalq təşkilatlarda necə qarşılanacaq, onlar hansı addımlar atacaqlar. Bu məsələlər çox önəmli məsələlərdir və hesab edirəm ki, ATƏT-in sədri ilə görüşün də bu baxımdan böyük əhəmiyyəti var. Qoy münaqişənin həlli missiyasını uzun müddət öz üzərinə götürmüş ATƏT, onun rəhbərliyi bir daha görsün ki, Azərbaycan 30 il ərzində də sülh prosesinə sadiq qaldı, münaqişənin sülh yolu ilə həllini istədi, lakin bu nəticə vermədiyi halda Azərbaycan yenə beynəlxalq hüququn verdiyi imkandan istifadə edərək ərazi bütövlüyünü hərbi yolla təmin etdi. Bu da beynəlxalq hüquqa uyğundur. BMT nizamnaməsinin 7-ci fəslindən irəli gəlir. Eyni zamanda Azərbaycan beynəlxalq hüquq sənədlərini, BMT TŞ-nin məlum 4 qətnaməsini, ATƏT-in qəbul elədiyi bir sıra sənədləri icra etmiş oldu. Bu, bu bir tarixi missiya idi və Azərbaycan bu missiyanı uğurla həyata keçirdi. Amma indi Ermənistanda müəyyən revanşist qüvvələr var və onlar cidd-cəhdlə çalışırlar regionda sülh prosesinin, əməkdaşlıq prosesinin qarşısını alsınlar. Bu yolla çalışırlar regionda yeni təhlükələr, yeni təhdidlər yaratsınlar. Bu isə ilk növbədə beynəlxalq təşkilatların, ATƏT-in gözündən yayınmamalıdır. Onlar bilməlidirlər ki, Ermənistandan qaynaqlanan bu qorxulu tendensiya və proses regionu yenidən çox böyük təhlükə mənbəyinə çevirə bilər və bunun bütün məsuliyyəti Ermənistanın, oradakı revanşist qüvvələrin üzərinə düşür”.
Deputat vurğuladı ki, bu baxımdan da cənab Prezidentin ATƏT sədri ilə görüşü və orada dedikləri çox böyük məna və əhəmiyyət kəsb edir: “ATƏT yerində real vəziyyəti qiymətləndirsin və görsün ki, bu prosesdə kənardan müşahidəçi qismində qalmaq, Ermənistanda gedən qorxulu, prosesləri, tendensiyaları, sadəcə, kənardan izləmək və təsir göstərməmək regionda başlanan əməkdaşlıq mühitinin pozulmasına yönəlmiş cəhdlərin qarşısını almamaq, passivlik göstərmək beynəlxalq təşkilatların, həmçinin ATƏT-in üzərinə çox böyük məsuliyyət qoyur. Onlar ən azı bu situasiyada fəal olmalıdırlar və konkret mövqe ortaya qoymalıdırlar, Azərbaycan Prezidentinin çoxtərəfli əməkdaşlıqla bağlı unikal təşəbbüsünə dəstək verməlidirlər. Çünki sülh prosesinin alternativi yoxdur. Sülh prosesinin alternativi əslində müharibədir. Müharibə isə bölgəyə yeni təhlükələr, təhdidlər gətirə bilər. Bu, nə dərəcədə ATƏT-in, digər beynəlxalq təşkilatların mənafeyinə uyğundur? Əlbəttə ki, uyğun deyil. Ona görə də indiki mərhələdə, hesab edirəm, ATƏT-in üzərinə düşən əsas məsuliyyət budur ki, Ermənistandakı gedən təhlükəli proseslərin, regionu yenidən müharibəyə yuvarlamaq kimi cəhdlərin qarşısı alınmalıdır. Onlar bilməlidirlər və Ermənistan isə nəticə çıxarmalıdır ki, dəmir yumruq yerindədir, istənilən vaxt Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı hər hansı cəhd baş verərsə, dəmir yumruqla qarşısı çox sərt şəkildə alınacaq. Azərbaycan sülhpərvər dövlətdir, sülhün təminatı üçün bütün addımları atmağa hazırdır”.
