“Pandemiya dövründə Akademik Milli Dram Teatrın onlayn tamaşalarını Moldova, Rusiya, İngiltərə, Yaponiya, ABŞ və digər ölkələrdən çoxsaylı tamaşaçılar izləyib. Aprelin sonunda teatrın onlayn tamaşalarının 60 mindən çox baxış sayı olub”.
Musavat.com bildirir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru, Xalq artisti Azərpaşa Nemətov Real TV-yə açıqlamasında bildirib. Xalq artistinin bu açıqlaması sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Artıq 1 ildir ki, fəaliyyətsiz qalan teatrların tamaşaları həqiqətən bu qədər onlayn izləyici toplaya bilirmi?
Mövzu ilə bağlı teatrşünas, jurnalist Xəyalə Rəis Musavat.com-a açıqlama verib. Teatrşünas Azərpaşa Nemətovun bu açıqlamasının tamamilə absurd olduğunu bildirdi:
“Azərpaşa Nemətovun bu dedikləri tamamilə uydurmadır. Bəli, pandemiya dövründə tamaşaların onlayn şəkildə nümayişi keçirilir. Həmin tamaşaları mən özüm də izləmişəm. Baxdığım tamaşalar haqqında deyə bilərəm ki, həmin tamaşalar həvəskarlar tərəfindən, qeyri-peşəkarcasına, yalnız mobil telefonlar vasitəsi ilə çəkilmişdi. Halbuki onlayn teatr üçün teatrlar məxsusi çəkiliş və yayım avadanlıqları ilə təchiz edilməli, tamaşa oynanılan zaman canlı şəkildə internet resurslarında yayımlanmalıdır.
Beləliklə, izlədiyim tamaşaların izləyiciləri adətən 10 nəfərdən artıq olmurdu. Hətta deyə bilərəm ki, tamaşada oynayan aktyor və aktrisaların özləri belə sosial şəbəkəyə girib, o tamaşanı izləmirdi. Sadəcə təsadüfən kimsə sosial şəbəkəyə girəndə həmin tamaşalara da girib baxırdı və bu, cəmi 2-3 dəqiqə çəkirdi. Azərpaşa Nemətov isə deyir ki, guya Yaponiyadan, Rusiyadan, Ukraynadan, ABŞ-dan belə tamaşaçılar onlayn qatılıb, tamaşalara baxıblar. Bu, tamamilə absurd bir şeydir.
Ola bilsin ki, kimsə Azərpaşa Nemətovun könlünü xoş etmək üçün belə bir məlumat verib. Amma bir daha qeyd edirəm ki, bu, reallıqdan tamamilə uzaqdır. Müraciət edib deyirəm ki, Azərpaşa müəllim, sizi aldadıblar, belə bir şey olmayıb”.
