|
Aqrar sektora elmi yanaşma:

Mürvət Həsənli: “Bu sahədə əsas uğurlardan biri ilk növbədə ölkənin ərzaq  təhlükəsizliyinin təmin edilməsidir”

Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı üçün prioritet sahə aqrar sektordur. Kənd təsərrüfatının inkişafı, dünya trendlərinə uyğunlaşmaq, xarici bazarda rəqabət qabiliyyətli məhsul istehsal etmək üçün  isə bu sahəyə elmi yanaşmaya,  müasir texnologiyaların, innovasiyaların tətbiqinə, yerli ənənənin xarici təcrübəyə uyğunlaşdırılmasına ehtiyac var. Bir çox strateji məhsullar var ki, Azərbaycanda həmin məhsul növü üzrə məhsuldarlıq , keyfiyyət göstəriciləri dəfələrlə aşağıdır. Lakin son illər bu istiqamətdə xeyli yeniliklərə imza atılıb. Xüsusən Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişiklikləri, aparılan islahatlar, yol xəritəsində nəzərdə tutulan bəndlərin həyata keçirilməsi üçün görülən işlər müəyyən qədər nəticəsini verib. Azərbaycanın xarici bazardakı mövqelərində qeyri-adi bir irəliləyiş olmasa da, daxili tələbatın yerli məhsul hesabına ödənilməsində statistika müsbətə doğru dəyişib.

Bəs görəsən, iqlim dəyişikliklərini yaşadığımız bir dövrdə, kənd təsərrüfatı məhsullarına keyfiyyət və kəmiyyət baxımından yeni tələblərin formalaşdığı bir vaxtda, dünya bazarında rəqabətin artdığı, yüksək standartların tətbiq olunduğu bir vaxtda Azərbaycanda aqrar sektora elmi yanaşma necə həyata keçirilir?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iş adamı, ölkədə ilk dəfə “erkənci bağlar” faraş meyvə bağları yaradan Mürvət Həsənli hökumətin son aqrar sektora yanaşmasında müsbətə doğru dəyişikliklər olduğunu bildirdi: “Hökumət bu istiqamətdə ilk olaraq Azərbaycanda torpaqların elektronlaşması  işini yerinə yetirdi. Bu o deməkdir ki, ölkədə bütün torpaqlar elektronlaşıb. Hansı sahədə həmin bölgəyə uyğun məhsuldarlığı yüksək olan, susuzluğa davamlı bitkilər yetişdirmək mümkündürsə, ona uyğun da böyük bir xəritə hazırlanıb. Məsələn, Göyçayda  iri nar bağlarının salınması, Gədəbəydə kartofçuluğun inkişafı, Sabirabadda qarpızın və ya pambıqçılığın inkişafı - bununla bağlı elektron xəritələr tərtib olunub. Bölgələrdə aqrar sektorun bu şəkildə inkişafı nəzərdə tutulub. Bu məsələyə elmi yanaşma var. Son illər Kənd Təsərrüfatı Nazirliyinin apardığı strateji xətt onu göstərir ki, onlar düzgün yoldadır. 2016-2020-ci illər Strateji Yol Xəritəsində kənd təsərrüfatı qarşısında qoyulan 9 əsas bəndin hamısını yerinə yetirdilər”.

Mürvət Həsənli – Yenicag.Az

 Mürvət Həsənli 

M.Həsənli hesab edir ki, əsas uğurlardan biri ilk növbədə ölkənin ərzaq  təhlükəsizliyinin təmin edilməsidir: “Ölkənin ətlə, südlə, yumurta, quş əti və sair məhsullarla təminatının 70 faiz həddinə çatdırılması nəzərdə tutulurdu. İkincisi, həmin istehsal bazarının zəncirvari istehsalını təşkil etmək idi. Kənd təsərrüfatı sahəsində zəncirvari istehsalın təşkili, kənd təsərrüfatında növbəli əkin sistemləri, istehsal olunan məhsulun dərin emalına kimi olan mərhələ... Nazirlikdəki kadr dəyişikliklərindən sonra bütün bu sahələrə elmi baxımdan yanaşıldı. Öncəki dövrdə də biz müsahibələrimizdə elmi yanaşmanın faydalarını dilə gətirirdik. Məlum olduğu kimi, pambıq sahələrinin dərmanlanması dronlar vasitəsilə həyata keçirilir, müəyyən zərərvericilərə qarşı aparılan aşılanma da dronlar vasitəsilə həyata keçirilir. Yeni texnologiyalar tətbiq edilir. Bunun nəticəsi olaraq, aqrar sektor 2020-ci ili 2 faiz artımla başa vurdu. Bu inkişaf göstərici də onu göstərdi ki, onlar doğru  yoldadır. Üstəgəl, ötən il koronavirusla bağlı, müharibə ilə bağlı, susuzluqla bağlı problemlər yaşadıq.  Problemlərə baxmayaraq, bu il 37 min ton əlavə pambığın yığılması, ümumi orta məhsuldarlığın sentner olması, quşçuluq sahəsində 105 faiz ətlə təminat, süfrə yumurtasında 107 faiz təminat - bütün bunlar elmi yanaşmanın nəticəsidir. Bundan əlavə, cənab Prezidentin sərəncamı ilə Aqrar Tədqiqatlar Mərkəzi yaradılması, bu sahədə yeni institutların formalaşdırılması da həmin sahələrin yeni elmi nailiyyətlər hesabına daha yaxşı inkişafı üçündür”.

Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov da “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, bu gün dünyanın başqa ölkələrində olduğu kimi, Azərbaycanda da yüksək məhsuldarlıq və keyfiyyət əldə etmək üçün bu sahəyə elmi yanaşmaya, texnologiyaların son nailiyyətlərini, innovasiyaları əkinçilik sisteminə, kənd təsərrüfatının digər sahələrinə tətbiq etmək zərurəti yaranıb: “Bu istiqamətdə nazirlikdə işlər gedir. Kənd təsərrüfatının müxtəlif sahələrində innovativ yeniliklər tətbiq olunur və yüksək səviyyədə nəticələr də əldə olunur. Pambıqçılıq sahəsində xarici ölkələrin təcrübəsi tətbiq olunur, Çin texnologiyası ilə, yunan texnologiyası ilə pambıq əkini həyata keçirilir. Bizim ənənəvi qaydada istifadə etdiyimiz texnologiyalarla da əkin aparılır. Müqayisəli şəkildə öyrənirik, yaxşı nəticələr var,  çalışırıq ki, bunları genişləndirək və fermerlərimiz bu innovasiyalardan istifadə etsinlər, məhsuldarlığı artırsınlar və yetişdirdikləri məhsulların keyfiyyətini yüksəltsinlər. O cümlədən istehsal xərclərini azaltmaqla daha çox gəlir götürsünlər”.

Mərkəz rəhbərinin sözlərinə görə, ölkədə kənd təsərrüfatında elmi araşdırmaların aparılması üçün çoxsaylı institutlar fəaliyyət göstərir: “Aqrar Elm və İnnovasiya Mərkəzi mandatında fəaliyyəti koordinasiya olunan 7 elmi-tədqiqat institutu, 8 regional mərkəz, 42 təcrübə təsərrüfatı var.  Aqrar Elm və İnnovasiya Mərkəzi bu institutların, regional mərkəzlərin işlərini koordinasiya edir, əldə olunan nəticələri, yenilikləri regional elm-innovasiya mərkəzləri vasitəsilə fermerlərə çatdırır. Belə bir şəbəkə yaradılıb, biz maarifləndirmə işləri aparırıq. Yenilikləri, innovasiyaları, yeni texnologiyaları fermerlərə nümayiş etdiririk. Eyni elmi tədqiqat institutlarının bölgələrdə təcrübə təsərrüfatları var. Təcrübə təsərrüfatlarında da işlər aparılır, yeni sortlar yaradılır. Azərbaycanın iqlim şəraitinə görə hər bir bölgəyə uyğun təcrübə təsərrüfatları var. Taxılçılıqla bağlı quraqlıq şəraitində, dəmyə şəraitində yetişdirmək üçün yeni sortlar yaradılır, quraqlığa davamlı, xəstəliyə davamlı sortlar əldə edilir. Pambıqçılıqla bağlı da yunanlarla bu istiqamətdə əməkdaşlıq edirik, mövcud təcrübə bazasında yeni pambıq sortunun yaradılması istiqamətində nailiyyətlərimiz var. Bizim yerli sortlar tez yetişkənliyi ilə digər ölkələrdən fərqlənir. Çünki burada günün uzunluğu məsələsi var. Azərbaycan xəritədə şimala doğru pambıq yetişdirən ən  sonuncu ölkədir, bizdə qısa vegetasiyalı  və lif sıxımı yüksək olan sortlara ehtiyac var. Ənənəvi sortlarımızın  tez yetişmə üstünlüyü var, ancaq lif sıxımı az olduğuna görə şirkətlər ona maraq göstərmirdi. İndi yunanlarla birgə lifin keyfiyyətinin artması, digər texnoloji parametrlərin yüksəldilməsi istiqamətində nəticələrimiz var. Hesab edirik ki, yaxın vaxtlarda biz özümüzü yüksək keyfiyyətli toxumla təmin edəcəyik. Onların qiyməti də fermerlər üçün çox uyğun olacaq. Yeni toxumun qiyməti də ucuz olacaq, əgər bu gün fermer kiloqramı 4 manatdan toxum alırsa, bizim toxum ondan 50 faiz ucuz olacaq. Texnoloji baxımdan, innovasiya baxımından çox istiqamətdə işlər gedir”.

İmran Cümşüdov: “Hədəfimiz ölkəni yüksək keyfiyyətli sertifikatlı toxumla  təmin etməkdir” - Modern.Az Azərbaycan və dünya xəbərləri

İmran Cümşüdov 

İmran Cümşüdov aqrar sektorun əsas problemi olan suvarma və şoranlaşma məsələsinə də toxunaraq, bunun həlli üçün də müasir suvarma texnologiyalarından istifadənin zəruri olduğunu vurğuladı: “Suvarma iqlim şəriatinə görədir. Bizim iqlim şəraitimiz elədir ki, torpaqlarımızın 70 faizində suvarma əkinçiliyidir. Torpaqlarımızın 70 faizi suvarma, 30 faizi dəmyə bölgəsidir. 70 faiz suvarmada  biz maksimum dərəcədə sudan səmərli istifadə etməliyik, çünki su mənbələrimizdə də çətinliklər var.  Ona görə bu sahədə də texnoloji yeniliklərdən istifadə etməyə çalışırıq. Damlama suvarma  sistemi var, tamburlu suvarma sistemi var. İnnovasiya sistemləri çoxdur, nazirlik olaraq biz təbliğat aparırıq ki, fermerlərimiz də bu yeniliklərdən istifadə etsinlər. Burada suvarma suyuna 30-40 faiz qənaət olunur, işçinin əmək sərfi azalır və torpaqların təkrar şoranlaşmasının qarşısı alınır. Çünki ənənəvi primitiv üsulla, selləmə üsulu ilə suvarma aparanda yüksək normalla suvarma aparıldığı üçün su hopur və torpağın dərin qatındakı duzları qaldırır. Torpaqlar təkrar şoranlaşır və torpaqlarımız məhv olur. Müasir suvarma sistemlərindən istifadə etməklə həm suya qənaət etmək, həm də torpaqların ilkin xüsusiyyətlərini qorumaq mümkündür.

Damlama suvarma, yağış yağdırma, tamburlu suvarma ilə suvaranda istənilən qata su vermək mümkündür. Çünki bitkinin kökü 20 sm dərinlikdədirsə, məhz həmin qat suvarılır, daha dərin qatlara su hopmadığı üçün şoranlaşma getmir. Bu da ən yaxşı aqromelorativ tədbirlərdən biridir".

İ.Cümşüdov onu da vurğuladı ki, innovasiyalar aqrar sektorda əl əməyindən istifadəni də azaldır: “Fermerlərimiz də yeniliklər tətbiq edirlər. Dünyanın hər yerində kənd təsərrüfatına yeni texnika tətbiq edərək əl əməyini azaldırlar. Bu da fermerin xərclərini azaldır, dolayısı ilə gəlirləri artmış olur. Ona görə də əl əməyindən maksimum az istifadə etməyə çalışmaq lazımdır. Kənd təsərrüfatında elə işlər var ki, əl əməyi olmadan mümkün deyil. Amma maksimum dərəcədə fermerlər əl əməyindən istifadə etməməyə çalışırlar. Bir gedişdə bir neçə əməliyyatı həyata keçirən texnikalar var. Məsələn, şumlayır, ardınca diskləyir, malalayır və səpini aparır. Bu 4 əməliyyatı bir gedişdə aparan aqreqatlar var. Nazirlik olaraq biz bunların təbliğatını aparırıq. Fermer bu qədər prosesi bir gedişdə həyata keçirir,  istehsal xərclərini aşağı salır, həm də qiymət baxımından rəqabət qabiliyyətli məhsul istehsal edir. Sabah bazara çıxanda da qiyməti aşağı olduğuna görə, texniki qulluğu yaxşı olduğu üçün keyfiyyəti də yaxşı olduğuna görə özünə yer tutur. Fermer də yaxşı gəlir əldə edir”.

Bu innovasiyaların tətbiqində fermerlərin nə dərəcədə maraqlı olması da önəmlidir. Mərkəz direktoru bildirdi ki, uzun illərdir ənənəvi üsulla məhsul istehsal edən fermerlər var: “Yeni yanaşmalara, texnologiyalara cəlb etmək üçün də onların düşüncəsində müəyyən dəyişikliklərə ehtiyac var. Bunun üçün nazirlik pandemiya dövrü olmasına baxmayaraq fermerlərə onlayn təlimlər keçir, eyni zamanda tarlada açıq görüşlər də keçirilir. Əyani şəkildə əkinlər aparılır, fermerlərə təlimatlar verilir, fermerlər bunu  qəbul edir, qiymətləndirir və özü yeni texnologiyaların üstünlüyünü qəbul edib bunu tətbiq edirlər. Yaxşı göstəricilərimiz çoxdur, nəticədə müxtəlif  məhsulların istehsalında artım əldə edilib ki, bu da statistikada özünü göstərir”.