Bakıda iki nəfərin qətlində ittiham olunan qardaşlara hökm oxunub. Qətl hadisəsinin namus üstündə baş verdiyi bildirilir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə ittiham edilən Sakit Hacıyev və onun qardaşı Anar Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Anar Hacıyev 19 il, qardaşı Sakit Hacıyev isə 17 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hacıyev qardaşları iki nəfəri qətlə yetirməkdə ittiham olunurlar.
Ötən il martın 6-da Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən daş karxanasında Məhəmmədi qəsəbəsində yaşayan Zərnişan Hacıyevanın cansız bədəni tapılıb. Qətlə yetirilən qadın Anar Hacıyevin arvadı olub.
Hadisədən qısa müddət sonra isə Maştağa qəsəbəsi ərazisində Natiq Talıbovun meyidi tapılıb.
Zərnişan Hacıyevanın əri Anar Hacıyev və onun qardaşı Sakit Hacıyev tərəfindən öldürülməsi müəyyən edilib.
Anar Hacıyev arvadı Zərnişan Hacıyevanın Natiq Talıbovla münasibətindən şübhələnib və hər ikisini qətlə yetirməyi planlaşdırıb.
Əvvəlcə Zərnişan Hacıyeva, daha sonra isə Natiq Talıbov qətlə yetirilib.
Hadisələrdən sonra ilk olaraq Sakit Hacıyev saxlanılıb.
Hacıyev qardaşlarına qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham elan edilib.
