|
Nazir müavini Vilayət Zahirov illik məruzəsini təqdim etdi:

Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini Milli Məclisə təqdim edib.

V.Zahirov deyib ki, ötən il ərzində Ədliyyə Nazirliyində 79.858, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 2.670 bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb. Nəticədə 76.433 akt qanunvericiliyə uyğun hesab edilib. Bələdiyyələrin fəaliyyəti ilə bağlı 3.206 müraciətə baxılmış və bu müraciətlərin 164-ü təmin və ya qismən təmin edilib. Bələdiyyə aktlarına və müraciətlərə baxılması nəticəsində qanunvericiliyin tələblərinə zidd olan 3267 bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə müraciət olunub. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1666 akt ləğv edilmiş, 1384 akt dəyişdirilmişdir. Bələdiyyələr tərəfindən təmin olunmayan 15 təklif üzrə məhkəmələrdə qaldırılmış iddialardan 2-si təmin edilmişdir. Nazirlik tərəfindən verilmiş təklif və ya iddiaların təmini nəticəsində bütövlükdə 8.217 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokolları üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilmişdir. “İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilmişdir. Həmin materiallardan 10-u üzrə cinayət işi başlanılıb”, nazir müavini əlavə edib.

V.Zahirov deyib ki, ötən il ərzində ümumilikdə, 86 maarifçilik tədbiri həyata keçirilmiş, bu tədbirlərdə 2315 bələdiyyə üzvü və qulluqçusu iştirak edib: “İl ərzində 29 metodik vəsait hazırlanaraq bələdiyyələrə çatdırılmışdır. Həmçinin bələdiyyə aktları, eləcə də müraciətlər əsasında aparılan araşdırmalar zamanı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 8.532 tövsiyə göndərilmişdir”.