|
Deputatdan bələdiyyələrə tənqid və sənədsiz evlərlə bağlı çağırış

Milli Məclisdə çıxış edən deputat Qüdrət Həsənquliyev bələdiyyələrin statusunun az olduğu barədə əvvəllər də dəfələrlə mövqeyini çatdırdığını xatırlatdı.

Deputat bildirdi ki, bələdiyyələrə yerli dövlət hakimiyyəti statusu verilməlidir: “Azərbaycanda bələdiyyələr 1999-cu ildə yaradılıb, hələ də deyirik ki, bu, yeni yaradılan qurumdur. Bunun nəyi yeni yaradılan qurum oldu, artıq 22 ildir yaradılıb. Zaman da göstərdi ki, bu məsələdə ciddi islahatlara aparılmasına ciddi ehtiyac var”.

Q.Həsənquliyev bələdiyyələrin adının çox zaman neqativ işlərdə hallandığına da diqqət çəkdi: “Bu gün ölkədə bəzi rəqəmlərə görə 600 min, bəzi rəqəmlərə görə, 450 min qanunsuz tikinti yerləri var. Onların əksəriyyəti bələdiyyələrin qanunsuz satdığı torpaq sahələrində tikilib”.

Deputatın sözlərinə görə, dövlət başçısının mübvafiq qərarı və iradəsi olduğu halda, hələlik qeydiyyatsız evlərin qeydiyyatı ilə bağlı problem həll olunmayıb.

Q.Həsənquliyev qeyd etdi ki, qanunsuz tikililərlə bağlı bələdiyyələrin və müvafiq dövlət qurumlarının da məsuliyyəti var. “Aztəminatlı insanlar heç olmasa özlərinə mənzil tikə biliblər, ancaq heç olmasa onları rəsmiləşdirmək lazımdır”.

Deputat bildirdi ki, bələdiyyələr yerli hakimiyyət orqanlarının bir sektoru statusundadır, ona görə də onların statusuna yenidən baxmaq lazımdır.