Deputat Əli Məsimli Milli Məclisin plenar iclasında çıxış edərək, Novruz Bayramı öncəsi müşahidə olunan bahalaşmaya diqqət çəkdi. “Yanvarın 5-də benzinin qiyməti cəmi 10 qəpik artdı, amma ondan sonra az qala hər gün qiymətlərdə 10-15 qəpiklik artım olur. İş adamları bu artımı hər gün həyata keçirirlər. Bu, kiçik rəqəm olsa da, üst-üstə yığılır”, deyən Ə.Məsimli vəziyyətdən narahatlığını bölüşdü.
“Mən istərdim ki, Azərbaycan xalqının bütün təbəqələrinin Novruz bayramında süfrə açmaq imkanı olsun. Dünyada bayramlar zamanı qiymətlər kəskin şəkildə aşağı düşür. Ancaq onlar uduzmurlar, dövriyyədən udurlar, dövriyyəni dəfələrlə artırmaqla daha çox qazanırlar”, Ə.Məsimli əlavə etdi. Sonda deputat işbazları Novruz bayramında qiymətləri qaldırmamağa çağırıraraq əlavə etdi ki, hazırkı durumda monopoliyanın qarşısını almaq, məhsul bolluğuna nail olmaq lazımdır.
