|
Badamdarda sürüşmə: İH başçısı gəldi, nazirlik açıqlama yaydı

Səbail rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov sürüşmə hadisəsi baş verən əraziyə gəlib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, icra hakimiyyətinin başçısı hadisə zamanı zərər dəyən obyektlərə baş çəkib.

Vüqar Zeynalov APA-ya açıqlamasında bildirib ki, Badamdar qəsəbəsi ərazisində yerləşən sürüşmə zonasında yenidən aktivləşmə olub.

Badamdar qəsəbəsində baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin qrup rəhbəri Rafiq Həsənov açıqlama verib.

APA bildirir ki, Rafiq Həsənov Badamdar sürüşmə sahəsinə baxış keçirildiyini bildirib: “Əraziyə baxış zamanı məlum olub ki, 28 yanvarda baş verən sürüşmə hadisəsi nəticəsində axıb gəlmiş sürüşmə kütləsinin təbii amillər, əsasən də son zamanlar atmosfer yağıntıların nəticəsində yerinin dəyişməsi qeydə alınıb. Əslində qruntun yer dəyişməsi ümumilikdə sürüşmə prosesini aktivləşməsi kimi qiymətləndirilməməlidir. Bu sadəcə dayanıqlılığı pozulmuş süxur kütləsinin yer dəyişməsi kimi qiymətləndirilir”.