|
Bakıda qadını şantaj edən şəxslərin işi-

Bakıda qadını şantaj edərək pul tələb edən şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

 Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə suçlanan Ramil Tofiq oğlu Fətəliyev və Əli Ərəstun oğlu Hacıyevin cinayət işi üzrə məhkəmə araşdırması baş tutub.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, iş üzrə əsas şahidlərdən biri məhkəməyə gəlmir. Onun barəsində məcburi gətirilmə qərarı çıxarılsa da ölkə ərazisində tapılması mümkün olmayıb.

Məhkəmə onun ifadəsinin elan edilməsini təklif edib. Təqsirləndirilən şəxslərin vəkili bildirib ki, həmin şahidin dindirilməsi vacibdir və buna görə aidiyyəti qurumlara yenidən müraciət edilməlidir.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Xətai rayonu ərazisində gənc qadını şantaj edərək ondan külli miqdarda pul və əmlak tələb ediblər. Adıçəkilən şəxslər qadından külli miqdarda pul alarkən cinayət başında yaxalanıblar.

Ramil Fətəliyev və Əli Hacıyevin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.