Uşaqları “virtual bomba”dan necə qoruyaq - ekspert rəyi
Azyaşlılar son bir ildə təhsili internetdən alır, amma tələlərə də düşür - çarə nədir?
Son bir ildə uşaqlarımızı internetə daha çox etibar etmişik. Məhz bunun sayəsində indi onların təhlükəsizliyi bizim prioritet məsələmiz olmalıdır. Bəli, onlar əllərində telefon, “bütün dünyanı gəzib dolaşırlar” və bu zaman qarşılarına bizim arzulamadığımız, istəmədiyimiz məlumatlar, foto-videolar da çıxa bilər. Bəs bu prosesi necə tənzimləməli? Onlayn dərslər, distant təhsil uşağın internetlə maksimum ünsiyyətini mütləq edir. Bu halda nə etməli?
Uşaqları internetdən belə qoruyaq - nəzarət, yoxsa açıq ünsiyyət?
Uşaqlarınızın internetdə təhlükəsizliyini təmin etmək üçün sizə kömək edə biləcək 5 üsul
Açıq ünsiyyət vasitəsilə onları qoruyun.
Uşaqlarınızla onların kiminlə və necə ünsiyyət qurduqları barədə, dürüst dialoq aparın. Uşaqlarınızın qarşılıqlı mehriban əlaqələrin dəyərini dərk etdiklərinə əmin olun. Belə əlaqələrdə ayrı-seçkilik və ya nalayiq ünsiyyət heç vaxt məqbul ola bilməz. Uşaqlarınızın belə hallarla üzləşdiyi təqdirdə, onları bu barədə dərhal sizə və ya etibar etdikləri böyüyə məlumat verməyə təşviq edin. Uşağınız internetdəki fəaliyyətləri nəticəsində məyus və özünə qapalı görünürsə və yaxud kiberbullinq ilə üzləşirsə, siz ayıq-sayıq olun. Cihazlardan necə, nə vaxt və harada istifadə edə biləcəkləri barədə, qaydaları müəyyən etmək üçün, uşağınızla birlikdə iş aparın.

Uşaqlarınızı qorumaq üçün texnologiyadan istifadə edin.
Uşağınızın cihazında ən son proqram təminatı və antivirus proqramlarının quraşdırıldığından və məxfilik parametrlərinin düzgün nizamlandığından əmin olun. Veb-kameraları istifadə etmədikdə onları qapalı saxlayın. Kiçik yaşlı uşaqlar üçün, təhlükəsiz axtarış daxil olmaqla, valideyn nəzarəti kimi alətlər internetdən istifadə təcrübəsinin müsbət olmasına kömək edə bilər. Pulsuz internet təhsil resursları ilə ehtiyatlı olun. Uşağınız bu resurslardan istifadə etmək üçün heç vaxt öz şəklini və ya tam ad və soyadını təqdim etməməlidir. Məlumatların toplanmasını minimuma endirmək üçün məxfilik parametrlərini yoxlamağı unutmayın. Uşağınıza, xüsusilə tanımadığı yad insanlara şəxsi məlumatları açıqlamamağı öyrənməyə kömək edin.

Uşaqlarınızla internetdə vaxt keçirin.
Uşağınızın dostları ilə, ailəsi və sizinlə qarşılıqlı təhlükəsiz və müsbət onlayn əlaqəsi üçün imkanlar yaradın. Digər insanlarla ünsiyyət indi həmişəkindən daha vacibdir və bu sizin “qarşılıqlı virtual əlaqələrinizdə” xeyirxahlığı və empatiyanı modelləşdirmək üçün əla bir fürsət ola bilər. Uşağınızın COVİD-19 virusu ilə əlaqədar narahatlıqlarını gücləndirə biləcək dezinformasiyanı və uyğun olmayan məzmunu tanımasına və ondan kənar durmasına kömək edin. UNİCEF və Ümumdünya Səhiyyə Təşkilatı kimi etibarlı təşkilatların bir çox rəqəmsal resursları sizin uşağınızla birlikdə virus haqqında məlumatlar əldə etməyiniz üçün istifadəyə verilib. Uşağınızın yaşına uyğun proqram tətbiqlərini, oyunları və digər internet əyləncə vasitələrini müəyyən etmək üçün uşağınızla vaxt keçirin.
Uşaqlarınızı internetdə sağlam vərdişlərə təşviq edin.
İnternetdə və videozənglər zamanı uşağınızı yaxşı davranışa təşviq edin və ona nəzarət edin. Uşaqlarınızı sinif yoldaşları ilə münasibətlərdə nəzakətli və ehtiramlı olmağa, eləcə də geyindikləri paltarlara fikir verməyə və yataq otaqlarından görüntülü video zənglərə qoşulmaqdan çəkinməyə təşviq edin. Kiberbullinq və ya nalayiq internet məzmunla rastlaşdıqda, bu haqda məlumat vermək üçün məktəb siyasəti habelə çağrı və dəstək mərkəzlərinin telefon xətləri ilə tanış olun. Uşaqlar internetdə daha çox vaxt keçirdiyi üçün onlar daha çox reklamlara məruz qala bilərlər ki, bunlar da qeyri-sağlam qidanı, gender stereotiplərini və ya yaşa uyğun olmayan materialları təbliğ edə bilər. Onlara internet reklamlarını tanımaqda kömək edin və gördüyünüz bəzi mənfi mesajların xətalı tərəflərini, uşaqlarınızla birlikdə araşdırmaq imkanından istifadə edin.

Onlara əylənmək və özlərini ifadə etmək imkanı verin.
Uşaqlarınızın vaxtlarını evdə qalaraq keçirməyi, onlara internetdə öz fikirlərini paylaşmaq və bu böhranda ehtiyacı olanları dəstəkləmək məqsədilə səslərini ucaltmaq üçün gözəl fürsət ola bilər. Övladınızı, uşaqlar üçün internetdə idman təmrinlərinə dair videolar və fiziki hərəkət tələb edən videooyunlar kimi rəqəmsal vasitələrdən faydalanmağa həvəsləndirin. Mümkünsə, evdən kənar vaxt daxil olmaqla, onlayn istirahətinizi internetdən kənar fəaliyyətlə tarazlaşdırmağı unutmayın.
Uşaqlar “canlı bombalar”a əmanət edilib
Uşaqlarımızı sanki “canlı bombalar”a əmanət etmişik. Əllərində telefon, internetə çıxış və yaşlarına uyğun olmayan, tərbiyələrini pozacaq videolar, fotolar seli... Təbii ki, bir çox valideynlər övladları bu tələyə düşməsin deyə zərərli saytlara girişi məhdudlaşdırıblar. Amma bəzən çox güvəndiyimiz YouTube-da belə əxlaqsız qadınların səs yazıları daxil olan videolar, senzuradan kənar söhbətlər, görüntülər yer alır.
Amma ümumən bu saytda pornoqrafik görüntülərlə qarşılaşa bilməzsiz. Fetiş məzmunlu videolar sözügedən aksiyanın şiddətinə görə saytdan çıxarıla bilər və bu videolara yaş məhdudiyyəti qoyula bilər. Bir çox hallarda şiddət məzmunlu, vizual baxımdan narahatçılıq yaradan, eləcə də insanları alçaldan fetiş məzmunlu videoların YouTube-da göstərilməsinə icazə verilməz.
Çılpaqlıq və ya başqa bir cinsi məzmun tərkibli bir videonun yayımına ancaq elmi, sənədli film və ya sənət məqsədilə çəkilibsə, icazə verilə bilər. Və ya çox açıq deyilsə, narahat etmirsə, bu halda da mümkündür. Məsələn, döş xərçəngi ilə bağlı bir sənədli filmin yayımında heç bir problem yoxdur. Videonun başlığında və məzmun yerində onun təqdimatının məqsədini açıq şəkildə qeyd etsəniz, heç bir problem yaranmayacaq.
Yaş məhdudiyyətli, nifrət yayan videolar - uşaqları onlardan necə uzaqlaşdıraq?
Videolar cizgini aşmadığı, amma yenə də cinsi məzmun əhatə etdiyi zaman yaş məhdudiyyəti qoyula bilir. Çılpaqlıq və ya dramatikləşdirilmiş cinsi münasibət məzmunlu videolar sənədli, elmi məzmunda olsa belə, ona yaş məhdudiyyəti qoyulmalıdır. Üzərində çox az və ya bədəni nümayiş etdirən geyim olan fərdlərin olduğu videolar da təhrikedici xarakterlidirsə, ona yaş məhdudiyyəti gətirilməlidir.

Əgər baxdığınız hansısa video bu əlamətləri özündə əks etdirirsə və yaş məhdudiyyəti yoxdursa, bu halda saytın “videonu işarələ” bölməsindən işarələyib, bu barədə sayt rəhbərliyinə xəbərdarlıq edə bilərsiz. Yaş məhdudiyyəti olan videoları ümumən görmək istəmirsizsə, saytın “məhdud mod” (türkcə buna “kısıtlı Mod” deyilir) xüsusiyyətini aktivləşdirməyə cəhd edə bilərsiniz.
YouTube saytının rəhbərliyi eyni zamanda elan edir ki, insanların sərbəst danışma azadlığını təşviq edir və populyar olmayan baxış bucaqlarını ifadə etmə haqqını müdafiəyə çalışsa da, nifrət dolu nitqə əsla icazə vermirlər. Nifrət aşağıdakı kimi müəyyən xarakterlərə istinad edərək, fərdlərə və qruplara qarşı nifrət oyandırmağı özünə məqsəd seçən və ya şiddəti təşviq edən məzmundur.
İrq və ya etnik kök, din, fiziki qüsur, cinsiyyət, yaş, əsgərlik durumu, cinsi kimlik, oriyentasiya.
Bu arada unutmayın ki, kobud və ya aşağılayıcı bütün ifadələr nifrət xarakterli qəbul edilməyə də bilər. Amma hansısa bir insanın paylaşımından narahatlıq keçirirsinizsə, sözügedən istifadəçini əngəlləyə bilərsiniz. Bu videonun ümumən saytdan kənarlaşdırılmasını istəsəniz, onu işarələyərək, məqsədinizə çata bilərsiniz.
Təhlükəli, uşaqların tərbiyəsini, insanların psixikasını, əsəbini pozan, eləcə də terrora çağırış xarakterli bütün paylaşımlar üçün yuxarıda dediyimiz tədbirlər görülə bilər. Xüsusən son illər şiddət xarakterli videoların sayı artdığı üçün saytın rəhbərliyi dərhal bunu yayanların bloklanmasına, ya da bir müddət bloklanmasına qərar verir.
Video yayılıb, mübarizəni necə aparaq?
İnternetdə filtrasiya sistemi internet servis təminediciləri vasitəsilə Amerika, Kanada, Avropa ölkələri, Orta Şərq ölkələri və bəzi Uzaq Şərq ölkələrində həyata keçirilməkdədir. Demək olar ki, hər ölkənin həssaslıqla üzərində dayandığı bu məqam xüsusən filtrasiya prosedurunun uşaq pornosu üçün həyata keçirilməsidir. Xüsusən Avropa ölkələrində bənzər prosedur polis və ya telekommunikasiya sahəsində tənzimləyici qurumların yönləndirilməsi ilə, amma qeyri-hökumət təşkilatları, ya da könüllülər vasitəsilə həyata keçirilir.
İnternetdə “uşaq pornoqrafiyası” filtrasiyası inkişaf etdirildi. İsveçin ən böyük iki internet təminedicisi “uşaq pornoqrafiyası filtrasiyası” yaradıb. “Teliasoner”a və “Telenor” şirkətləri filtrasiyanın polisin qeyri-qanuni adlandırdığı saytlara girişi əngəllədiyini açıqlayıb. Bu cür saytlara girmək istəyənlər polisin xəbərdarlığının yer aldığı bir sayta yönləndiriləcək. Polis isə qeyri-qanuni saytların siyahısının daim yeniləndiyini və bunları günlük olaraq internet təminedici şirkətlərə göndərdiyini açıqladı.
Daha bir nümunə. Braziliya məhkəməsi internetin ən böyük video portalı YouTube Ronaldonun keçmiş arvadına aid cinsi məzmunlu görüntüləri portaldan çıxarana qədər qapatmaq qərarı alıb... “Real” Madridin sabiq futbolçusu Ronaldonun eks həyat yoldaşı, məşhur maneken Daniela Cicarelli sevgilisi Tato Malzoniylə sahildə səmimi görüntülərinin yer aldığı videonun yayımlanması üzərinə keçdiyimiz aylarda Braziliya məhkəməsinə müraciət edərək, YouTube-u məhkəməyə verib. Videogörüntülərini yayınladığı hər gün üçün video portalından 116 min dollar tələb edən və görüntülər yayımdan çıxarılana qədər YouTube-un qapanmasını tələb edən Cicarelli üçüncü məhkəmədən sonra bu görüntülərin yayımdan çıxarılana qədər YouTube-a qapatma cəzası verilib.
YouTube-a hər dəqiqə ümumilikdə 100 saat uzunluğunda video yüklənir. Dünyadakı ən qədim pişik videosu 1894-cü ilə aiddir və Youtube-a yüklənib. YouTube-da ən çox baxılan video “Gangham Style”dır. YouTube ulduzu “Grumpy Cat”, 2014-cü ildə Oscar mükafatı qazanan Qvinet Patroudan daha çox pul qazanıb. Youtube-da ən az bəyənilən video (ən çox dislike alan) Castin Biberin “Baby” mahnısıdır - 4,400,000 dislike alıb. YouTube-un Los Ancelesdə “Production Space” bölümü var. Kanalınızın 10 mindən artıq üzvü olduğu zaman onu istifadə edə bilərsiniz. Bundan başqa, YouTube-dakı ən populyar videonun 60 faizi Almaniyada blok edilib.
