|
Pandemiya mühacirətə gedənlərin ayağını “bağlayıb”

Son zamanlar dünyada, o cümlədən Azərbaycanda mühacir axınında kəskin azalma müşahidə olunur. Koronovirus pandemiyası başlayandan sonra bu proses demək olar ki, dayanıb.

Dünyanın konflikt yaşanan yerlərində də digər ölkələrə axın edilmir. Bu da daha çox pandemiya ilə bağlı sərhədlərin bağlanması ilə əlaqədardır.

Amma bununla belə, bu prosesin Azərbaycanda və digər ölkələrdə xaricə axının qarşısını alıb-almadığı, bu istiqamətdə hansı işlərin görüldüyü müzakirə mövzusudur.

AĞ Partiya başqanının köməkçisi, partiyanın idarə heyətinin üzvü Mətləb Aslanov dedi ki, təbii olaraq  pandemiya dövründə sərhədlər bağlı olduğu üçün mühacirət də dayanıb: “Bu təkcə bizim ölkəyə deyil, digərlərinə də aiddir. Əslində bu müvəqqəti dayanmadır. Problem aradan qalxandan sonra yenə başlayacaq. Əgər ölkəmizdən mühacir axınının qarşısını almaq istəyiriksə, daha köklü addımlar atmalı, bu istiqamətdə ciddi islahatlar aparmalıyıq. Təəssüflə onu qeyd edək ki, mühacir axını daha çox gənc nəslə aiddir. Bu da istənilən dövlətin gələcəyini təhlükə altına qoyur. Həm də burada beyin axını baş verir. Avropada konfliktli olan yerlərdən, eləcə də digərlərindən mühacir axını dayanıb. Bir çox xarici ölkələrdə sərhədlərin bağlanmasına bir növ pandemiya bəhanə oldu. Çünki həmin ölkələr pandemiyadan öncə də mühacir axınının əleyhinə idilər. Hətta bəzi Avropa ölkələri Avropa Birliyinin sanksiya hədələrinə baxmayaraq, mühacirləri ölkələrinə buraxmayacaqlarını bəyan etmişdilər. Düşünürəm ki, mühacirətə meyl edənlərin qarşısını almaq üçün ilk növbədə, sosial, siyasi və iqtisadi yöndə olan problemləri aradan qaldırmaq lazımdır. Amma az templə olsa da, əbədiyyən bir ölkədən digərinə köç etmə halları olacaqdır”.

ce6dde36-d4bd-4922-94eb-b4a1ea613eab.jpg (104 KB)

AĞ Partiya funksioneri Azərbaycanda partiyaların insanları mühacirətə göndərməsindən də danışdı: “Partiyalardan gedənlər siyasi mühacir sayılırlar və onların getdikləri ölkələrdə əsaslandırmaları digərlərindən fərqli olaraq asan olur. Burada da hökumət əsas olan səbəbləri aradan qaldırmalıdır. Çünki hansı ölkələrdə bu və ya digər səbəblərdən Azərbaycanın adı ”qara siyahı"ya salınıbsa, burada həmin ölkələrə siyasi mühacir statusunda getmək daha uyğun olur. Gedən də o qədər çətinlik çəkmədən istəyinə nail olur. Bu baxımdan siyasi islahatlar olmalıdır. Beynəlxalq təşkilatların hesabatlarında daha yüksək yerlərə qalxmaq lazımdır ki, sui-istifadə hallarına yol verilməsin, həm mühacirlər, həm də partiyalar tərəfindən".

AMİP-in qurultayı onlayn keçirilə bilər - Əli Orucov - Modern.Az Azərbaycan  və dünya xəbərləri

AMİP katibi Əli Orucov: “Pandemiya dünyada yeni münasibətlər, yeni yanaşmalar və baxışlar formalaşdırdı. Qlobalizmin müəyyən qədər qarşısını aldı və öz sərhədləri daxilinə çəkdi. Ölkələrə giriş-çıxış məhdudiyyətləri qoyuldu. Təbii ki, bütün bunlar miqrant axınına da ciddi təsir göstərdi. Sərhədlərin bağlanması və sərt nəzarət insanların yerdəyişməsinin qarşısını aldı. Odur ki, Qərbə yüksək həyat tərzi və yaşamaq üçün gedənlərin qarşısı alındı. Düşünürəm ki, bu vəziyyət uzun müddət davam edəcək. Çünki pandemiya səbəbindən ciddi sıxıntılar keçirən Qərb dövlətləri miqrant axını ilə özlərini yükləmək istəmir. Amma şərait dəyişən kimi, miqrantların sayı da artacaq. Həm də ona görə ki, Afrikada və Rusiyada sosial iqtisadi vəziyyət daha da pisləşib. Azərbaycanda da analoji vəziyyət yaranıb”.

yegane.jpg (67 KB)

Avropa İttifaqı üzrə ekspert Yeganə Hacıyeva miqrant axınının dayanmayacağını düşünür: “Avropa Birliyi və birlikdaxili sərhədlərin pandemiya səbəbi ilə bağlı olması, Avropaya miqrant köçünü üçdə dəfə azaldıb, amma axının qarşısı tam almayıb. Ümumiyyətlə isə miqrant axınının tam dayanması mümkün deyil, tarixin bütün dönəmlərində miqrasiya olub, var və olacaq. Avropa üçün də koronavirus fonunda nə miqrasiya problemi, nə də miqrantların problemləri aradan qalxmayıb, sadəcə, müvəqqəti olaraq arxa plana keçib. Pandemiya və ondan sonrakı nəticələr dünyadakı bütün insanların həyatını dəyişdirdi və çətinləşdirdi. Amma bəzi qruplar var ki, onların həyatını dözülməz etdi, bu qruplardan biri məhz miqrant düşərgələrində yaşayan insanlardır. Pandemiya dövründə Avropaya köç etməyə can atan insanlar əvvəlki illərdəki kimi daha çox hərbi qarşıdurmalar gedən ölkələrdən deyil, əksəriyyəti daha çox iqtisadi tənəzzül yaşayan ölkələrdəndir. İndi onlar üçün tək məhdudlaşdırıcı amil Avropa Birliyinin daxili sərhədlərinin bağlı olmasıdır, birliyin sərhədlərində qitəyə girişi gözləyən miqrant ordusu var ki, sərhədlərin açılması ilə Avropanı yeni böhran qarşısında qoya bilər. Avropa İttifaqı ilə Azərbaycan arasındakı razılaşmalar son bir neçə ildə Azərbaycandan Avropaya miqrasiya axınını zəiflədib, qeyri-qanuni miqrasiya mexanizmlərini sıradan çıxarıb. Bura, əlbəttə, bir sıra müxalif siyasi partiyaların, müxtəlif psevdo insan haqları müdafiəçilərinin mühacirət biznesinin daxildə və xaricdə ifşası faktları da təsir etdi. Miqrantların Avropada siyasi qrupların təsiri altına salınması, piket, mitinq və digər tədbirlərdə iştiraka məcburiyyət, sosial media ”qəhrəmanlarını" təbliğ etməyə məcburiyyət və s. problemlərlə üzləşmələri haqqında məlumatlar istər daxildə, istərsə də xaricdə yerli hüquq-mühafizə orqanlarında araşdırıldı. Avropada Yaxın Şərqdən olan miqrantlara qarşı əhval-ruhiyyə, islamafob siyasət, əlbəttə, Avropaya getmək istəyən Yaxın Şərq miqrantlarına təsir edib. Bura həm də onu əlavə etməliyik ki, Avropada son illərdə siyasi qruplar arasında daha çox millətçilik, dini ayrı-seçkilik və s. kimi təmayüllər daha populyardır. Siyasi liderlər radikal millətçi mövqe sərgiləyirlər və bu da miqrantlar üçün cazibədar olan liberal Avropa dəyərlərinin sarsılmasına səbəb olub. Bir çox ölkələrdə hakimiyyətdə liberal dəyərləri daşıyıcısı olan siyasi qrupları radikal millətçilik üstələdi. Bu proses Avropanın özünə böyük problemlər gətirə bilər. Əlbəttə, bunun məntiqi əsasları var idi. Avropa son 10 ildə böyük miqrant axınından, xüsusilə də qanunlara məhəl qoymayan, radikal əhval-ruhiyyəli ərəblərin gəlişindən ciddi narahatlıq keçirdi. Bunun təsiri altında Avropada özünüqoruma instinkti kimi millətçilik əhvalı baş qaldırır. Pandemiyadan sonra miqrant axını davam edəcək, amma bu, daha öncəki illərdəki kimi aktiv və çoxmilyonluq olmayacaq".